AZ

Kim Çen İn: Rusiya ilə ittifaq güclənməyə davam edəcək

Kim Çen İn: Rusiya ilə ittifaq güclənməyə davam edəcək

Şimali Koreya lideri Kim Çen İn Rusiya prezidenti Vladimir Putinə ad günü münasibətilə göndərdiyi təbrik məktubunda Pxenyan və Moskva arasında müttəfiqlik əlaqələrinin daha da möhkəmlənəcəyini bildirib.

KCNA agentliyinin məlumatına görə, Kim məktubunda Putini ad günü münasibətilə təbrik edərək, iki ölkənin həmişə birgə dayanacağını vurğulayıb.

Kim Çen İn Rusiyanın milli suverenliyi uğrunda apardığı ədalətli mübarizəyə dəstəyini bir daha ifadə edib və ötən il imzalanan dövlətlərarası müqavilənin icrasına qardaşlıq məsuliyyəti ilə sadiq qalacaqlarını qeyd edib.

O, həmçinin Putinin rəhbərliyi altında Rusiyanın çoxqütblü dünya nizamının formalaşmasında önəmli rol oynadığını söyləyib.

Xatırladaq ki, Putin 2024-cü ilin iyununda Şimali Koreyaya rəsmi səfər etmiş, tərəflər arasında “əhatəli strateji tərəfdaşlıq" müqaviləsi imzalanmış və həmin sənəd dekabrda qüvvəyə minmişdi. Liderlər sentyabrda Çində də bir araya gəlmişdilər.

Cənubi Koreya Milli Kəşfiyyat Xidməti daha əvvəl açıqlamışdı ki, Şimali Koreya Ukraynada döyüşmək üçün Rusiyaya 15 mindən çox hərbçi göndərib, onlardan təxminən 600-ü həlak olub, 4 minə yaxını isə yaralanıb.

Seçilən
3
afn.az

1Mənbələr