AZ

Coğrafi baxımdan uzaq, mənəvi cəhətdən yaxın olan ölkələr

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella mətbuata bəyanat vermişlər.

Azərbaycan Prezidentinin çıxışı iki ölkə arasında əməkdaşlığın bugününü və gələcək perspektivlərini müəyyənləşdirən mühüm mesajlarla zəngin idi.

Ölkəmizin başcısı İtaliya Prezidentini salamlayaraq vurğulayıb ki, bu səfər İtaliya‑Azərbaycan əlaqələrinin yalnız rəsmi görüş səviyyəsini yox, həm də strateji tərəfdaşlıq mərhələsini keçdiyini göstərir. O qeyd edib ki, bu iki ölkə arasında 2015‑ci ildə ilk strateji sənəd imzalanıb və daha sonra “Hərtərəfli Strateji Tərəfdaşlıq” haqqında birgə bəyannamə qəbul edilib. Bu sənədlərin reallaşması qarşılıqlı əlaqələrin müxtəlif sahələrdə genişlənməsinə zəmin yaradıb.

 Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışı zamanı bildirdi ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və ticarət dövriyyəsi ildən‑ilə artır. Energetika sahəsinə toxunan cənab Prezident həmçinin qeyd etdi ki, Azərbaycan nefti və qazı İtaliyaya ixrac edilir, bu da Azərbaycanın beynəlxalq bazarlardakı mövqeyini gücləndirir. Prezident əlavə edib ki, hazırda Avropa İttifaqına elektrik enerjisinin ixracı planlaşdırılır, elektrik xətlərinin çəkilməsi və texniki‑iqtisadi əsaslandırmanın hazırlanması mərhələsindədir. O, TAP (Cənub Qaz Dəhlizi) layihəsinin və elektrik enerjisi ixracının ölkəmizin regional enerji tranzitində rolunu daha da genişləndirə biləcəyini vurğulayıb.

Təhsil və mədəni əlaqələr də Prezident cənab İlham Əliyevin bəyanatında önəmli yer tutdu. O qeyd etdi ki, səfər çərçivəsində İtaliya‑Azərbaycan Universitetinin açılışı planlaşdırılır. Bu universitetin fəaliyyəti iki xalq arasında dostluq bağlarını daha da möhkəmləndirəcək. Prezident vurğuladı ki, gələcəkdə bu sahələrdə əməkdaşlıq daha da dərinləşəcək və təhsilin inkişafına yeni töhfələr verəcək.

Dövlət başcısının bəyanatında İtaliyanın, eləcə də Avropa İttifaqının Azərbaycana qarşı dəstəyinin önəmi ayrıca qeyd edildi: İtaliya Azərbaycanın Avropa məkanında əlaqələrini inkişaf etdirməsinə açar rol oynaya bilər. Bu, Azərbaycanın Avropaya inteqrasiyasını sürətləndirməyə önəmli təkan verəcək.

Bu bəyanat yalnız formal diplomatik nitq deyildi, onun arxasında konkret strateji niyyətlər: enerji tranzit rolunun genişləndirilməsi, çoxşaxəli əməkdaşlığın inkişafı və Avropa ilə inteqrasiyanın sürətləndirilməsi məsələləri öz əksini tapdı:

 Azərbaycan   Prezidentin çıxışı bu istiqamətlərdə irəliləyiş üçün siyasi mesaj rolunu daşımaqla yanaşı, hər iki ölkənin dostluğa, strateji əməkdaçlığa söykənən gələcək əlaqələrinin davamlı inkişafına yeni bir çağırış oldu.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Seçilən
5
1
yeniazerbaycan.com

2Mənbələr