AZ

Putin Valdayda - 2022-ci ildə prezident Tramp olsaydı...

Rusiya prezidenti 4 saat sualları cavablandırdı

Qlobal dünyada artan konfrantasiyaların ən çox diqqət mərkəzində olanı sözsüz ki, 3-cü ilinin altı ayını arxada qoymuş Rusiya-Ukrayna müharibəsidir. Bu müharibəni qlobal qlobal mövqelərin adlandırmaq üçün isə böyük əsaslar var - müharibə ilk növbədə dünyadakı siyasi, iqtisadi və ticari proseslərə yeni bir yön verdi, qütblərarası mübarizəyə “rəng qatdı”, Mərkəzi Avropada yeni siyasi mənzərə yaratdı və ən əsası qlobal enerji təminatı, ərzaq təhlükəsizliyi ilə bağlı çətinliklər yaratdı, hətta silahlanma təhdidini açıq fonda təqdim etdi. Müharibənin gedişi isə ildən-ilə fərqli məcra qazanmaqdadır. Son 9 ayda ABŞ Prezidenti Donald Trampın sülh istiqamətində səyləri xüsusi vurğulanmalıdır - amma hazırda nə Rusiya, nə də Ukrayna təklif olunan sülh təşəbbüsü ilə bağlı real addımlar atmır. Tam əksinə, Avropa kontingenti Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır, Moskva isə var gücü ilə müharibəni davam etdirir.

Son dövrlərdə - istər Nyu-Yorkda baş tutan BMT Baş Assambleyasının sessiyasında, istərsə də “Avropa Siyasi Birliyi”nin toplantısında Qərb özünün mövqeyini tam şəkildə ortaya qoyur - istər atəşkəsi, istərsə sülhü necə gördüyü ilə bağlı təsəvvür formalaşdırır. Rusiyanın mövqeyi isə bu mövqe ilə uzlaşmır. Hər halda dövlət rəsmilərinin səsləndirdiyi fikirlər bunu deməyə əsas verir. Prezident Vladimir Putin Soçidə Valday Beynəlxalq Diskussiya Klubunun 22-ci illik toplantısında 4 saata yaxın onlarla sualı cavablandırıb və Rusiya xarici siyasətinin əsas mövzularına toxunub.

Bir adamın qaydası...

Putin qeyd edib ki, cari çoxqütblülük dövlətlərin fəaliyyət göstərdiyi çərçivəni müəyyən edir. Onun sözlərinə görə, hazırkı qlobal vəziyyətdə hər şeyə hazır olmaq lazımdır. Beynəlxalq münasibətlər köklü transformasiyadan keçir: “Heç kim uzaqda bir adamın qoyduğu qaydalarla oynamağa hazır deyil”, -deyən Rusiya lideri heç vaxt hər kəsə nə etməyi, necə etməyi, necə nəfəs almağı tövsiyə edə bilən” ölkə olmayacağını bildirib.

Rusiya NATO-ya daxil olmaq üçün 2 dəfə müraciət edib...

Rusiya-NATO münasibətlərinə toxunan Putin qeyd edib ki, Rusiya tarixdə iki dəfə Alyansa üzv olmaq istəyib: “Ölkəmiz iki dəfə NATO-ya qoşulmağa hazır olduğunu bəyan etdi. Birinci dəfə 1954-cü ildə, hələ sovet dövründə, ikinci dəfə isə ABŞ prezidenti Bill Klintonun 2000-ci ildə Moskvaya səfəri zamanı.Və hər ikisində biz qarşı tərəfdən rədd cavabı almışıq.  Klintonla mən danışanda o dedi: “Bilirsiniz, maraqlıdır, məncə, bu, mümkündür”. Sonra axşam dedi: “Mən xalqımla məsləhətləşdim - bu, indi real deyil, nə vaxt real olacaq?” Rusiya prezidenti Finlandiya və İsveçin NATO-ya daxil olmasına da münasibət bildirib. Onların NATO-ya daxil olmasını mənasız hesab edib.

Putin bildirib ki, Qərb elitaları hakimiyyəti əldən vermək istəmir və “xarici sərhəddəki vəziyyəti” gərginləşdirir: “Bəzi ölkələrdə siyasi rəqiblərinə qadağa qoymağa çalışırlar. Aİ ölkələri daxili parçalanmanın qarşısını problemlərini həll etməklə almaq istəmirlər. Onlar bu problemləri düşmənin obrazını şişirtməklə, həll etmək niyyətindədirlər. Avropada insanlar Rusiyadan niyə belə qorxduqlarını başa düşə bilmirlər. Öz problemlərinizlə məşğul olun”.

O qeyd edib ki, özünü aldatmaq təhlükəli bir şeydir və Rusiya sadəcə olaraq baş verənlərə laqeyd qala bilməz. “Biz Avropanın artan hərbiləşməsini diqqətlə izləyirik. Çoxlarına Rusiyanın mövcudluğu da xoş gəlmir. Təhdidlərə cavab “yumşaq desək, çox inandırıcı” olacaq. Tariximiz sübut etdi: zəiflik qəbuledilməzdir, çünki bu, bizimlə hansısa məsələnin güc yolu ilə həll oluna biləcəyi ilə bağlı şirnikdirmə, illüziya yaradır. Rusiya heç vaxt zəiflik və qətiyyətsizlik nümayiş etdirməyəcək”, - deyə Rusiya prezidenti bildirib.

Sakitləşməyin vaxtı çatıb...

Pentaqonun Müharibə Nazirliyi adlandırılmasına toxunan Putin bildirib ki, “yəqin ki, bunda müəyyən məna var. Bir az aqressiv səslənir”. Sanksiyalara gəldikdə isə, vurğulayıb ki, Rusiyaya qarşı tətbiq edilən və “sanksiyalar” adlandırılan cəza tədbirlərinin sayı və miqyasına görə Rusiya dünya tarixində mütləq rekordçudur. O, qarşı tərəfi Moskva ilə münasibətləri tamamilə fərqli istiqamətdə qurmağa çağırıb: “Dəfələrlə hədə-qorxu gəlinib, hətta tam blokada ilə hədələyiblər. Məncə, sakitləşməyin vaxtı çatıb”.

“Kağız pələng”...

Putin bildirib ki, Rusiya bütün bu illər ərzində Ukrayna Silahlı Qüvvələri ilə deyil, bütün NATO-ya qarşı vuruşur. O,  Rusiyanı “kağız pələng”ə bənzədən amerikalı həmkarı Donald Trampın bəyanatına da toxunub: “Əgər biz bütün NATO bloku ilə vuruşuruqsa və irəliləriyiksə, özümüzü əmin hiss ediriksə, bu “kağız pələng” olmaq deməkdir? O zaman NATO-nun özü nədir?”.

O, “Tomaqavkların Ukraynaya tədarükü məsələsinə də toxunub. Bildirib ki, uzaq mənzilli “Tomaqavk” raketləri müasir silah olmasa da, hələ də kifayət qədər güclüdür. Putin qeyd edib ki, “Tomaqavk” raketlərinin Ukrayna ordusuna mümkün tədarükü döyüş meydanında vəziyyəti dəyişməyəcək: “Tomaqavklar”ın Kiyevə çatdırılması Moskva və Vaşinqton arasında münasibətlərə xələl gətirəcək. Çünki bu raketlərin Amerika hərbçilərinin iştirakı olmadan istifadəsi mümkün deyil. Bu da eskalasiyanın tamamilə yeni mərhələsi demək olacaq”.

Ukraynadakı vəziyyət...

Rusiya prezidenti Ukrayna müharibəsinə də toxunub - bildirib ki, Ukrayna faciəsi həm ukraynalılar, həm də ruslar üçün ağrılıdır. 2022-ci ildə Donald Tramp ABŞ prezidenti olsaydı, münaqişənin qarşısını almaq olardı. Putinin sözlərinə görə, Rusiya qoşunları bütün təmas xətti boyunca irəliləyir. Qoşunlar Kupyanskın üçdə ikisini alıb. “Kirovsk tamamilə bizim nəzarətimizə keçdi. Cənub qrupu Kostiantynivkaya daxil oldu... Biz Seversk və Krasnoarmeyskə daxil olduq”, - Putin bildirib. O deyib ki, Luqansk vilayətinin demək olar ki, 100 faizi bizim əlimizdədir. Ukrayna Donetsk vilayətində təxminən 19 faizə nəzarət edir. Zaporojeyə və Xerson vilayətlərinin isə 24-25 faizi Ukrayna nəzarətindədir. Rusiya prezidenti Ukraynanın Silahlı Qüvvələrinin sentyabrda 44 min 700 itki verdiyini bildirib.

Dünya liderləri ilə münasibətlər...

Çıxışı zamanı Putin Trampla xüsusi münasibətindən və onların Alyaskadakı görüşündən də danışıb: “Biz bir-birimizi çoxdan tanıyırıq. Qəribə də olsa, o, dinləməyi bacaran adamdır. O, ümumiyyətlə, rahat danışandır”.

Putin Çin prezidenti Si Cinpini isə dostu adlandırıb: “Biz çox etibarlı şəxsi münasibət qurmuşuq”.

O, həmçinin Fransa prezidenti Emmanuel Makronla yaxşı münasibətlərindən danışıb və İngiltərənin keçmiş baş naziri Toni Bleyerin evində gecələdiyini xatırladıb: “Səhər pijamamızda qəhvə içirdik”.

Putinə Serbiya lideri Aleksandr Vuçiçlə münasibəti barədə sual verilib. “Mənim hamı ilə yaxşı münasibətim var”. “Vuçiçlə də” deyə cavab verdi.

Kimsə nüvə silahını artırmaq istəsə...

O bildirib ki, Rusiyanın ABŞ-dan daha çox taktiki silahı var: “Rusiya yeni hipersəs silah sistemləri hazırlaya bilər”. Putin bildirib ki, bu istiqamətdə hazırda iş gedir. Onun sözlərinə görə, Moskva nüvə silahı hazırlığını müşahidə edir - kimsə bunu edəcəksə, Rusiya da eyni addımı atacaq.

SADİQ

Seçilən
24
1
yeniazerbaycan.com

2Mənbələr