AZ

Suqovuşanın işğaldan azad edilməsindən 5 İL ÖTÜR

Ajans.az xatırladır ki, 2020-ci ilin sentyabrında Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi gedişində Azərbaycan Ordusu böyük şücaət göstərərək, oktyabrın 3-də strateji əhəmiyyətli Suqovuşan qəsəbəsini düşməndən təmizləmişdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin oktyabr ayının 3-də Suqovuşanın erməni işğalından azad olunduğunu açıqlayıb. Daha sonra Ali Baş Komandan həmin dövrdə 1-ci Ordu Korpusuna komandanlıq edən general-mayor Hikmət Həsənovu Suqovuşanın işğaldan azad olunması münasibətilə təbrik edib. Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri hesab olunur. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb. Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb. Bu qələbə müharibənin gedişində mühüm dönüş nöqtələrindən biri olmuş, Tərtər rayonunun təhlükəsizliyi təmin edilmiş və bölgənin su ehtiyatları üzərində dövlətimizin nəzarəti bərpa olunmuşdur. Suqovuşanın işğaldan azad olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının, milli ruhun və xalq–ordu birliyinin bariz göstəricisi idi. Qəsəbənin azadlığı həm əsgərlərimizin, həm də bütün xalqımızın qələbəyə inamını daha da gücləndirmişdir. Qeyd edək ki, bu yaşayış məntəqəsinin əvvəlki adı Madagiz olub.Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında" qanun layihəsi Milli Məclisə göndərilib. Layihə parlamentin 2020-ci ilin oktyabrın 6-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib. Daha sonra Prezident İlham Əliyev Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu imzalayıb. Sənədə əsasən, Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb. Hazırda Suqovuşanda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Qəsəbə yenidən dirçəlir, infrastruktur layihələri reallaşdırılır, sakinlərin doğma yurdlarına qayıdışı üçün şərait yaradılır. Bu, Azərbaycanın işğaldan azad olunmuş bütün torpaqlarında həyata keçirilən böyük yenidənqurma prosesinin tərkib hissəsidir. Onu da qeyd edək ki, oktyabrın 3-də Suqovuşan və Talış kəndləri ilə yanaşı, Cəbrayıl rayonun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.

Suqovuşanın işğaldan azad edilməsinin 5-ci ildönümü münasibətilə ölkənin müxtəlif bölgələrində anım mərasimləri keçirilir, şəhidlərin müqəddəs xatirəsi ehtiramla yad olunur.

Seçilən
46
Ajans.az

1Mənbələr