AZ

Müstəqil siyasətin yaratdığı reallıq

Azərbaycan sabitlik adası ilə yanaşı, beynəlxalq konfransların keçirildiyi məkan statusuna da sahiblənib

Son illər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və regional gücə çevrilməsi dünya ictimaiyyətinin diqqətindən yayınmır. Strateji mövqeyi, enerji siyasəti, uğurlu diplomatik addımları sayəsində Azərbaycan yalnız Cənubi Qafqazın deyil, Avrasiyanın mühüm aktorlarndan biri kimi qəbul olunur. 

Ümumiyyətlə, Azərbaycanın bugünkü reallıqlarına nəzər salanda görürük ki, ölkəmiz, sözün əsl mənasında, müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tutub. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan sabitlik və inkişaf amilinə çevrilib. 

Prezident İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərir. Azərbaycan Prezidenti hər zaman qlobal liderlik keyfiyyətini və təşəbbüskarlığını ortaya qoyaraq çox mühüm ideyalar irəli sürür və bu gün də onun təşəbbüsü ilə reallaşan transmilli layihələr ölkəmizə iqtisadi-siyasi dividendlər qazandırır. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artmasına böyük təsir göstərməklə yanaşı, İlham Əliyevin də dünyada şəxsi nüfuzunun artmasına gətirib çıxarıb.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin xarici diplomatiyası böyük uğurlar əldə edib. Prezidentin vizyonu, ardıcıl və prinsipial siyasəti, dünya miqyasında güclü əlaqələrin qurulması və Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsi uğurla həyata keçirilir. 

İlham Əliyevin diplomatik təşəbbüsləri xüsusilə regional və qlobal səviyyədə strateji tərəfdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Sözü imzası qədər keçərli olan İlham Əliyevin ən mühüm diplomatik uğurlarından biri Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi möhkəmləndirməsidir. 

Azərbaycanın xarici siyasətinin əsasını həmçinin güclü iqtisadi diplomatiya təşkil edir. Prezident İlham Əliyevin dövründə ölkəmiz dünya enerji bazarında əsas oyunçulardan birinə çevrilib. Xüsusilə "Cənub qaz dəhlizi" kimi böyük enerji layihəsinin həyata keçirilməsi Azərbaycanın Avropaya enerji ixracını artırıb, ölkə iqtisadiyyatına müsbət təsir göstərib. Qlobal layihələr, Azərbaycanın həm regionda, həm də dünyada enerji təhlükəsizliyinə töhfə verməsini təmin edib.

Azərbaycana rəhbərlik etdiyi 23 ildə İlham Əliyev elə bir dövlət yaradıb ki, özünün də söylədiyi kimi, mövcudluğu tarixində ölkəmiz heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb. Bu gün İlham Əliyev şəxsiyyətinə, liderliyinə geosiyasi, geoiqtisadi miqyasda nəzər yetirsək görərik ki, o, təkcə Azərbaycanın, Qafqazın alternativsiz lideri deyil, ümumiyyətlə, dünya miqyasında tanınan, qlobal liderliyi etiraf olunan böyük şəxsiyyətdir. Elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud qlobal problemlərin  həlli yolları barədə fikirlər səsləndirməsin, təkliflərini irəli sürməsin. 

Yəni İlham Əliyev təkcə regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq, dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. 

İlham Əliyev Azərbaycanın beynəlxalq təşkilatlarda, xüsusən BMT, ATƏT, Qoşulmama Hərəkatı kimi platformalarda fəallığını artırıb. Azərbaycan eyni zamanda Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatında da əhəmiyyətli fəaliyyətini davam etdirir. Dövlət başçısı bu təşkilatlar çərçivəsində ölkənin maraqlarını müdafiə edərək, Azərbaycanın beynəlxalq təsirini daha da genişləndirib.

Oktyabrın 6-da Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə görüşü işinə başlayıb. "Regional sülh və təhlükəsizlik" mövzusunda olan Zirvə görüşü yalnız formal protokol tədbiri deyil, həm də türk dünyasının gələcək konturlarının, ortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyən ediləcəyi tarixi hadisədir. Zirvə görüşü çərçivəsində TDT-yə üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları bir araya gələrək, sonuncu görüşdən bəri həyata keçirilmiş işləri dəyərləndirəcək, əldə olunmuş nailiyyətləri müzakirə edəcək və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcəklər. Görüş zamanı qəbul olunacaq sənədlər, o cümlədən XII Zirvə Görüşünün Bəyannaməsi təşkilatın siyasi və institusional strukturunun yeni mərhələyə keçidini əks etdirəcək. Zirvənin sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək, bu isə ölkəmizin təşkilatdakı liderlik missiyasının rəsmi təsdiqi olacaq.

Onu da qeyd etmək yerinə düşər ki, TDT-dən gözləntilər böyükdür, təməllər möhkəmdir. Azərbaycanın strateji mövqeyi, siyasi çəkisi və iqtisadi potensialı təşkilatı yeni inkişaf mərhələsinə və beynəlxalq arenada daha böyük nüfuz qazanmağa istiqamətləndirir. Cənubi Qafqazda sülhü təşviq edən son Vaşinqton sənədləri ilə bu sammitin mövzusu bütün regionumuz üçün dərin rezonans doğurur. 

Prezident İlham Əliyevin dediyi kimi: "Türk Dövlətləri Təşkilatı bizim fundamental beynəlxalq təşkilatımızdır. O, bizim ailəmizdir. Türk dünyası bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bişkekdən Qəbələyə və ondan çox-çox uzaqlara səyahətimizi müəyyən edən də məhz bu ailə ruhu və taleyimizdir. TDT bundan sonra da birliyi möhkəmləndirəcək, əməkdaşlığı dərinləşdirəcək, regionumuzda və dünyada sülh və tərəqqi üçün güc kimi xidmət edəcəkdir".

Prezident İlham Əliyevin xarici diplomatiyasının uğurları, TDT çərçivəsində irəli sürdüyü təşəbbüsləri Azərbaycanın beynəlxalq müstəvidə güclü və etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə gətirib çıxarıb. Dövlət başçısının strateji baxışları və qətiyyətli fəaliyyəti, Azərbaycanın dünya səhnəsində daha da mühüm rol oynamağa davam edəcəyini göstərir. Bu yolda əldə edilən nailiyyətlər Azərbaycanın xarici siyasətinin daha da inkişafı üçün möhkəm təməl yaradıb.

Hazırda Azərbaycan böyük layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq nüfuza malik dövlətdir. Etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanın xarici siyasətinin uğurları qonşu ölkələrlə və dünyanın digər dövlətləri ilə balanslaşdırılmış münasibətlərin qurulmasına, qarşılıqlı maraqlardan irəli gələn bərabər dialoq və əməkdaşlığın həyata keçirilməsinə əsaslanır. 

Bu gün dünyada geosiyasi güclərin müxtəlif maraqlar uğrunda apardıqları münaqişələr, müharibələr fonunda Azərbaycanda mövcud olan sabitlik və tərəqqi xüsusi  diqqət çəkir. Beynəlxalq arenada təhlükəsizlik adası kimi tanınan ölkəmiz nizamı pozulan dünyaya Qarabağ Zəfəri ilə həm də ədalətin təmini, sülh və sabitliyin bərqərar olması ilə bağlı mükəmməl örnək göstərib. Torpaqlarının işğalı dövründə belə münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinin tərəfdarı olan Azərbaycanın yürütdüyü düşünülmüş və uzaqgörən siyasət son beş ildir bölgədə dayanıqlı sülh üçün mühüm zəmin formalaşdırıb. Məhz buna görə də beynəlxalq qurumlar konfransların, forumların Azərbaycanda keçirilməsi ilə bağlı müsbət qərar qəbul edirlər. Bununla da Azərbaycan həm də dünyanı narahat edən qlobal problemlərin müzakirə olunduğu məkan kimi də qəbul edilir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan" 

Seçilən
15
azerbaijan-news.az

1Mənbələr