Ötən gecə Rusiya qüvvələri Ukraynanın qaz hasilatı infrastrukturuna genişmiqyaslı müharibə başlayandan bəri ən böyük hücumu həyata keçirib. Xarkov və Poltava vilayətlərindəki “Naftoqaz” obyektləri hədəfə alınıb.
AFN.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” “Naftoqaz”a istinadən məlumat yayıb.
"Düşmən genişmiqyaslı müharibə başlayandan bəri qaz hasilatı infrastrukturuna ən böyük hücumu həyata keçirib", - deyə "Naftoqaz"dan bildirilib.
Xarkov və Poltava vilayətlərindəki “Naftoqaz” obyektlərinə xeyli sayda ballistik raket də daxil olmaqla 35 raket və 60 dron atılıb.
"Onların bəziləri vurulub, təəssüf ki, hamısını zərərsizləşdirmək mümkün olmayıb. Bu hücum nəticəsində xeyli sayda obyektimizə ziyan dəyib. Zərərlərin bir qismi kritik olub", - deyə şirkətin açıqlamasında qeyd edilib.
"Naftogaz Group"un baş direktoru Serhiy Koretsky bildirib ki, hazırda nəticələrin aradan qaldırılması istiqamətində işlər aparılır.
"Biz Ukraynanın tərəfdaşları ilə işləyirik ki, bu zərbəyə reaksiya və onun ümumi vəziyyətə təsirinin operativ və kifayət qədər olması təmin edilsin. Terrorizm heç bir yerdə öz hədəfinə çatmamalıdır", - deyə o qeyd edib.
Xatırladaq ki, oktyabrın 2-dən 3-nə keçən gecə Rusiya Ukrayna ərazisinə növbəti birləşmiş zərbə endirib. Poltava, Dnepr, Odessa və bir sıra digər bölgələrdə partlayışlar baş verib. Poltava vilayətində isə hücumun əsas hədəfi enerji obyektləri olub.
Energetika Nazirliyi bildirib ki, ruslar Ukraynanın bir sıra regionlarında enerji infrastrukturu obyektlərinə zərbələr endirmək üçün raket və dronlardan istifadə ediblər. Qaz ötürücü sistem obyektlərinə də ziyan dəyib.