Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Əgər Qərb ölkələri Rusiya xüsusi xidmət orqanlarının diversiyalarına sərt reaksiya verməsələr, daha böyük gərginlik təhlükəsi yaranacaq.
Qaynarinfo xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Avropa və Avrasiya üzrə sabiq xüsusi əməliyyatlar rəhbəri Ralf Qoff "Espresso”ya müsahibəsində bildirib.
"Tor” əməliyyatı Rusiyanın daxili zəifliklərini açıq şəkildə nümayiş etdirdi. FTX — daxili təhlükəsizlik xidməti — açıq-aşkar ciddi uğursuzluğa yol verib. Xarici Kəşfiyyat Xidməti (SVR) də xarici hökumətlərin niyyətləri və planları barədə lazımi məlumat təmin edə bilmir. Bununla belə, Baş Kəşfiyyat İdarəsi (QRU) mövqelərini qoruyur. Onlar yaxşı maliyyələşdirilir və Qərbə qarşı "boz zona”dakı diversiya əməliyyatlarında təcrübələrini fəal şəkildə artırırlar”, deyə o bildirib.
Qoff əlavə edib ki, Polşada ticarət mərkəzinin yandırılması, Litvadan havaya qalxan təyyarələrə partlayıcı maddə yerləşdirilməsinə cəhdlər və "Rheinmetall” şirkətinin baş direktorunun qətlə yetirilməsi planı — bütün bu hadisələr QRU-nun nə qədər təhlükəli və fəaliyyət qabiliyyətli bir xidmət olduğunu sübut edir. Onun sözlərinə görə, ruslar daha dəhşətli addımlar atmağa da qadirdirlər.
"Hazırda NATO-nun reaksiyasını olduqca qənaətsiz hesab edirəm. Bu sabotaj aktları və Qərbə vurulan iqtisadi zərərlər lazımi və qəti cavabla qarşılanmadı. Putin özünü iki yaşlı uşaq kimi aparır — daim icazə verilənin sərhədlərini yoxlayır və çox şey ona bağışlanıb. İndiyə qədər nə o, nə də onun xidmətləri şəxsi məsuliyyətə cəlb olunub. Əgər Qərb bundan sonra da onun zorakılıq və sabotaj aktlarına sərt reaksiya göstərməsə, daha böyük eskalasiya təhlükəsi yaranacaq”, deyə sabiq MKİ rəhbəri xəbərdarlıq edib.
Bundan əvvəl "The Economist" nəşri Ukraynada gedən müharibə ilə Avropadakı təxribatlar arasında əlaqə olduğunu yazmışdı. Rusiya diplomatiyasının sabiq əməkdaşı Boris Bondaryevin sözlərinə görə, Vladimir Putin NATO-nun Ukraynaya dəstəyindən diqqəti qismən yayındırmağa ümid edir:
"Avropalılar özlərini nə qədər çox təhlükə altında hiss etsələr, bir o qədər çox resursu öz silahlanmalarına yönəltməyə məcbur olacaqlar və nəticədə Ukraynaya ayrılan imkanlar azalacaq. Bunun nəticəsində Kiyevin hərbi potensialı zəifləyəcək və ukraynalılar müdafiəni saxlamaqda daha çox çətinlik çəkəcəklər”, deyə o qeyd edib.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropadakı təxribatlarla bağlı kinayəli açıqlama verib. O bildirib ki, guya Moskva və Qərb artıq Soyuq müharibə mərhələsini keçiblər.
"Biz artıq başqa formada bir qarşıdurma vəziyyətindəyik: burada çoxdan soyuqluq hiss olunmur — artıq od var və bunu Qərb ölkələrinin özləri də etiraf edirlər”, deyə Zaxarova bildirib.
Alpər
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.