AZ

Tanıdıqca gözümüzdə böyüyən adam

Bizimyol saytına istinadən ain.az xəbər verir.

İllər əvvəl İbrahim Nəbioğlu ilə ortaq dostumuz Elçin Şıxlı haqqında balaca bir yazı yazmışdım. Orda bir lətifə vardı. Əslində deyilənə görə lətifə də deyil, olmuş əhvalatdır.

Əhvalat budur. Qazax-Bakı martşrutu ilə hərəkət edən sərnişin avtobusu Kürdəmirdə bir kafenin yanında dayanır. Sərnişinlər aşağı düşür, əlini, üzünü yuyur, kafeyə keçir çay içməyə, yemək yeməyə. Bir yeniyetmə oğlan da yaxınlaşır kafenin administratoruna və soruşur:

- Dayı, sizdə wi-fi var?

Kişi deyir:

- Yox, bizdə ancaq qazan yeməkləridir.

İbrahim Nəbioğlunun kitabını oxuyandan və ard-arda iki təqdimatında iştirak edəndən sonra düşündüm: İbrahim Nəbioğlunun işi asan deyil. O, insanlara wi-fi ilə qazan yeməyinin... fərqini anlatmaqla mükəlləfdir. Hər halda özünü camaata borclu sayır. Maarifçilik deyilən də elə budur: zarafatyana bənzətmədə dediyim kimidir. Maarifçi təkcə peşəkar olmaqla bir şey edə bilməz, gərək həm də fədakar ola. Gerçək elm adamının da, jurnalistin, yazıçınım da bir tərəfi mütləq fədakarlığa bağlıdır. Yoxsa cəhalətin meydan suladığı mühitdə əlindən bir iş gəlməz.

Daha əvvəl də yazmışdım: cəhalət, mövhumat, xurafat balaca bəlalar olsa, bunlarla Mirzə Ələkbər Sabir, Həsən bəy Zərdabi, Mirzə Cəlil, Üzeyir bəy kimi nəhəng adamlar mübarizə aparmazdı ki! Onlar kimi yüzlərlə başqa böyüklərimiz millətin savadlanmasına bu qədər önəm verməzdi! Hüseyn Cavid kimi adam ömrünü bu məqsədlərə həsr etməzdi ki!

Tanıdıqca gözümüzdə böyüyən adamlar da var, kiçilən adamlar da. Mən həmişə İbrahim Nəbioğlunu izləyirəm, yazdıqlarını oxuyuram. Hərdən mənə elə gəlir ki, hələ yazmadıqlarını da oxunuşam))

Zarafat bir yana, doğrusu, hərdən öz-özümə fikirləşdiyim də olub: bu insana hər gün artan rəğbətimin səbəbi nədir? Onun "Gələcək çox tez gələcək" kitabını oxuyanda cavab özlüyündə agah olur: ortaq dəyərləri bölüşürük, ortaq məqsədlər var. Bu gün bu ortaq dəyərlərdən, məqsədlərdən Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində keçirilən təqdimatda da çox danışıldı. Muzeyin direktoru, akademik Rafael Hüseynov, çıxışçılar, İbrahim Nəbioğlunun özü çox maraqlı bilgilər, duyğular qatdı bizə. İbrahim Nəbioğlu bir kitab yazıb, ancaq bir neçə kitablıq mətləblərə toxunuldu. Dostlar, oxucular müəllifin qarşısında yeni kitablar yazmaq öhdəliyi qoydu. O öhdəliyi ki, elə mənim onu tanıdığım 33 ildə İbrahin Nəbioğlu özü könüllü olaraq boynuna götürüb və səbrlə, səliqə-sahmanla yerinə yetirir.

Ağır öhdəlikdir. Bu dəfə İbrahim bəy adamlara süni intellektlə qazan yeməklərinin fərqini öyrədəsidir axı. Zarafat deyil...

Amma, yox, əlbəttə, bu hissə zarafatdır. Özü də çox ciddi bir zarafat!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
75
bizimyol.info

1Mənbələr