Koreya Respublikası Cənubi Qafqazda sülh prosesini böyük maraqla izləyir.
Aznews.az xəbər verir ki, bunu Cənubi Koreyanın Azərbaycandakı səfiri Kan Kim Qu ilk Koreya dövləti olan Koçosonun yaradılmasının 4358-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
O, Cənubi Koreyanın Azərbaycandakı diplomatik missiyasının Bakının regionda davamlı sülhə nail olmaq əzminin şahidi olduğunu bildirib.
"Koreya yarımadasında təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində daim çalışan ölkə kimi Koreya Respublikası regionda sülh prosesini böyük maraqla izləyir", - səfir vurğulayıb.
Diplomat qeyd edib ki, Azərbaycana gələn koreyalıların sayının artması sevindiricidir. Onun sözlərinə görə, 2025-ci ilin avqust ayına qədər artıq 10 mindən çox koreyalı turist ölkəyə səfər edib.
Kan Kim Qu azərbaycanlıların Koreya mədəniyyətinə və dilinə marağının artdığını da vurğulayıb: "Bakıda gəzərkən azərbaycanlılar məni tez-tez Koreya dilində salamlayırlar. İyirmi il əvvəl bu şəhərin küçələrində Koreya dilində salam eşitməyi ağlıma gətirməzdim, amma bu gün daha çox azərbaycanlı dostumuz Koreya mədəniyyətinə maraq göstərir".