Şəki, 7 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən üzrə yarışa yekun vurulub. Finalda Azərbaycan millisi Özbəkistana 3:0 hesabı ilə qalib gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi təşkil olunub. İlk üç yeri tutan Azərbaycan, Özbəkistan və Qırğızıstan komandaları müvafiq olaraq, qızıl, gümüş və bürünc medallarla təltif ediliblər.
Mükafatçılara medalları Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev və Özbəkistan Çövkən Federasiyasının prezidenti təqdim ediblər.
Qeyd edək ki, III MDB Oyunlarının çövkən yarışlarında 6 ölkə – Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Küveyt yığmaları mübarizə aparıb.