AZ

Elnur Nəsibov yaxşı işləyirdisə, niyə “vuruldu”?


Elşən Qafarov: “Yaxın zamanlarda Eşqi Bağırov da..."

Bildiyimiz kimi, ötən həftə elm və təhsil naziri Emin Əmirullayevin əmri ilə nazirliyin Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov vəPeşə Təhsili Üzrə Dövlət Agentliyinin rəhbəri Ceyhun Kərəmov vəzifədən azad olunublar.

Vəzifəsindən azad olunması barədə məlumatı Elnur Nəsibov özü sosial şəbəkə hesabında paylaşıb. “Beş illik fəaliyyətimdən sonra təhsil sistemindən ayrılıram. Başda hörmətli Emin müəllim Əmrullayev olmaqla bütün həmkarlarıma, təhsil işçilərinə təşəkkür edirəm və gələcək işlərində uğurlar arzulayıram!”, - E.Nəsibov bildirib.

Məlumata görə, E.Nəsibov 2022-ci ildən Təhsilin İnkişafı Fondunun sədri idi.

Onu da bildirək ki, E.Nəsibov 2020-ci ildə nazir Emin Əmrullayevin müvafiq əmri ilə onun müşaviri vəzifəsinə təyin olunub və iki il bu vəzifədə çalışıb, sonra isə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri olub. İndi isə tutduğu vəzifədən istefa verib.

E.Nəsibov işdən öz ərizəsi ilə azad olunduğunu yazır. Amma işdən çıxma səbəbi barədə heç bir qeyd vermir, səbəb göstərmir. Əslində səbəbin göstərilməsi daha uyğun idi. Çünki belə bir məsul vəzifədən səbəbsiz gediş mümkün olmadğı üçünəlavə suallar yaradır. Yaxşı işləyibsə, işi təqdirəlayiq olubsa nə üçün istefa verib? Şəraitdənmi narazı olub? İdeyalarını həyata keçirmək üçün şəraitmi olmayıb? Ümumiyyətlə, son dövrlər nazirlikdən könüllü ayrıldığını deyənlərin ərzilərində səbəb göstərilmir. Doğrudanmı o da heç bir səbəb göstərmədən gedib? Heç bir səbəb göstərmədən işdən çıxmaq təcrübəsi nə dərəcədə düzgündür? Bütün hallarda ərizədə səbəb göstərilməli idi.

E.Nəsibov 3 il idir ki, Təhsilin İnkişafı Fonduna rəhbərlik edirdi. Qeyd etdiyimiz kimi, onun vəzifəsindən niyə öz ərizəsi ilə uzaqlaşdığı bilinmir. Onun dövründə Fond necə inkişaf edib və Fond xəttilə hansı işlər görülüb?

Əgər yaxşı işləyirdisə yaxşı işçi niyə gedib? Yox, yaxşı işləməyibsə, demək ona cəza verib çıxarıblar. Cəza verilibsə, bunun səbəbi nədir ? İstefanın əsil səbəbi nə ola bilər?

Yeri gəlmişkən, E.Nəsibovun adı konkret çəkilməsə də təhsil ictimaiyyətində Təhsilin İnkişafı Fondunun fəaliyyəti barədə elə də müsbət rəy yox idi, əksinə, tənqid edilirdi. O da məlumdur ki, mətbuatda bu barədə çoxlu tənqidi fikirlər yer alıb. Fond öz nizamnaməsindən kənara çıxmaqda və özünə aidiyyəti olmayan sahələrə müdaxilə etməkdə ittiham olunub. Mətbuatda Fonda daxil olan vəsait hesabına 12 Regional Təhsil İdarəsinin rəhbərlərinə, ARTİ və Elm və Təhsil Nazirliyinə Fond tərəfindən hər birinə 60.000 manat dəyərində 15 avtomobil hədiyyə edilməsi haqqında məlumat yayılıb, amma buna ətraflı aydınlıq gətirilməyib..

Biz bu fikirləri qeyd etməklə kimlərisə qaralamaq, onların fəaliyyətini təftiş etmək niyyətində deyilik. Sadəcə maraqlıdır ki, vəzifəli bir şəxs, özü də təhsil kimi mühüm stratejisahədə təmsil olunan vəzifəli şəxs niyə beləaddım atsın...

“Hansısa aparıcı kadrların vəzifədən çıxarılması mövqe mübarizəsinin nəticəsi idi”

Təhsil eksperti Elşən Qafarov “Bakı-Xəbər”ə “Məsələ onun yaxşı işləyib-işləməməyində deyildi. Elnur Nəsibov və Ceyhun Kərəmov bir-birinə yaxın insanlardı.. Onlar nazirlikdə də bir yerdə işləməyə başlamışdılar. Elm və Təhsil Nazirliyində baş verən son dəyişiklik nazirlikdə ayrı-ayrı gəlir mənbələrinin üzərində ayrı-ayrı qruplaşmaların mübarizəsinin nəticəsidir. Orda bir neçə qruplaşma var. Elnur Nəsibov və onunla bir cərgədə olan Ceyhun Kərəmov bu mübarizədə məğlub oldular. Elnur Əliyev və onun komandası Təhsilin İnkişafı Fondunu və Peşə Təhsili Üzrə Dövlət Agentliyini öz nəzarətinəkeçirdi. Dediyim kimi, hazırda nazirlikdə bir neçə qruplaşma var. Həmin qruplaşmalar arasında ən öndə gedəni Təhsil İnstitutunun direktoru Elnur Əliyevin rəhbərlik etdiyi qruplaşmadır”-deyə bildirdi.

E.Qafarovun sözlərinə görə, ölkədə bütün əsas layihələrə, o cümlədən də təlimlərə böyük pullar ayrılır, yəni bu sahələrdə çox böyük pullar var: “Bunlara da Elnur Əliyev baxır. Onun bütün regionlarda təlimçilər adlandırdığı müəyyən şəxsləri var ki, onları regional təhsil idarələrində, təhsilin bütün yerli struktur bölmələrində yerləşdirib. Çoxdandır ki, təhsil sahəsində əsas həlledici qərarları Elnur Əliyev verir. Eyni zamanda o, 2024 və 2025-ci il ərzində Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyini də nəzarətə aldı, orada bir neçə əsas fiqur vardı və orda müavinlərdən biri deputat seçildi, digər müavin rayonların birinə icra başçısı getdi. Ondan sonra Elnur Əliyevin kadrları Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə gətirildi. Burda məsələ belədir. Elnur Əliyev həmçinin Təhsildə Keyfiyyət Təminatı Agentliyini də ələ keçirib. Hazırda Elm və Təhsil Nazirliyinin 4 struktur bölməsi var. Bunlar Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Peşə Təhsili Üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyidir. Artıq son baş verən hadisələrlə, yəni Nəsibovla Kərəmovun işdən azad olunması ilə Elnur Əliyev Peşə Təhsili Üzrə Dövlət Agentliyini, eyni zamanda da Təhsilin İnkişafı Fondunu da nəzarətinə keçirdi. Sonuncu qurum da sıradan bir qurum deyil. Buna qədər isə, dediyim kimi, Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyini nəzarətinə keçirmişdi. Burda əsas söz sahibi Elnur Əliyevin yerləşdirdiyi kadrlardır”.

E.Qafarov vurğuladı ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi də E.Əliyevin nəzarətindədir . O qeyd etdi ki, regional təhsil idarələri də zaman-zaman E.Əliyevin nəzarəti altına keçib, direktorların bir hissəsi və hətta regional təhsil idarələrinin bəzilərinin rəhbərləri təlimçilər arasından seçilib təyin olunur. “ Deyə bilərik ki, təhsilin idarə olunmasında tam söz sahibi Emin Əmirullayev deyil, Elnur Əliyevdir. Yaxın zamanlardaMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırovun və ona yaxın olan adamların da işdən azad olunacağı gözlənilir. Onun bu agentliyi də tamamilə ələ keçirəcəyi gözlənilir. Bu baxımdan, nazirlikdə hansısa aparıcı kadrların vəzifədən çıxarılması bu mövqe mübarizəsinin nəticəsi idi. Burda Elnur Əliyev qalib gəldi. Hazırda nazirlikdə çox ciddi proseslər gedir. Belə desək daha doğru olar ki, Təhsil Nazirliyini Təhsil İnstitutunun rəhbəri Elnur Əliyev idarə edir. Onun əlavə bir neçə vəzifəsi var. Bütün kadrları da o yerləşdirir və bütün məsələlər, bütün maliyyə məsələləriElnur Əliyevin əli ilə görülür. Emin Əmirullayev dədaha çoxElnur Əliyevə üstünlük verir. Hazırda bunu hamı bilir”-deyə E.Qafarov qeyd etdi.

Yazıda adı çəkilən şəxslərin də mövqeyinə yer ayıra bilərik.

Əli TURABOV

Seçilən
15
baki-xeber.com

1Mənbələr