AZ

Yeni münaqişə bölgəsi yaranır: Hindistan daxildən qaynayır - Pakistanla Çin də...

Himalayda yerləşən, azsaylı əhalisi olan Hindistanın Ladak bölgəsi yeni gərginlik mərkəzinə çevrilib. Qonşu dövlətlər - Pakistan və Çin də bu münaqişəyə cəlb oluna bilər. Bölgədə dəfələrlə problem yaşanıb. Sonuncu dəfə bu ərazi 2020-ci ildə - Hindistan və Çin əsgərlərinin qüvvələrini sınadığı yer kimi yadda qalıb. Odlu silahlardan istifadə edilməsə də, hər iki tərəfdən ölənlər olmuşdu. Ladakdakı indiki gərginliyə səbəb Hindistan və Çin arasında sərhəd mübahisəsi olmasa da, kənardan müdaxilələr istisna edilmir. Bu dəfə yerli sakinləri qəzəbləndirən regiona Hindistan ştatı statusu verilməməsidir.

Modinin etirazlara səbəb olan qərarı

Məsələ ondadır ki, Hindistanın Baş naziri Narendra Modi Ladakın birbaşa mərkəzi hakimiyyətə tabe olan birlik ərazisinə çevirən islahat keçirib. “The New York Times” qəzetinin məlumatına görə, regionun bir çox sakinləri Hindistan tərəfindən onların bölgəsinə sərt nəzarət qurulmasından böyük məyusluq yaşayırlar. Səbəbləri aydındır: qərbdə problem yaşadığı Pakistan, şərqdə isə münasibətləri yaxşı olmayan Çin yerləşir. Narazılıq uzun müddət yığılıb və iğtişaşlara çevrilib. Minlərlə insan bu günlərdə bölgənin mərkəzi şəhəri Lehdə Ladaka ştat statusunun verilməsini tələb edərək etiraz nümayişinə çıxıb. “Mahatma Qandinin ruhunda aclıq aksiyası elan edən fəallar etirazçıların hisslərini daha da alovlandırıblar. Ancaq Qandi hakimiyyətə qarşı müqavimətin bu formasına yaxşı hazırlaşmışdı, özünü minimal miqdarda qida ilə keçinməyə alışdırmışdı. Ladakda aclıq aksiyasında iştirak edənlərin isə belə hazırlığı yox idi, onları həkimlərə təhvil verib xilas etmək lazım gəlib. Bu da etirazlara təkan olub. Nümayişçilər polis ilə toqquşub, Baş nazir Modinin partiyası olan Bharatiya Janata Partiyasının ofisi yandırılıb”, - məlumatda bildirilir. Hindistanın Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşlar nəticəsində 30-dan çox insan yaralandığından polis özünümüdafiə məqsədilə atəş açmağa məcbur qalıb. Nəticədə ölənlər olub: DİN konkret rəqəm verməyib. Belə hallarda adətən olduğu kimi, hakimiyyət və müxalifət nümayəndələri günahı bir-birinin üstünə atırlar.

Nepalda baş vermiş son hadisələrin ssenarisi?

Muxtariyyət uğrunda mübarizə qrupunun ən tanınmış fəalı Çerinq Dorcey beş nəfərin öldüyünü və ən azı 70 nəfərin yaralandığını bildirib. Ladak bölgəsinin səlahiyyətli qubernatoru Kavinder Qupta yerli etirazları Nepal və Banqladeşdəki gənclərin üsyanları ilə müqayisə edənləri zorakılığı qızışdırmaqda günahlandırır. "Əgər onlar dayandırılmasaydı, bütün şəhəri yandırardılar", - o iddia edir. Dorcey zorakılıq istəmədiyini söyləyərək özünü müdafiə edir. Onun sözlərinə görə, hakimiyyətin aclıq aksiyasına reaksiya verməməsi gəncləri hiddətləndirib. O etiraf edir ki, muxtariyyət uğrunda hərəkatın gənclər qolunun üzvləri polislərə daş atmağa başlayıb, bir neçə evi zədələyiblər. Dorceyin sözlərinə görə, bu, muxtariyyətçilər kütlə üzərində nəzarəti itirdiyi zaman baş verib. Hindistan federal hökumətinin bəyanatında vəziyyət fərqli şəkildə təsvir edilir: “Etiraz təşkilatçıları əvvəldən "Ərəb baharı" və ya Nepalda baş vermiş son hadisələrin ssenarisi ilə inqilab etmək məqsədilə zorakılığa meyillənmişdilər”.

Seçilən
158
1
publika.az

2Mənbələr