Fuad Qəhrəmanlı Müsavatı ittiham etdi
"Görünür ki, Müsavat partiyasının rəhbərliyinə 2015-ci il seçkilərində hakimiyyət tərəfindən bir neçə mandat vəd olunub. Bu vədlər müqabilində də partiya rəhbərliyi demokratik qüvvələrin ittifaqından ayrılaraq yeni siyasi kursa keçilməsi ilə bağlı qərar verib. Bu çox ciddi tarixi səhvdir". Bu sözləri ANS PRESS-ə açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Müsavat Partiyasının Milli Şuradan ayrılmaqla bağlı qəbul etdiyi qərara münasibət bildirərkən deyib. O, Müsavat partiyasını iqtidarla danışıqlarda ittiham edib:
"Əvvəl bildirilirdi ki, Rüstəm İbrahimbəyovun başqa ölkə vətəndaşı olması və Milli Şuranın fəxri sədr olması səbəblərindən Müsavat Partiyası Milli Şurada qala bilməz. R.İbrahimbəyov bu postdan istefa verdikdən sonra indi də növbəti bəhanə ortaya atıldı ki, Milli Şurada seçki bloku olduğu üçün Müsavat bu qrumu tərk edir. Bu isə onu göstərir ki, Müsavat əlverişli bəhanə axtarırdı".
Onun szölərinəgörə, bütün bəhanələr kəsildikdən sonra bu son bəhanə dövrəyə girib. Bu addımın atılması Müsavat partiyasının siyasi kursunun dəyişilməsi deməkdir. Çünki Milli Şura demokratik qüvvələrin cəmləşdiyi əsas güc mərkəzidir.
"Müsavat partiyasının Şuranı tərk etməsi hakimiyyətə olan münasibətin dəyişməsi və eləcə də partiyanın siyasi kursunun dəyişməsi deməkdir. Mənim fikrimcə, Müsavat partiyasının bu siyasi oyununa sadə partiya təmsilçiləri də öz etirazlarını bildirəcəklər".