AZ

Azərbaycanda futbol bayramı olacaq

Bakı U-20 üzrə dünya çempionatını qəbul edəcək

Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan həm də mötəbər tədbirlərin keçirilməsi üçün ideal məkan hesab olunur. Çünki qədimliklə müasirliyin qovuşduğu "Odlar yurdu" mühüm təşəbbüslərlə çıxış edir. Ümumiyyətlə, beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malikdir. Təşkilatçılıq, təhlükəsizlik, iqtisadi və kommunikasiya imkanları hər zaman həlledici rola malikdir. Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması belə tədbirlərə evsahibliyi etməsi imkanlarını artırır və o, bir çox hallarda digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur.

Bununla bərabər, Azərbaycan nəinki beynəlxalq idman yarışlarının keçirildiyi məkan, hətta bu yarışlarda yeni standartlar müəyyənləşdirən ölkədir. "Bakı-2015" ilk Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, XV Avropa Gənclər Olimpiya Festivalının, "Formula-1" yarışlarının, futbol üzrə Avropa çempionatının final mərhələsinin 4 qarşılaşmasının, UEFA Avropa Liqasının finalının, minifutbol üzrə dünya çempionatının, III MDB Oyunlarının və müxtəlif idman növləri üzrə təşkil olunan dünya və qitə birinciliklərinin Azərbaycana həvalə edilməsi son illər bu sahədə görülən işlərə verilən ən yüksək qiymətdir.

Hazırda isə idman ölkəsinə daha bir nüfuzlu yarış həvalə edilib. Belə ki, bu günlərdə FIFA-nın İcraiyyə Komitəsinin iclasında açıqlanan qərara əsasən, Azərbaycan Özbəkistanla birgə  2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə evsahibliyi edəcək.

1977-ci ildən etibarən iki ildən bir təşkil edilən U-20 dünya çempionatının 25-cisi futbol tarixində ilk dəfə kişilərin yarışı Azərbaycanda keçiriləcək. Həmçinin ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli komandası dünya çempionatının final mərhələsində iştirak edəcək. İndiyə qədər Argentina 6, Braziliya 5 dəfə dünya çempionu olub. Portuqaliya və Serbiya hərəyə 2 dəfə mundialın qalibi olublarsa, Uruqvay, Qana, İspaniya, Rusiya, Almaniya, İngiltərə, Fransa və Ukrayna hərəyə 1 dəfə kuboku qazanıblar.

Avropanın nəhəng klubları kifayət qədər böyük nüfuza malik olan U-20-lərin dünya çempionatlarından saysız-hesabsız istedadlı futbolçular kəşf ediblər. Hazırda Çilidə keçirilən 24-cü dünya çempionatında 24 komanda 6 qrupda mübarizə aparır. 2023-cü ildə Argentinada təşkil olunan son turnirin qalibi isə Uruqvay yığması olub.

Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycanın beynəlxalq yarışlara evsahibliyi etməsində iqtisadi nailiyyətlərimiz də əsas rol oynayır. Bu gün Azərbaycan artıq dünyada yüksək templərlə inkişaf edən bir ölkəyə çevrilib. Belə tədbirlərin keçirilməsi isə Azərbaycana həm iqtisadi, həm də strateji baxımdan böyük fayda gətirir. Etibarlı tərəfdaş kimi tanınması ölkəyə investisiyaların axmasına, əməkdaşlığa açıq olması isə ölkəyə yeni texnologiyaların gəlməsinə səbəb olur.

Yarışlar ölkəmizə milyardlarla investisiyaların, milyonlarla turistin axınına yol açır. Belə beynəlxalq tədbirlərin keçirilməsi, hər hansı bir kompaniyanın və ya onun istehsal etdiyi məhsulun yalnız reklam olunması demək deyil, bütövlükdə Azərbaycanın dünyaya geniş təqdimatıdır ki, bunun da nəticəsində ölkəmiz gələcək iqtisadi perspektivlərini müəyyənləşdirir, xarici investorların və böyük turist kütləsinin diqqətini cəlb edir.

Yekunda nümunə olaraq qeyd etmək istərdik ki, bu ilin mayında  Bakıda keçirilən minifutbol üzrə mundiala hazırlıq, püşkatma mərasiminin yüksək səviyyədə təşkilindən açılış mərasiminədək işlərin sürətlə həyata keçirilməsi göstərdi ki, təşkilat komitəsi hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə başa çatdırmaqla misli görünməmiş bir uğura imza atıb. Eləcə də, iki il sonra Azərbaycanda təşkil ediləcək mundiala da hazırlığın ən yüksək səviyyədə olacağına şübhə yoxdur. 

Qalır milli komandamızın uğurla çıxış etməsi... 

Uğurlar, Azərbaycan!

Elçin CƏFƏROV,

"Azərbaycan"

Seçilən
64
azerbaijan-news.az

1Mənbələr