AZ

III MDB Oyunlarında gimnastlarımız uğurlu çıxış edib  

 

III MDB Oyunlarının səkkizinci günündə 9 idman növü üzrə yarışlar keçirilib.

Gəncə İdman Sarayında qılıncoynatma yarışları davam edib. Azərbaycan qılıncoynadanı Mirnuray Abasova bürünc medal qazanıb. Şpaqa növündə mübarizə aparan idmançımız yarımfinalda Rusiya təmsilçisi Anastasiya Zabelinaya (14:15) məğlub olub. Bununla da Mirnuray Abasova III MDB Oyunlarında 3-cü yerə yiyələnib. O, bürünc medalla kifayətlənməsinə münasibət bildirib: "Yarışa ciddi hazırlaşmışdım. Medal qazanacağımı bilirdim, içimdə əminlik hissi var. Növbəti yarışlara daha yaxşı hazırlaşacam ki, medalımın əyarını qızıla dəyişim. Yarımfinaldakı rəqibimin təcrübəsi məndən çox olduğu üçün ona qalib gəlməyim çətin idi. Baxmayaraq ki, qarşılaşmada uzun müddət hesabda irəlidə oldum. Lakin rəqibin təcrübəsi böyük olduğu üçün istəyimi həyata keçirə bilmədim. Gələcəkdə qızıl medal qazanaraq, Azərbaycanın bayrağını daha yüksəklərə qaldıracağam. Bu gün bürünc medal qazanmağımda əməyi olan məşqçilərimə təşəkkür edirəm".

Taisia Larkina qılıncoynatmanın şpaqa növündə birinci olub.

Finalda rusiyalı Taisiya Larkina həmyerlisi Anastasiia Zabelinaya qalib gəlib.

Həlledici görüş Larkinanın 15:13 hesablı qələbəsi ilə yekunlaşıb.

Yevlax Olimpiya İdman Kompleksində 46, 48, 50, 52, 54, 57, 60, 63, 66, 70, 75 və 80 kiloqram çəki dərəcələrində kişi boksçuların yarımfinal görüşləri keçirilib. Qazaxıstanlı rəqibinə 5:0 hesabi ilə qalib gələn və finala yüksələn 

Azərbaycan boksçusu Səfdər Məmmədzadə deyib:"Bu görüş mənim üçün çox önəmli idi. Finalda Özbəkistan boksçusu ilə qarşılaşacağam. Hazırlıq prosesinə davam edirəm və rinqə ən yaxşı formada çıxmağı planlaşdırıram. İndiyədək keçirdiyim bütün döyüşlər kifayət qədər çətin olub. Amma hamısında qalib gəlmişəm. Çünki mənim üçün məğlubedilməz rəqib yoxdur.

Hər bir görüşə ciddi hazırlaşıram və özümə inanıram. Əminəm ki, III MDB Oyunlarının qaliblərindən biri də mən olacağam və ölkəmizə qızıl medal qazandıracağam".

Qəbələ Olimpiya İdman Kompleksində qız və oğlan badmintonçuların fərdi, cüt və qarışıq yarışları davam edib. 1/4 finala adlayan Azərbaycan təmsilçiləri müəyyənləşib. Kişilərin fərdi yarışında Əmirxan İmanov tacikistanlı Oqil Qoşimidən üstün olub - 2:0.

Qadınlarda Viktoriya Kumanyayeva Tacikistandan olan həmkarı Mohira Karimovanı 2:0 hesabı ilə məğlub edib.

Qadınların qoşa yarışında da Azərbaycan Tacikistanı mübarizədən kənarlaşdırıb. Nəzrin Mehrəlizadə və Viktoriya Kumanyayevadan ibarət komanda Sumayyahon Hasanova və Mohira Karimova cütlüyünə qalib gəlib - 2:0.

Qarışıq qoşa komandaların mübarizəsində Fərəc Kərimli - Aysel Kazımova dueti Qazaxıstandan olan Yerassil Ahmet və Amaliya Ormanovanı 2:0 hesabı ilə məğlub edib.

Badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq.

Şəki Olimpiya İdman Kompleksində isə qız və oğlan gimnastların fərdi, həmçinin sinxron proqramda final mübarizəsi olub. Batut gimnastikası üzrə təmsilçimiz Maqsud Mahsudov (60.19 xal) oğlanların fərdi yarışında bütün rəqiblərini üstələyib və qızıl medala sahib çıxıb.

O, bu nəticəni karyerasındakı ən böyük nailiyyət hesab edib: “Ölkəmi təmsil edib bayrağımızı ucaltdığım üçün böyük məmnuniyyət duyuram. Azarkeşlərin dəstəyi çıxışımı yaxşı etməyimə böyük təsir göstərdi. Anam və bacım Selcan da tribunada məni dəstəkləyirdi. Böyük qürur hissi yaşayıram. Arzu edirəm ki, bu duyğuları bütün idmançılar da yaşaya bilsin”.

Belaruslu ikiqat Olimpiya çempionu İvan Litvinoviç (57.06) gümüş, qazaxıstanlı Nikita Tumakov (47.24) isə bürünc medal qazanıblar.

Azərbaycan millisinin üzvü Selcan Mahsudova III MDB Oyunlarında bürünc medal qazanıb. O, qadınların fərdi yarışında 56,040 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Belaruslu Lana Lebedeva 57,710 xalla qızıl, rusiyalı Anjela Bladçeva 57,660 xalla gümüş mükafata sahib çıxıblar.

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri III MDB Oyunlarında daha bir bürünc medal qazanıblar. Selcan Mahsudova və Şəfiqə Hümbətova qadınların sinxron proqramında üçüncü olublar.

Azərbaycan millisinin üzvləri III MDB Oyunlarında Maqsud Mahsudov və Hüseyn Abbasov oğlanların sinxron proqramında üçüncü olublar və növbəti medalı qazanıblar.

Azərbaycan gimnastları Selcan Mahsudova və Maqsud Mahsudov III MDB oyunlarında daha bir medal əldə ediblər. Onlar qarışıq komanda yarışında 49.930 xalla gümüş medala yiyələniblər.

Birinci pilləni Belarus təmsilçiləri (51.270 xal) tutub, Qazaxıstan gimnastları isə (47.280 xal) üçüncü olublar.

Azərbaycan batut gimnastları yarışı 1 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vurub.

Xankəndi şəhər stadionunda kamandan oxatma yarışları keçirilir. Azərbaycanın kamandan oxatanı Yaylaqül Ramazanova III MDB Oyunları çərçivəsində təşkil olunan oxatma yarışlarında bu dəfə hakim qismində iştirak edib — balaca qızı da onunla birgə olub.

Xatırladaq ki, Yaylaqül Paris-2024 Yay Olimpiya Oyunlarında  yarışlarda çıxış edib. Olimpiya Oyunlarından cəmi iki ay sonra ana olan idmançının hekayəsi bir çox insanı ilhamlandırıb.

Gəncə Olimpiya İdman Kompleksində 40, 45, 46, 51, 53, 60, 61, 71, 92 kiloqram çəki dərəcələrində güləşçilərin mübarizəsinə start verilib.

Mingəçevir “Kür” Olimpiya Mərkəzində isə karate üzrə yarışlar başlayıb və Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medalı təmin edib.

Bu,  Mədinə Sadiqova ilə Nəzrin Piriyevanın (hər ikisi 55 kq) finala yüksəlməsindən sonra məlum olub.

Fərid Savadov (60 kq) da həlledici döyüşə vəsiqə qazanıb.

Karate yarışları oktyabrın 4-də başa çatacaq.

Bundan başqa, Gəncə idman arenasında voleybol üzrə oyunlar keçirilib. B qrupunda yer alan qadınlardan ibarət Azərbaycan millisi Özbəkistanla, Rusiya isə Qırğızıstanla qarşılaşıb.

Qəbələ şəhər stadionunda futbol üzrə üçüncü və beşinci yerlər uğrunda oyunlar təşkil olunub. Belarus və Tacikistan milliləri bürünc medal üçün yarışıb. Digər görüş isə Özbəkistan və Qırğızıstan arasında baş tutub.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Seçilən
46
azerbaijan-news.az

1Mənbələr