AZ

“Tramp sülh planı” real deyil: İsrail və Fələstin baxışları bir-birinə ziddir -Politoloq

Razılaşma müvəqqəti xarakter daşıyır və onun yenidən pozulması ehtimalı istənilən an real ola bilər

ABŞ Fələstin-İsrail münaqişəsinin həllinə yaxınlaşıb.
Bunu ABŞ prezidenti Donald Tramp Virciniya ştatının Norfolk şəhərində Hərbi Dəniz Qüvvələrinin Atlantik donanmasının 250 illiyi münasibətilə keçirilən tədbirdə bəyan edib.
“Biz sizi yalnız zəruri hallarda döyüşə göndərmək istəyirik. Hazırda bir çox ocaqda alovları söndürürük. Bəlkə də bəziləri ‘biz döyüşmək istəyirik’ deyə düşünür. Amma mən bu münaqişələri danışıqlar yolu ilə həll edirəm. Biz artıq 3 min ildir davam edən bir münaqişənin həllinə çox yaxınlaşmışıq”, – deyə Tramp bildirib.

Politoloq Taleh Əliyev Sherg.az-a bildirib ki, bu gün “Tramp sülh planı” adlandırılan və İsrail-Fələstin, xüsusilə də HƏMAS qruplaşması arasında Qəzzada atəşkəsin elan edilməsini, sülhün bərqərar olmasını nəzərdə tutan plan nə qədər cəlbedici görünsə də, real deyil:

"Çünki prosesin sonunda Qəzzanın fələstinlilər üçün itirilməsi təhlükəsi olduqca realdır. Həmçinin, HƏMAS-ın tamamilə hərbi-siyasi qruplaşma kimi sıradan çıxmasına razılaşması da inandırıcı görünmür. Çünki bu, müstəqil təşkilat deyil. Onun mövcudluğunda və fəaliyyətində müəyyən geosiyasi güclərin maraqları var. Hətta HƏMAS-ın rəhbər strukturlarında bu güclərin etibarlı nümayəndələrinin olduğu da istisna deyil. Onlar heç bir halda prosesin İsrail və ABŞ-nin maraqlarına uyğun şəkildə yekunlaşmasına razılıq verməzlər. Nəzərə almaq lazımdır ki, bu gün Qəzza bölgəsi ilə bağlı təklif olunan beynəlxalq idarəetmə mexanizmi də fələstinlilərin və Qəzza sakinlərinin maraqlarına tam cavab vermir. Buna görə də bu təşəbbüs münaqişənin həlli istiqamətində növbəti cəhd kimi qiymətləndirilsə də, onun nəticəsində sülhün daimi bərqərar olacağı inandırıcı görünmür. İsrail və Fələstinin bu münaqişənin həlli ilə bağlı baxışları mahiyyətcə bir-birinə ziddir. İsrail üçün müharibənin bitməsi faktiki olaraq işğal edilmiş torpaqların öz hakimiyyəti altında qalması deməkdir. Bu, təkcə Fələstin torpaqlarını deyil, Yaxın Şərqin bir sıra ölkələrinin ərazilərini də əhatə edir. Fələstin tərəfi isə, ən azı 1949-cu ildə BMT tərəfindən qəbul olunmuş razılaşmaya əsaslanaraq, öz tarixi ərazilərində müstəqil Fələstin dövlətinin qurulmasını tələb edir. Bu səbəbdən, mövcud razılaşma müvəqqəti xarakter daşıyır və onun yenidən pozulması ehtimalı istənilən an real ola bilər".
Seçilən
19
1
sherg.az

2Mənbələr