Kamran Əsədov: “...Uzun illər boyunca formalaşmış yanlış təhsil prioritetlərinin nəticəsidir”
Elm və təhsil nazirinin müavini İdris İsayev Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumunda çıxışında deyib ki, ölkəmizdə peşə təhsili ilə bağlı statistika 10% -in üzərindədir:
“Bu, digər ölkələrdə müqayisədə aşağıdır. Bu sahədə inkişafa ehtiyac var. Amma son 5 ildə biz peşə təhsilində qəbulu artırmışıq. Ali təhsildə isə əhatəlik yüksək dərəcədə artırılıb. Artıq ali təhsildə qəbul səviyyəsi 75 min nəfərin üzərindədir. Növbəti illərdə də bu artırılacaqdır. Eyni zamanda dövlət sifarişli yerlərin sayı artmaqda davam edilir. Ali təhsildə bu 50% həyata keçirilib. Növbəti illərdə də dövlət sifarişli yerlərin artırılması ilə bağlı işlər davam edəcək”.
Təbii ki, ölkəmizdə peşə təhsili ilə bağlı statistikanın 10% -in üzərində olması pis göstəricidir. Bəzi ekspertlərə görə, bu, peşə məktəbləri ilə bağlı nazirliyin siyasətinin lazımı tələblərə cavab verməməsindən irəli gəlir. Texniki-peşə məktəblərinə qəbulun tam sərbəst şəkildə olması arzuediləndir. Hətta bəzi vətəndaşlar şikayət edirlər ki, bəzən texniki-peşə məktəblərinə uşaqlarını qoyarkən neqativ yanaşmalarla üzləşirlər. Məsələn, vətəndaşlardan biri bizimlə söhbətində dedi ki, hətta bu il bir uşağı texniki-peşə məktəbinə qoymaq istəyiblər, uşaq orda oxumaq istəyir. Amma məsələni bu məktəb o məktəbin, bu məktəb başqa bir məktəbin üzərinə atıb və nəticədə uşaq qəbul olmayıb. Texniki-peşə məktəblərə niyə plan qoyurlar ki? Orta məktəbi bitirənlərin bir qismi onsuz da peşə məktəblərinə getmək istəyir. Əslində, ora sənəd verən hər kəsi qəbul etmək lazımdır ki, onlar orda oxusunlar. Bildiyimiz qədər, onlara orda təqaüd verilmir. Bəlkə verilir, bu haqda məlumatsızıq. Kim sona qədər oxumaq istəyərsə oxusun, oxumaq istəməyənlər də onsuz da təhsili yarıda buraxıb çıxıb gedəcək. Elə bir dövrdəyik ki, ali təhsil müəssisələrində oxuyanların, ordan məzun olanların çoxu özünə iş tapa bilmir. Universitet diplomlu nə qədər taksi sürücüsü var. Universitet məzunları iş tapa bilmirlər. Gənclərə şərait yaratmaq lazımdır ki, peşə məktəbinə gedib, heç olmasa ixtisaslı fəhlə olsunlar. Buna tələbat varsa, onda peşə təhsilinə niyə plan qoyurlar? Plansız qəbul olunsunlar. Özgə nə etmək lazımdır ki, texniki-peşə məktəblərdə vəziyyət yaxşılaşsın? Ali məktəbləri bitirənlər iş tapa bilmir, peşə texniki məktəblərə də plan qoyurlar ki, 10 faizdən artıq olmaz.
Məsələ burasındadır ki, peşə təhsili haqda çox danışılsa da, bu sahədə problem hələ də qalmaqdadır. Yeri gəlmişkən, bir neçə gün əvvəl Peşə Təhsili Üzrə Dövlət Agentliyinin rəhbəri Ceyhun Kərəmov vəzifədən azad olundu. Onun işdən azad olunma səbəbi barədə hər hansı bir məlumat yoxdur.
Ümumiyyətlə, peşə təshilinin problemləri bu gün də aktualdır və özünün köklü həllini gözləyir.
“Təhlillər göstərir ki, peşə təhsili üzrə qəbul planının məhdudlaşdırılması sistemi inkişafdan saxlayan amillərdəndir”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə “Peşə təhsilində cəmi 10 faiz göstəricinin olması təkcə statistika deyil, həm də uzun illər boyunca formalaşmış yanlış təhsil prioritetlərinin nəticəsidir. Bu rəqəm ölkədə gənclərin ali təhsilə həddən artıq yönəlməsi, peşə təhsilinə isə cəmiyyətin və ailələrin etimadının zəif olmasının göstəricisidir. Nazir müavininin qeyd etdiyi kimi, bu göstərici digər ölkələrlə müqayisədə aşağıdır və bu, artıq dövlət səviyyəsində yeni yanaşma tələb edir”-deyə bildirdi.
K.Əsədovun bildirdiyinə görə, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 26-cı maddəsində peşə təhsili “əmək bazarının tələblərinə uyğun, praktik bacarıqların formalaşdırılmasını təmin edən təhsil pilləsi” kimi müəyyən edilir: “Lakin real vəziyyətdə bu tələbin icrası tam təmin olunmur. Dövlət son 5 ildə peşə təhsilinə diqqəti artırıb, yeni tədris mərkəzləri yaradılıb, modern avadanlıqlarla təchiz olunan müəssisələr fəaliyyətə başlayıb. Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatına görə, son 5 ildə qəbul sayı təxminən iki dəfə artsa da, bu, ümumi təhsil alanların sayına nisbətdə hələ də aşağı qalır”.
K.Əsədov qeyd etdi ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə bir sıra vacib islahatlar həyata keçirir, xüsusilə son illərdə peşə təhsili müəssisələrinin struktur baxımından yenilənməsi, tədris proqramlarının əmək bazarına uyğunlaşdırılması, beynəlxalq əməkdaşlıq layihələrinin tətbiqi müsbət addımlardır. K.Əsədovun sözlərinə görə, “Peşə təhsili və təlimi haqqında” Qanuna edilən dəyişikliklər də sistemin çevik idarə olunmasına imkan yaradır: “Nazirlik bu sahədə “dövlət-sahibkar-məktəb” modelinə əsaslanan əməkdaşlıq platforması qurmaqla mühüm institusional baza formalaşdırıb. Bu, dünya təcrübəsinə uyğun addımdır və dövlətin bu istiqamətdəki siyasətinin müsbət tərəfini göstərir.
Bununla yanaşı, təhlillər göstərir ki, peşə təhsili üzrə qəbul planının məhdudlaşdırılması sistemi inkişafdan saxlayan amillərdəndir. Əgər bir gənc orta məktəbdən sonra peşə təhsilinə yönəlmək istəyirsə, ona əlavə plan və kvota məhdudiyyəti qoymaq əslində insan kapitalının formalaşmasına süni maneə yaradır. Məsələn, Almaniyada gənclərin 47 faizi, Avstriyada isə 60 faizi peşə təhsili sistemində iştirak edir və bu sahəyə qəbul açıq prinsiplə həyata keçirilir. Onlarda “dual sistem” tətbiq olunur – şagirdlər həm məktəbdə, həm də müəssisədə təhsil alır, dövlət isə işəgötürənlərlə əməkdaşlıq əsasında maddi dəstək verir. Bu modelin uğuru ondan ibarətdir ki, məzun birbaşa əmək bazarına uyğun ixtisasla çıxır. Azərbaycanda isə bu mexanizm hələ tam formalaşmayıb.
Peşə məktəblərində təqaüdün verilməməsi də mühüm çatışmazlıqdır. Halbuki, dövlət “Təhsil haqqında” Qanunun 35-ci maddəsinə əsasən sosial bərabərliyi təmin etməli, təhsilin əlçatanlığını genişləndirməlidir. Əgər ali təhsildə dövlət sifarişli yerlər üçün təqaüdlər artırılıbsa, bu, çox müsbət addımdır, lakin peşə təhsilinə də oxşar yanaşma tətbiq edilməlidir. Peşə məktəbində təhsil alan şagirdlərin maddi dəstəklə təmin olunmaması onların motivasiyasını azaldır və sosial ədalət balansını pozur.
Son illərdə Elm və Təhsil Nazirliyinin bu sahədə atdığı addımlar — yeni peşə məktəblərinin açılması, beynəlxalq əməkdaşlıq (məsələn, Almaniya, Koreya və Türkiyə modelinə əsaslanan proqramlar), ixtisasların yenilənməsi və işəgötürənlərlə təcrübə proqramlarının tətbiqi təqdirəlayiqdir. Bu islahatlar nəticəsində bəzi regionlarda peşə təhsili müəssisələrinin nüfuzu artıb. Nazirliyin məqsədyönlü siyasəti nəticəsində 2024-cü ildə 24 yeni ixtisas təsdiqlənib, bu da əmək bazarının dinamikasına uyğunlaşma baxımından müsbət göstəricidir.
Lakin sistemin tam səmərəli işləməsi üçün qəbul siyasəti dəyişdirilməli, kvota prinsipi ləğv olunmalı, bütün müraciət edənlərə təhsil imkanı yaradılmalıdır. Həmçinin, dövlət sifarişi yerlərinin 50 faizinin ali təhsil üçün ayrılması çox müsbət göstəricidir, amma növbəti mərhələdə bu dəstəyin bir hissəsi peşə təhsilinə də yönləndirilməlidir. Bu, həm ixtisaslı işçi qüvvəsinin artmasına, həm də ali təhsildə yüklənmənin azalmasına gətirib çıxaracaq”.
K.Əsədov vurğuladı ki, dünya təcrübəsi göstərir ki, iqtisadi inkişaf edən ölkələrdə peşə təhsili iqtisadiyyatın dayanıqlılığının əsas dayağıdır. O qeyd etdi ki, məsələn, Cənubi Koreyada “Employment-linked Vocational Schools” proqramı nəticəsində işsiz gənclərin sayı 7 il ərzində 12 faiz azalıb. “Azərbaycanda da belə bir mexanizm formalaşdırılarsa, gənclər təhsildən birbaşa işə keçid imkanına malik olacaqlar.
Bütün bu təhlillər onu göstərir ki, Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar doğru və strateji baxımdan məqsədyönlüdür. Nazirliyin məqsədi təkcə say artımı deyil, həm də keyfiyyətli, bacarıqlı və müasir işçi qüvvəsinin hazırlanmasıdır. Gələcəkdə qəbul planlarının elastikləşdirilməsi, peşə məktəblərinə sosial dəstəyin artırılması və işəgötürənlərlə birgə təhsil modelinin genişləndirilməsi ilə bu sahədə keyfiyyətli dönüş mümkündür. Bu istiqamətdə dövlət siyasətinin ardıcıl şəkildə davam etdirilməsi peşə təhsilinin nüfuzunu yüksəldəcək və ölkənin iqtisadi inkişafına real töhfə verəcək”-deyə K.Əsədov vurğuladı.
İradə SARIYEVA