“Yarış çox yaxşı keçdi”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında basketbolun 3x3 növü üzrə qızlardan ibarət Azərbaycan millisinin üzvü Leyla Abdullayeva deyib.

O, III MDB Oyunlarının finalında Rusiyaya 13:19 hesabı ilə məğlub olaraq gümüş medal qazandıqları oyun haqqında fikirlərini bölüşüb:

“Komandamla fəxr edirəm. Federasiyamıza, bizə dəstək olan azarkeşlərə minnətdaram. Onların dəstəyi bizə böyük motivasiya verdi. Əlbəttə ki, birinciliyi biz də çox istəyirdik. Təəssüf ki, hər dəfə birinci olmaq alınmır. Xal hesabında geri düşdüyümüz üçün motivasiyadan düşdük. Buna baxmayaraq, əlimizdən gələnin ən yaxşısını etdik. Ümid edirəm ki, gələn dəfə daha yaxşı nəticələrlə xalqımızı qürurlandıracağıq”.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.