AZ

Mançesterdə sinaqoqa hücum edən şəxsin kimliyi açıqlanıb

London, 3 oktyabr, AZƏRTAC

Mançester polisi şəhərdə sinaqoqa hücumu 35 yaşlı, Böyük Britaniya vətəndaşı olan suriyalı əsilli Cihad Əl-Şami törətdiyini açıqlayıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Polis bildirib ki, hücum edən şəxs əvvəlcə avtomobili insanların üzərinə sürüb, daha sonra bıçaqla hücum edib. Hadisə terror aktı kimi qiymətləndirilib.

Polis əməkdaşları təcili yardım xəttinə ilk zəng daxil olduqdan cəmi yeddi dəqiqə sonra hücumçunu güllələyərək zərərsizləşdiriblər. Sonradan daha üç nəfər saxlanılıb. Onlardan ikisi 30 yaşlarında kişi, biri isə 60 yaşlarında qadındır. Onların terror aktının hazırlanması və təşviqi şübhəsi ilə saxlanıldığı bildirilib.

Hadisə zamanı çəkilən videolarda polis əməkdaşlarının “geri çəkilin, onun üzərində bomba var”,- deyə qışqırdıqları eşidilir. Lakin sonradan polis həmin partlayıcı qurğunun işlək vəziyyətdə olmadığını təsdiqləyib.

Hücum Hiton Park sinaqoqunda, Yəhudi təqviminin ən müqəddəs günü sayılan Yom Kippur mərasimi zamanı baş verib. Baş nazir Kir Starmer hadisəyə münasibət bildirərək antisemit nifrətin artmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
41
1
azertag.az

2Mənbələr