AZ

İranda hicabın müvəqqəti dayandırılması və qadınların azad seçimi - ÖZƏL

İranda uzun illərdir davam edən ictimai mübarizədən sonra hicab qanununun ləğv edildiyi bildirilir. İranın Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər deyib ki, hicabın icrası artıq hüquqi baxımdan mümkün deyil və bu məsələ ilə bağlı polisə də göstəriş verilib. Halbuki 2024-cü ildə qəbul edilən "Hicab və əxlaq" qanunu qadınlara hicabı məcburi edirdi. 2025-ci ilin mayında isə İranın Ali Milli Təhlükəsizlik Şurası bu qanunun tətbiqinin dayandırılması barədə parlamentə göstəriş göndərmişdi.
İranın hicab qanununu ləğv etməsi barədə açıqlamalar sizcə, real hüquqi addımdır, yoxsa ictimai təzyiqi azaltmaq məqsədi daşıyır? Bu qərar İran cəmiyyətində və regionda hansı sosial-siyasi dəyişikliklərə yol aça bilər?



Mövzu ilə nağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 
" İranda hicabla bağlı son qərar, qadınların qapalı geyimdə gəzməsini məcburi edən əvvəlki qanunu hüquqi baxımdan ləğv etmir, sadəcə onun icrasını müvəqqəti olaraq dayandırır. Qanunun ləğvi üçün isə birbaşa İranın ali dini lideri, onun şurası və ya qanunverici orqan qərar hazırlamalı və təsdiqləməlidir ki, bundan sonra hicabın məcburi olması məsələsi qanundan çıxarılsın.
Hazırda isə, qanun ləğv edilməyib, sadəcə icrası müvəqqəti dayandırıldığı üçün yeni qaydalar qadınların açıq geyim geyməsinə qadağa qoymur. Yəni hicab taxmaq artıq məcburi deyil. Amma qeyd etdiyimiz kimi, bu müvəqqəti xarakter daşıyır. İstənilən halda son verilən qaydalar ləğv edilə bilər və hicab taxmaq yenidən məcburi ola bilər.
Qərarın İran cəmiyyətində və regionda sosial-siyasi dəyişikliklərə yol aça biləcəyi məsələsinə gəlincə, artıq sosial dəyişikliklər baş verib. Son qaydanın verilməsindən iki gün keçib və bu müddət ərzində sosial mediada yayılan videolardan görünür ki, İran cəmiyyəti və qadınlarının böyük hissəsi qapalı geyimdə gəzmək, hicab taxmaq arzusunda deyil. Onlara könüllü seçim verilib, ya qapalı, ya açıq geyimlər. Bu azad seçim nəticəsində İran qadınlarının böyük bir hissəsi açıq geyimləri üstün tuturlar. Bu, sosial dəyişikliyin göstəricisidir. Qadınlar artıq şəriət qaydaları və tələbləri ilə deyil, sekulyar qaydalarla müəyyən olunan şəxsi seçimləri üstün tuturlar.
Bu, həm də dinlərin öz şəxsi məqsədləri üçün istifadə edilməsinə qarşı bir mübarizədir. İnsanların sekulyar dəyərlərə sahiblənməsi dinlərin sui-istifadəsinin qarşısını alır. İran kimi önəmli bir regionda, 1979-cu ildən sonra dinin siyasi məqsədlər üçün formalaşdırılması hallarını görürdük. İndi isə sosial dəyişikliklər baş verir və insanlar özünü qurban vermək istəmir, Allah ilə insan arasındakı münasibəti siyasi rejimə həvalə etmək istəmirlər. Sosial dəyişiklik baxımından bu yaxşı nəticələr doğur. Ümid etmək olar ki, İranda insanların şəxsi həyatına müdaxilə halları və digər qanunsuz hərəkətlər də azalacaq. Qərar İranda siyasi həyatı da təsir edə bilər. Sosial-iqtisadi dəyişikliklər siyasi dəyişikliklərlə birləşir: insanlar sosial-iqtisadi reallıqlarını dəyişərək daha yaxşı seçimlər etməyə başlayanda, siyasi dairələr də ya yeniliklərə uyğunlaşır, ya da zəifləyir.
Bu sosial dəyişikliklər İranda zamanla iqtidardan da müəyyən yenilikləri tələb edəcək-ya zamanın tələblərinə və insanların hüquqlarına uyğun yenilənəcəksən, ya da sosial bazada tərəfdarlarını itirərək mövqeyini zəiflədəcəksən. Bəzən məcburiyyətlə sıxışdırılmış toplumlara azadlıq verildikdə insanlar bu azadlığı yanlış istifadə edə bilərlər. Ümid edilir ki, İranda bu baş verməyəcək və şəxsi həyatın toxunulmazlığı qorunacaq. İstər qadınlar, istər kişilər bu yeni qanunu və gələcək mümkün qanunları özbaşınalıq üçün istifadə etməyəcəklər. İran xalqı, xüsusən orada yaşayan 20-30 milyon soydaşımız da daxil olmaqla.
 İnsanların azadlığı, hüquqları və sosial-iqtisadi-siyasi sahələrdə İranın yenilənməsi baxımından bu qərar uğurlu bir addım ola bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
42
olaylar.az

1Mənbələr