Əli Orucov: “Bizim hansı seçim edəcəyimizin Vodolatskiyə nə dəxli var?”
“Hazırda Azərbaycan, Ermənistan və Gürcüstan Avropa İttifaqının (Aİ) diqqət mərkəzindədir”. Bunu Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski deyib.
Rus deputat Avropanın postsovet ölkələrində mənəvi dəyərləri məhv etməyə çalışdığını söyləyib və Cənubi Qafqaz ölkələrinin Avropa ilə yaxınlaşmasını tənqid edib: “Ermənistan və Azərbaycan bir zamanlar Ukraynanın etdiyi hərəkətləri təkrarlayırlar, onlar elə eyni nəticəyə məruz qalacaqlar. Ukrayna hadisələri region ölkələri üçün nümunə olmalıdır”.
Bir vaxtlar Dumanın MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini postunu tutan deputat Konstantin Zatulin Azərbaycana iftira atırdı, indi onun yerini tutan Vodolatski belə sərsəm fikirlərlə çıxış edir. Məgər Azərbaycan Aİ-yə üzv olmağı qarşısına məqsəd qoyub?
“Azərbaycanın hansı ittifaqı seçəcəyi, hansı ölkə ilə bir birlikdə təmsil olunacağı bizim öz daxili işimizdir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucov hesab edir ki, Vodolatskinin Azərbaycanın ünvanına səsləndirdiyi sərsəm fikirlər Rusiyadaki şovinist dairələrin ölkəmizə hücumlarının tərkib hissəsidir: “Bu nə ilkdir, nə də son. Otuz ildir Konstantin Zatulin Azərbaycan əleyhinə böhtanlar səsləndirir. Bunlar xəstə düşüncəli siyasilərdir və SSRİ-nin süqutunu hələ də həzm edə bilmirlər. Deputat Viktor Vodolatski sanki dərk etmir ki, Azərbaycan 34 ildir müstəqil dövlətdir. Azərbaycanın hansı ittifaqı seçəcəyi, hansı ölkə ilə bir birlikdə təmsil olunacağı bizim öz daxili işimizdir. Bunun Vodolatskiyə nə dəxli var? Rusiya Şimali Koreya ilə strateji əməkdaşlıq edir, Ukraynaya qarşı bu ölkədən silah alır. Biz buna görə Rusiyaya hansısa irad bildiririk? Yox. O zaman hansı əsasla bu fikirləri səsləndirirlər? Konkret Avropa İttifaqına üzv olmaq məsələsinə gəldikdə, Azərbaycan qarşısına belə bir məqsəd qoymayıb. Ən azından ona görə ki, Azərbaycanı o birliyə qəbul etməzlər. Aİ bu məsələdə tərəfsiz olsaydı, Türkiyənin birliyə üzv olmasına mane olmazdı. Qırx ildir Türkiyənin Aİ-yə üzv olmasına imkan vermirlər. Aİ-yə üzv olmağı qarşısına məqsəd qoyan Ermənistandır. Halbuki, Ermənistan Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqının üzvüdür. Məgər Rusiya rəsmiləri bilmirlər ki, Azərbaycan müstəqil siyasət yeridir? Bu gün Azərbaycan Avroittifaqın əsas enerji təchizatçılarından biridir. Ancaq bu o demək deyil ki, Azərbaycan Aİ-yə üzv olmaq istəyir. Başqa bir tərəfdən, Azərbaycan coğrafi mövqeyini nəzərə alaraq NATO-ya da üzv olmağı nəzərdən keçirmir. O baxımdan Vodolatskinin Azərbaycanı Ukrayna ilə müqayisə etməsi kökündən yanlış bir yanaşmadır. Bir sözlə, Azərbaycanı qaralamaq üçün böhtan atırlar”.
Vidadi ORDAHALLI