İlham Əliyevdən xalqa müjdə: "Suqovuşanda bayrağımız qaldırıldı!"
Oktyabrın 3-də bütün cəbhəboyu gərgin döyüşlər davam edib. Gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb və ona sarsıdıcı zərbələr endirilib.
Düşmən dinc əhalini atəşə tutub
Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləabad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcabədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Quzanlı, Əlibəyli və Ayaq Qərvənd kəndləri ağır artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən düşmənə qarşı qəti cavab tədbirləri görülür.
Prezident və Mehriban Əliyeva əməkhaqlarını yardım fonduna ianə ediblər
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.
Dövlət başçısının 2002-ci il 17 avqust tarixli 755 nömrəli fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 2020-ci il oktyabrın 1-dək 120.106.408,24 AZN, 218.680,68 ABŞ dolları, 18.341,0 avro və 5000 rubl vəsait daxil olub.
Ali Baş Komandan xalqa müjdə verib
Ali Baş Komandan "Tviter" səhifəsində paylaşım edərək xalqa müjdəli xəbər verib:
"Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!"
İlham Əliyev Madagizin tarixi adını bərpa edir - Suqovuşan
Bu xoş xəbərin ardınca Prezident daha bir məlumat paylaşıb: "2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!"
Azərbaycan Ordusu bir neçə kəndimizi azad edib
Günün sonunda Ali Baş Komandan xalqa daha bir müjdəli xəbər verib. Prezident "Tviter" səhifəsində yazıb: "Bu gün Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad edib.
Qarabağ Azərbaycandır!"
Düşmənin atəş mövqeləri susdurulub
Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, bütün cəbhəboyu şiddətli döyüşlər davam edib. Cəbhənin müxtəlif istiqamətlərində yaşayış məntəqələrimiz düşmənin intensiv artilleriya və raket atəşinə məruz qalıb.
Azərbaycan Ordusunun bölmələrinin qətiyyətli cavab tədbirləri nəticəsində yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə atəş mövqeləri susdurulub, düşmənə sarsıdıcı zərbə endirilib.
Erməni əsgərləri döyüş mövqeyini tərk edərək qaçıb
Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.
Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"