AZ

Merkelin bu sözləri Avropada aranı qarışdırdı

Almaniyanın sabiq kansleri Angela Merkelin Rusiya Prezidenti Vladimir Putinlə bağlı açıqlamaları Polşa və Baltik ölkələrinin kəskin tənqidinə səbəb olub.

Modern.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Merkel bildirib ki, 2021-ci ildə Avropa İttifaqı çərçivəsində Putin və Fransa Prezidenti Emmanuel Makronla birbaşa danışıqlar təşkil etmək istəyib. Onun sözlərinə görə, Polşa və Baltikyanı ölkələr bu təşəbbüsə qarşı çıxaraq görüşün baş tutmasına imkan verməyiblər. “Mən 2021-ci ilin iyununda hiss etdim ki, Putin artıq Minsk razılaşmalarını ciddi qəbul etmir. Avropa İttifaqı səviyyəsində yeni dialoq formatı yaratmaq istəyirdim”, – deyə Merkel bildirib.

Lakin keçmiş kanslerin bu bəyanatı Şərqi Avropa ölkələrində sərt reaksiya doğurub. Latviyanın sabiq baş naziri Krişyanis Karinş Merkeli faktları təhrif etməkdə ittiham edib: “Mən dəfələrlə demişdim ki, Putinlə razılaşmalara bel bağlamaq təhlükəlidir. Amma Merkel düşünürdü ki, Baltik ölkələri yanılır. İndi belə açıqlama verməsi məni sarsıdır”.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna isə bildirib ki, Ukraynada müharibəyə görə məsuliyyət yalnız Rusiyanın üzərindədir: “Rusiya imperiya düşüncəsindən imtina etmədiyi üçün bu müharibə baş verdi. Burada heç bir başqa tərəfi günahlandırmaq olmaz”.

Polşadan gələn reaksiyalar isə daha sərt olub. Ölkənin sabiq baş naziri, hazırda müxalif “Hüquq və Ədalət” partiyasının sədr müavini Mateuş Moravetski Merkeli “Avropanın son yüzillikdə ən zərərli alman siyasətçilərindən biri” adlandırıb. Onun həmkarı, Avropa Parlamenti üzvü Valdemar Buda isə əlavə edib: “Merkelin Putinlə yenidən danışıqlara çağırışı Ukraynanın bölünməsi ilə nəticələnə bilərdi. Keçmişdə bu cür danışıqlar müharibəni dayandırmadı, əksinə, onu daha da yaxınlaşdırdı”.

Seçilən
1
1
modern.az

2Mənbələr