İqtisad elmləri doktoru, professor Elşad Məmmədov neft qiymətlərindəki artımın Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı QHT.az-a açıqlama verib.
Professorun sözlərinə görə, neft qiymətlərinin bahalaşması ölkə büdcəsi üçün əlavə maliyyə resurslarının formalaşmasına şərait yaradır və bu, büdcə siyasəti baxımından mühüm üstünlüklər təmin edir:
“Sözsüz ki, neft qiymətlərinin bahalaşması Azərbaycanda büdcə daxilolmaları nöqteyi-nəzərdən əlavə resursun yığılmasına, resurs bazasının genişlənməsinə şərait formalaşdırır və bu, büdcə siyasəti baxımından imkanları genişləndirir. Lakin neft qiymətləri çoxsaylı beynəlxalq və texnoloji amillərdən asılı olduğundan, uzunmüddətli dövrdə bu sahədəki dəyişiklikləri proqnozlaşdırmaq çətindir. Neft qiymətlərinin bundan sonrakı dövrlərdə hansı istiqamət üzrə dəyişməsini proqnozlaşdırmaq çox çətindir, çünki buna təsir edən amillər çoxdur. Texnoloji inkişafın dərinləşməsi şəraitində uzunmüddətli perspektivdə neftə olan tələbin azalması ehtimalı böyükdür.”
İqtisadçı alim hesab edir ki, ölkənin iqtisadi sabitliyi və milli valyutanın dayanıqlığı üçün qeyri-neft, xüsusilə qeyri-xammal sektorunun inkişafı prioritet istiqamət olaraq qalmalıdır:
“Neft qiymətlərinin yüksəlməsi büdcə siyasətinə və manatın sabitliyinə müsbət təsir göstərsə də, qeyri-neft sektorunun inkişafı milli iqtisadiyyatın dayanıqlı və qabaqlayıcı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan hökuməti tərəfindən həyata keçirilən iqtisadi islahatlar məhz bu istiqamətdə məqsədyönlü şəkildə davam etdirilməlidir".
Pərvanə Fərhadqızı