İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet və telekommunikasiya xidmətləri göstərən operatorlar və provayderlərin fəaliyyəti ilə bağlı müzakirələr keçirilib. Görüş zamanı fərdi evlərdə, mənzillərdə və müəssisələrdə “Wi-Fi” şəbəkələrinin qurulması prosesində təhlükəsizlik qaydalarına riayət edilməməsinin ciddi risklər yaratdığı qeyd olunub. Demək olar ki, hər birimizin evində və iş yerində “Wi-Fi” şəbəkəsi var. Bəs onun yaratdığı risklər barədə kifayət qədər məlumatlıyıqmı? Ümumiyyətlə, “Wi-Fi” şəbəkələrinin qurulması zamanı nələrə diqqət etməliyik?
“Ən böyük təhdidlər zəif şifrələrdir”
Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlama verən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Kibertəhlükəsizlik sektorunun əməkdaşı Rüstəm Müzəffərov bildirib ki, fərdi evlərdə və müəssisələrdə “Wi-Fi” şəbəkələrinin təhlükəsizliyinə ən böyük təhdidlər zəif şifrələrdir: “Vətəndaşlar çox vaxt “123456” kimi sadə və asan təxmin edilə bilən şifrələrdən istifadə edirlər. Digər risklər isə köhnə şifrələmə protokollarından istifadə, routerlərin proqram təminatının yenilənməməsi və ağıllı cihazların zəif qorunmasıdır. Bu amillər kibercinayətkarların şəbəkəyə asanlıqla daxil olmasına şərait yaradır. Bu kimi risklərin qarşısını almaq məqsədilə Elektron Təhlükəsizlik Xidməti tərəfindən mütəmadi olaraq maarifləndirici kampaniyalar həyata keçirilir. Kütləvi informasiya vasitələrində, metrostansiyalarda, avtobus dayanacaqlarında və sosial şəbəkələrdə bu mövzuda xəbərdarlıqlar paylaşılır”.

Provayderlərin məsuliyyəti...
ETX nümayəndəsi bildirir ki, vətəndaşların təcrübədə ən çox etdiyi səhvlər ikimərhələli identifikasiyanı aktiv etməmək, təhlükəsizlik parametrləri dəyişdirilmədən routerlərdən istifadə və açıq “Wi-Fi” şəbəkələrinə VPN-siz qoşulmaqdır: “Təhlükəsizlik tələblərinə əməl olunmadıqda, vətəndaşların fərdi məlumatları ələ keçirilə, şəbəkədən isə kiberhücumlarda istifadə oluna bilər. Müəssisələr üçün isə bu, maliyyə itkisi və reputasiya zərəri ilə nəticələnə bilər. Bu məsələdə provayderlər müştərilərə təhlükəsizliklə bağlı təlimatlar təqdim etməli, müasir və etibarlı avadanlıqlarla təmin etməli, sistem yenilənmələri ilə bağlı vaxtında məlumat verməli, valideyn nəzarəti və qonaq şəbəkəsi funksiyalarını təklif etməklə kiberrisklərin azaldılmasına dəstək göstərməlidir”.

Fərdi və müəssisə şəbəkələrinə ciddi təhdid
İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyir ki, “Wi-Fi” şəbəkəsi simsiz olduğu üçün siqnal fiziki mühitdə yayılır və bu, şəbəkənin uzaqdan “görünməsi”, tutula bilməsi deməkdir. Bu texnologiyanın xarakteri bəzi əsas zəifliklərə imkan verir:
- “Eavesdropping" / Paket dinlənməsi: trafik şifrələnməmiş və ya zəif şifrələmə ilə ötürülərsə, kənardakı haker paketləri oxuya bilər.