"Türk Dövlətləri Təşkilatının əsası 3 oktyabr 2009-cu ildə Naxçıvanda qoyulmuşdur. Nisbətən az müddət keçməsinə rəğmən, Təşkilat beynəlxalq münasibətlər sistemində əhəmiyyətli rola malikdir".
Bu fikirləri Operativ Media-ya açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələr günü-gündən güclənməkdədir:
“Cəmiyyətlər arasında inteqrasiya prosesləri gedir. Tam olmasa da, bəzi ölkələrlə hərbi-texniki, hərbi-sənaye sahələri üzrə əməkdaşlıq uğurla aparılır. Türkiyə-Azərbaycan artıq vahid ordu şəklində fəaliyyət göstərir. Türkiyə-Özbəkistan-Qazaxıstan silahlı qüvvələri arasında da, kadrların hazırlanması istiqamətində konsultasiya xarakterli təlimlər keçirilir.
Bütövlükdə TDT-nın vahid, beynəlxalq güc platforması kimi formalaşması, düşünürəm ki, hələ tezdir. Çünki, bəzi üzv ölkələr arasında siyasi cəhətdən fikir ayrılıqları mövcuddur. Eyni zamanda, bu məsələ qlobal güclər tərəfindən qısqanclıqla qarşılanır.
Bütün bunlara baxmayaraq, TDT-nın yaxın zamanlarda beynəlxalq gücə çevrilməsi qaçılmazdır. Əks halda, dünyada qlobal təhlükəsizliyin, ədalətin, tam bərpası mümkün olmayacaq”.
Ayşən Sadıxzadə