AZ

"Azərbaycanda tələbələr üçün Avropa və Türkiyə səviyyəsində güzəştlər yoxdur" -İlqar Orucov

Türkiyədə bir tələbənin nahar yeməyi cəmi 1 manat 40 qəpiyə başa gəlir. Azərbaycanda isə 1 manat 40 qəpiklə yalnız yeməyin yanındakı çörəyi almaq mümkündür.

Niyə bizim ölkədə tələbələr bu cür güzəştlərdən məhrumdurlar?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti İlqar Orucov bildirdi ki, Türkiyədə bir çox universitetlərin yeməkxanalarında qiymətlər kifayət qədər ucuz və əlçatandır:

"Ümumiyyətlə, tələbələrin universitet yeməkxanalarında yalnız nahar deyil, digər xidmətlərdən də aşağı qiymətlərlə istifadə etmək imkanı olur. Hazırda mən Berlindəyəm, oğlum burada Berlin Texniki Universitetində magistr təhsili alır. Oradakı vəziyyətə nəzər salsaq, görürük ki, tələbələr üçün yemək qiymətləri ümumi bazar qiymətindən təxminən 50-70 faiz ucuzdur. Almaniya bahalı ölkə hesab olunsa da, tələbələr üçün müəyyən güzəştlər sayəsində yemək əlçatan olur".

Onun sözlərinə görə, bu güzəştlər təkcə yeməklə məhdudlaşmır:

"Tələbələr nəqliyyat xərclərində də ciddi üstünlüklərə malikdirlər. Hətta onların ictimai nəqliyyatdan istifadə haqqı belə universitet tərəfindən qarşılanır. Bu, yalnız oxuduqları şəhərin nəqliyyatına deyil, bütün Almaniya ərazisindəki ictimai nəqliyyata aiddir. Eyni zamanda tələbələr üçün yataqxana xərclərində də böyük güzəştlər tətbiq olunur. Dövlət yataqxanalarının qiymətləri özəl yataqxanalarla müqayisədə xeyli ucuzdur. Bütün bu addımların məqsədi gənclərin rahat şəkildə təhsil almasına şərait yaratmaqdır. Bu, həm təhsilə, həm də oxumaq istəyən gənclərə verilən dəyərin göstəricisidir. Universitetlərin özlərinin də təqaüd proqramları mövcuddur. Məsələn, oğlumun təhsil aldığı Berlin Texniki Universiteti dünyanın aparıcı ali məktəblərindən biridir və burada xarici tələbələr üçün belə təhsil haqqı tamamilə pulsuzdur. Yəni, biliyi və qabiliyyəti olan istənilən tələbə heç bir ödəniş etmədən təhsil ala bilər. Bu, həm yerli, həm də xarici tələbələr üçün çox böyük imkandır".

Müsahibimiz vurğuladı ki, bütün bunlar onu göstərir ki, Avropada təhsilə böyük qayğı var.

"Universitetlər oxumaq istəyən insanlara qarşı kifayət qədər humanist yanaşır, bu da təhsilli cəmiyyətin formalaşmasına xidmət edir. Təəssüf ki, bizim universitetlər bu sahədə çox geridə qalır. Biz dəfələrlə tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiq olunması, hətta xaricdə oxuyan tələbələr üçün aviabiletlərdə endirimlərin verilməsi təklifini irəli sürmüşük. Amma hələlik bu təkliflər reallaşmayıb. Halbuki tələbələr həssas qrup kimi ayrıca yanaşmaya ehtiyac duyurlar. Almaniyada isə magistr tələbələrinə hətta işləmək üçün də şərait yaradılır. Onlara rəsmi şəkildə ilin 280 günü yarım gün, yaxud 141 gün tam işləmək hüququ verilir. Yəni tələbə həm oxuyur, həm də rəsmi iş imkanlarından yararlana bilir.

Bizim universitetlərdə də oxşar strategiyalar hazırlanmalı, tələbəyönümlü proqramlar işlənməlidir. Təəssüf ki, hazırda universitetlər yalnız təhsil haqqına fokuslanır və tələbələr üçün əlavə güzəştlər demək olar ki, mövcud deyil. Halbuki tələbələr üçün xüsusi təqaüd və dəstək proqramları işlək vəziyyətdə olsa, savadlı gənclərin daha yaxşı oxumasına, ölkənin təhsil səviyyəsinin yüksəlməsinə böyük töhfə verilə bilər", - deyə İ.Orucov fikirlərini yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Seçilən
33
1
redaktor.az

2Mənbələr