AZ

“Wikipedia”nın analoqu

“Wikipedia”dakı məlumatlar şəxsi maraqlara uyğun olaraq redaktə olunur. Buna görə də, İlon Mask “xAI” şirkətinin “Grok” adlı çat-botunun imkanlarından istifadə edən qlobal bir ensiklopediya yaratmağı planlaşdırır. Bir müddət öncə şirkət sahibi “Wikipedia”da şəxsi bioqrafiyası ilə bağlı bəzi faktların, məlumatların təhrif edilməsindən narazılığını bildirmişdi. Növbəti podkast çıxışı zamanı Mask etiraf edib ki, onun startapı “Grok” çat-botu üçün proqram aləti hazırlayır. Bu alət onlayn mənbələrdə verilən məlumatlardakı qeyri-dəqiqlikləri avtomatik aşkarlayacaq və həmin məlumatları yenidən işləyəcək.

Bu cür “sintetik düzəlişlər” tədricən milyarderin ilkin olaraq “Grokipedia” adlandırdığı yeni onlayn məlumat bazasının əsasını təşkil edəcək. Maskın fikrincə, “Wikipedia”nın rəqibi olacaq bu resursun məzmunu faktların və hadisələrin siyasi təhriflərindən, həmçinin müxtəlif növ “ideoloji tullantılardan” azad olmalıdır. “xAI” qurucusunun sözlərinə görə, “Grok” çat-botu hazırda onlayn mənbələrdən aldığı məlumatları ciddi uyğunsuzluqları aşkar etmək məqsədilə təhlil edə bilir: ““Wikipedia” çox möhtəşəm məzmun təqdim edir, amma o, səhvlərdən və qərəzlərdən tam azad deyil. “Grok” isə bütün bunları təmizləyə bilər”.

Hələ 2022-ci ildə Mask “Wikipedia”da təqdim olunan məlumatların etibarlılığına diqqət çəkmişdi. Belə ki, “resessiya” termini ilə bağlı səhifə bir həftə ərzində 180 düzəlişə məruz qalmışdı. Bir il sonra o, platformanın neytrallığı və şəffaflığı mövzusunda resursun qurucusu Cimmi Uales ilə mübahisəyə girmişdi.

“Wikipedia”nın analoqu da qüsursuz deyil. Ekspertlərin fikrincə, süni intellekt emal etdiyi məlumatlara təhrif və səhvlər gətirə bilər və hələlik bəzi mürəkkəb suallara adekvat cavab verməkdə çətinlik çəkir. Bu halda senzuranın həddindən artıq avtomatlaşdırılması oxucuların bu cür resurslara olan etimadını sarsıda bilər.

 Ülkər XASPOADOVA,

“Azərbaycan”

Seçilən
51
azerbaijan-news.az

1Mənbələr