AZ

Bahar Muradova: Kopenhagendə Azərbaycanın sülh gündəliyi təqdim edildi

BAKI, 3 oktyabr. TELEQRAF

"Prezident İlham Əliyevin Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirakı Azərbaycanın Avropa ilə münasibətlərində mühüm mərhələ hesab olunur. Bu səfər həm ikitərəfli, həm də çoxtərəfli formatlarda dialoqu gücləndirmək, enerji təhlükəsizliyi, sülh gündəliyi və regional sabitlik məsələlərində Azərbaycanın mövqeyini nümayiş etdirmək baxımından xüsusi əhəmiyyət daşıyır".

Bu sözləri Teleqraf-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Prezident İlham Əliyevin Kopenhagendə keçirdiyi vacib görüşlərin əhəmiyyətini şərh edərkən deyib.

Komitə sədri hesab edir ki, EPC platforması Avropanın siyasi gələcəyi, təhlükəsizlik məsələləri və iqtisadi inteqrasiya ilə bağlı geniş müzakirələr üçün əsas meydandır: “Azərbaycanın burada iştirakı ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu bir daha təsdiqləməsinə, regional sülh gündəliyini beynəlxalq auditoriyaya təqdim etməsinə və Avropa İttifaqı (Aİ) ilə siyasi-diplomatik kanallarını genişləndirməsinə və möhkəmləndirməsinə imkan yaratdı. Bu kontekstdə Prezident İlham Əliyevin sammitin plenar iclasında iştirakı Azərbaycanın yalnız regional deyil, həm də qlobal aktor kimi qəbul olunmasını nümayiş etdirdi.

Səfər çərçivəsində keçirilən ikitərəfli görüşlər isə Azərbaycanın Avropa ilə əlaqələrinin çoxşaxəli xarakterini ortaya qoydu. Sözsüz ki, Niderland və digər Avropa ölkələri ilə dialoq – iqtisadi əməkdaşlıq, sülh prosesinə dəstək, beynəlxalq təşkilatlarda fəaliyyətimiz zamanı uğurlu koordinasiya elementlərinin möhkəmlənməsinə şərait yaradır.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen və İtaliya tərəfi ilə görüş – enerji layihələri, o cümlədən "yaşıl enerji" sahəsində əməkdaşlığın və Avropaya ixracı imkanlarının əhəmiyyətini vurğulamaqla, Azərbaycanın Avropanın enerji keçidində mühüm tərəfdaş qusmində rolunu daha da gücləndirir”.

Bahar Muradovanın fikrincə, Fransa və Ermənistan rəhbərliyi ilə görüşlər isə sülh prosesinin davam etdirilməsi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və nəticələrin legitimliyini möhkəmləndirir: “Bu görüşlər bir daha göstərdi ki, Bakı Avropa dövlətləri ilə münasibətləri sadəcə enerji layihələri üzərində qurmaq niyyətində olmayıb, daha geniş siyasi və təhlükəsizlik gündəliyinə inteqrasiya üçün imkanları təqdim edir.

Kopenhagen sammitində Ermənistan Baş naziri Nikol Paşinyanla keçirilmiş görüş sülh prosesi və regional sabitlik baxımından xüsusilə diqqət çəkir. Azərbaycan bu platformadan istifadə edərək sülh gündəliyini beynəlxalq müstəviyə çıxarmağa nail oldu. Bu addım Azərbaycanın regionda sabitlik və təhlükəsizlik təşəbbüslərinin mühüm aktoruna çevrildiyini göstərdi.

Həmçinin Aİ və digər beynəlxalq tərəfdaşların dəstəyi ilə Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması yolunda irəliləyiş əldə edilməsini və Azərbaycanın diplomatik mövqeyini gücləndirdiyini göstərdi.

Butün bu proseslərdə diqqətçəkən məqam əlbəttə ki, Prezident İlham Əliyevin özünə, onun şəxsiyyətinin gücünə və xarizmasına, liderliyinə və bərabərhüquqlu münasibətlərdə etibarlı tərəfdaşlıq bacarığı ilə yanaşı, konstruktivlik ruhuna olan marağı xüsusi vurğulamaq lazımdır.

Bu məsələdə bəzi Avropa liderlərinin ondan öyrənilməsi vacib olan bir çox örnək keyfiyyətlər daha qabarıq gözə çarpdı ki, bu da haqlı olaraq bizi daha çox qürurlandırır”.

Seçilən
77
teleqraf.com

1Mənbələr