Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətininmüxbiri Pavel Zarubin – Vladimir Putinlə mütəmadi ünsiyyət quran yeganə rusiyalı reportyordur.
Orta statistik rusiyalı Prezidentin həyatı və işi haqqında məhz onun (tərif dolu) reportajlarından xəbər tutur.
BBC Başqırdıstandan olan bu gənc idealistin rusiyalı təbliğatın əsas simalarından birinə necə çevrildiyini araşdırıb.
Kreml, 2025-ci ilin mayı, Vladimir Putin dövlət mükafatlarını təqdim edir.
Rusiya Today kanalının baş redaktoru, əsas rusiyalı təbliğatçılardan biri Marqarita Simonyan və yeni "Andrey Pervozvannı" ordeni ilə təltif olunmuş xarici işlər naziri Sergey Lavrov əllərində şampan qədəhləri ilə dayanıb.
"Zarubin", - Simonyan asta səslə nazirə jurnalistin yaxınlaşdığını bildirir.
"Sizi bura necə buraxdılar?" - Lavrov Zarubinə maraqla müraciət edir.
"O elə bil burada yaşayır", - Simonyan onun əvəzinə cavab verir.
Artıq yeddi ildir ki, Pavel Zarubin Putini hər yerdə izləyir. Onun coşqulu reportajları hər həftə "Moskva. Kreml. Putin" proqramında yayımlanır.
Putin və Trampın Ankoricdəki son görüşünü Zarubin "siyasi blokbaster" adlandırmışdı və böyük həvəslə prezident təyyarəsini, ona bağlanmış trapı, Putinin Trampın qarşısına çıxdığı qırmızı xalçanı və sammitin keçirildiyi ABŞ hərbi bazasındakı əlüzyuyanı belə təsvir etmişdi.
Zarubinin verilişlərində Prezidentin limuzininin qarşısında yolu keçməyə qorxan pişikdən tutmuş, həmin limuzini parıldadan fırçaya, Prezidentin növbəti sənədi çıxardığı qovluğa qədər hər şey eyni heyranlıqla təqdim olunur.
Verilişi başladan Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkəti "Hamıdan çox göstəririk" şüarını doğrultdu: Prezidentin işini bu qədər geniş işıqlandıran başqa heç kim yoxdur, hətta dövlət televiziyasında da...
Üstəlik, Zarubin qədər imkanı olan da yoxdur.
Reportyorun karyerası və bioqrafiyası Vladimir Putinin 25 illik hakimiyyəti dövründə rusiyalı televiziya jurnalistikasının hansı yolu keçdiyini açıq şəkildə göstərir.
"Hətta Kremlyönlü mediada bir çox insanlar bundan iyrənirlər"
"Moskva. Kreml. Putin" proqramı Kremlin böhranının qızğın vaxtında - 2018-ci ilin yayında hökumətin həyata keçirdiyi qalmaqallı pensiya islahatından sonra meydana çıxdı.
Pensiya yaşının artırılması planlarını hökumət, Putinin yeni prezidentlik müddətinə təyin olunmasından cəmi üç ay sonra və Rusiyada futbol üzrə dünya çempionatının açılış günü elan etmişdi.
Əgər bu, yeni islahatın yaratdığı mənfi reaksiyanı bir qədər yumşaltmalı idisə, plan tam uğursuzluqla nəticələndi - ölkə boyu etiraz dalğası yayıldı, Putinin reytinqi isə kəskin şəkildə düşdü.
Bu hadisələrin fonunda, gözlənilmədən Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətinin (rusca VQTRK) əsas kanalı olan "Rossiya 1"-də Prezident haqqında yeni proqram peyda oldu.
İlk buraxılış 2 sentyabr 2018-ci ildə yayımlandı, proqramın özü isə "Moskva. Kreml. Putin" adını aldı və nümayişdən cəmi bir gün əvvəl elan edildi.
Nümayişə qədər kanal proqramın məzmununu, dövriliyini, hətta aparıcılarının adlarını da açıqlamamışdı.
Nəticədə aparıcılar iki nəfər oldu: ölkənin ən məşhur jurnalistləri arasında sorğularda lider olan Vladimir Solovyov və həmin vaxt hələ çox da tanınmayan Pavel Zarubin.
Proqramın formatı yeddi il ərzində dəyişməyib - hər həftə aparıcılar Putinin işi və istirahəti barədə danışırlar.
Zarubin proqramın əsas simasıdır, Prezident haqqında süjetləri indi verilişin xronometrajının əsas hissəsini tutur.
O, azsaylı müsahibələrində öz uğurunu "uğur çalışana gəlir" sözləri ilə izah edir (və Putinin bu ifadəni tez-tez təkrar etdiyini vurğulamağı unutmur).
"Moskva. Kreml. Putin" proqramının tənqidçiləri onu mərhum Venesuela lideri Uqo Çavesin "Alo, Prezident" telemarafonları və ya Türkmənistanın keçmiş rəhbəri Qurbanqulu Berdiməhəmmədov haqqında tərif dolu süjetlərlə müqayisə edirlər.
İlk buraxılışlardan sonra ekspertlər yeni bir "şəxsiyyətə pərəstiş kultunun" yaradıldığını elan etdilər: onlar sovet televiziyasının yaşlanan Leonid Brejnevi necə təriflədiyini və ya "Koreya" jurnalının "böyük rəhbər, yoldaş Kim İr Sen" haqqında necə tərifnamələr dərc etdiyini xatırlatdılar.
Baxmayaraq ki, "Moskva. Kreml. Putin" dərhal şirkətin ən populyar layihələrindən birinə çevrildi, bütün 2019-cu il boyu Prezidentin reytinqi (proqramın reytinqindən fərqli olaraq) yenə də enməyə davam edirdi.
Putinin siyasi qərarlarının mahiyyətini bu proqramdan anlamaq çətindir. Zarubin demək olar ki, bütün diqqətini qeyri-vacib detallara yönəldir.
Məsələn, 2019-cu ildə Putinin Həştərxan vilayətinə səfəri zamanı Zarubin uçuş meydançasında "boyunlarını uzadaraq prezident təyyarəsinin enişini izləyən" sincabları xüsusi vurğulamışdı.
Üç il sonra isə jurnalist tamaşaçılara "Putinin stolun üstündən düşən karandaşı necə tutduğunun real kadrlarını" göstərirdi.
"Karandaşı ustalıqla tutdu. Qeyd etmək lazımdır ki, reaksiyası əladır", - Solovyov belə şərh etmişdi.
Dekabrda isə Zarubin heyranlıqla təsvir edirdi ki, Avrasiya İqtisadi İttifaqının iclasında Putin çıxışları dinləməyi dayandırmadan qələmlə əl saatının bağını necə düzəltdi.
"Zarubin kimi yaltaqlanmaq hətta kremlyönlü KİV-lərdəki bir çox insan üçün belə xoşagəlməzdir," - Putinin fəaliyyətini işıqlandıran jurnalistlər qrupunda Zarubinlə işləyən bir həmkarı BBC-yə bildirib (o, bir çox digər müsahiblər kimi, VQTRK jurnalisti haqqında yalnız anonimlik şərti ilə danışmağa razı olub).
Əvvəllər reportyor belə jurnalistika ilə məşğul olmaq istəmirdi.
"Bir gün sən də bacaracaqsan"
Başqırdıstanın cəmi 65 min əhalisi olan Beloretsk şəhərində doğulmuş, əlaçı Pavel Zarubin uşaq yaşlarından televiziyada jurnalist olmaq arzusunda idi.
"Məndə tərəddüd yox idi, başa düşürdüm ki, telejurnalist olmaq istəyirəm. Təkcə bir məsələ var idi: mən çox kiçik bir şəhərdə böyüyürdüm, qəzetimiz var idi, amma nə televiziya, nə də radio yox idi. …Başa düşürdüm ki, arzularım, deyəsən, çox cəsarətlidir", - deyə Zarubin sonralar nadir müsahibələrindən birində danışırdı.
Zarubin xatırlayırdı ki, nəsillikcə metallurqlardan ibarət ailədə böyüsə də, valideynləri onun bu istəyini dəstəkləyirdi.
Onun nənəsi, babası, atası, anası və hər iki qardaşı Beloretsk Metallurgiya Kombinatında (BMK) çalışırdı.
Gələcək telejurnalist hələ məktəbdə oxuyarkən sinif yoldaşları ilə birlikdə poladəritmə sexinə ekskursiyaya aparılmışdı. İçəri girəndə Zarubin "bir növ cəhənnəm" gördü. «İsti… Metal. Özümə söz verdim: heç vaxt metallurq olmayacağam! Elə edəcəyəm ki, heç vaxt bu işlə məşğul olmayım!" - Zarubinin sözlərini onun keçmiş VQTRK həmkarı xatırlayır.
Zarubinin qohumlarının buna görə inciyib-incimədiyi məlum deyil, amma o, artıq məşhur jurnalist olanda yarı zarafatla tanışlarına gileylənirdi ki, qohumları onun televiziya süjetlərinə baxmırlar.
"O, evə gəlirdi, hamı yığışırdı. Nənələr, süfrə, "Paşa gəldi!". Və o danışırdı: "Hamıya deyirdim: "Baxın, indi mənim süjetim olacaq!". Düşünürdüm ki, indi qohumlar deyilən hər sözü diqqətlə izləyəcəklər. Amma onların heç vecinə də deyilmiş. Otururlar, içirlər, söhbət edirlər", - VQTRK-dakı keçmiş həmkarı Zarubinin sözlərini belə xatırlayır.
Ural Federal Universitetində təhsilini başa vurduqdan sonra Zarubin 2000-ci ildə Yekaterinburqun ən böyük özəl televiziya şirkəti olan "Dördüncü Kanal"a daxil oldu. Bu kanalı TNT telekanalının keçmiş baş direktoru və onlayn kinoteatr Kionun sabiq rəhbəri, prodüser İqor Mişin yaratmışdı (o, BBC ilə danışmaqdan imtina edib).
O dövrdə Yekaterinburqda ondan çox xəbər proqramı yayımlanırdı. Onlar gündəlik efirdə təxminən on altı saat yer tuturdu.
"Rusiyanın televiziya paytaxtı nə Moskva, nə də Peterburq idi, Yekaterinburq idi. Reytinqə görə birinci yerdə VQTRK idi, amma "ağ paltarlı ilahələr Olimpisi" Çetvorka (4-cü kanal) idi", - deyə anonimlik şərti ilə danışan yekaterinburqlu telejurnalist izah edir.
Onun sözlərinə görə, bu kanal şəhərdə xəbərlərdən dürüst gəlir əldə edən yeganə telekompaniya sayılırdı. Qalanların hamısı "müxtəlif hakimiyyət dairələri ilə" əlaqələndirilirdi: bəziləri meriya ilə, bəziləri isə vilayət administrasiyası ilə.
Zarubinin özünün danışdığına görə, "4-cü kanal"ın xəbər xidmətinə jurnalist axtarışı barədə elanı o, qəzetdə görmüşdü.
Elanda yazılmışdı ki, "40 yaşına qədər kişilər" axtarılır.
"Tam mənlikdir!" - deyə həmin vaxt 18 yaşı olan Zarubin qərara gəlmişdi.
Jurnalist əvvəlcə səhər efirlərində işə başlamış, sonra informasiya şoularını aparmış və nəhayət, axşam xəbərlərinin aparıcısı olmuşdu.
Yekaterinburq televiziyasındakı həmkarlarının xatirələrinə görə, gənc jurnalist o zaman ətrafdakılara "yarı uşaq" təəssüratı bağışlayırdı: "Gülməli, yanaqları qıpqırmızı. Bu, xəbərlər üçün bir az uyğun olmayan görünüş idi, amma özü çox inamlı davranırdı".
Zarubin o dövrdə liberal baxışlara malik idi. "Onun tipi cizgi filmindəki "tez vurulan qarğa"ya bənzəyirdi. Amma o, insanlara yox, ideyalara vurulurdu. Və o zaman onun sevgisi müstəqil media idi: ətrafdakı hər kəsi sözün gücü ilə yandıran televiziya. Paşa hamıya həqiqəti danışırdı", - Yekaterinburqdan olan Zarubinin tanışı belə izah edir.
Hətta məclislərdə Pavel "danışmır, sanki tribunadan çıxış edirdi", jurnalist məclislərində isə həmkarına "qərəzlilik" barədə irad bildirə bilərdi.
"Niyə demədiniz ki, bu adam yaxşıdır, o isə pisdir? Niyə xəbərlərinizdə həqiqəti tam demədiniz, mənim kimi?" - keçmiş həmkarı Zarubinlə dialoqu belə təsvir edir.
Moskva ilə müqayisədə Yekaterinburq kiçik şəhər idi. Hər bir yerli jurnalist efirdə dediyi sözlərə görə məsuliyyət daşıyırdı, keçmiş yekaterinburqlu teleaparıcı izah edir.
"Mənə mağazada yaxınlaşıb deyirdilər: "Niyə xəbərlərdə bunu dediniz, halbuki belə deyil?" Paşaya da belə edirdilər. Mən dəqiq bilirəm ki, o vaxt Paşa bizim peşəkar dəyərlərimizi bölüşürdü, inanırdı ki, bu iş yalnız həqiqət üzərində qurulmalıdır". Həmin illərdə KİV-lərdə liberal baxışlar "dəbdə idi" və "demokratik düşüncəli jurnalist" olmamaq qəribə sayılırdı, - Zarubinin başqa bir keçmiş həmkarı əlavə edir.
Zarubin, onun tanışlarından birinin sözlərinə görə, "köhnə NTV-nin bütün verilişlərini əzbərləmişdi" və peşəyə maksimum ciddiliklə yanaşırdı.
"O, elə də alovlu deyildi… Sadəlövh idi. Mehriban idi, qəzəbli deyildi. Jurnalistikanın ideallarına inanan biri idi", - Yekaterinburqdakı telekanallardan birində işləmiş keçmiş həmkarı Zarubini belə təsvir edir.
Məsələn, o, "NTV-nin ələ keçirilməsi" ilə bağlı bir epizodu xatırladır (2000-ci illərin əvvəlində hakimiyyətin təzyiqləri nəticəsində telekanalın sahibləri dəyişmiş, buna NTV kollektivi etiraz etmişdi. Mülkiyyətçilərin dəyişdirilməsi təşəbbüsünün Putindən gəldiyi deyilirdi - BBC).
Yekaterinburq jurnalistləri paytaxtdakı həmkarlarını dəstəkləmək üçün aksiyalar təşkil edirdilər.
Bir müddət mitinqlər arasında fasilə yarananda isə BBC-nin müsahibinin çalışdığı telekanalın rəhbərliyi "öz prinsiplərini tapdalayaraq" dəstəyi dayandırmaq və əksinə, "NTV-yə qarşı çıxmağa" qərar verdi.
"Heç kim məcbur etmirdi, amma qərar belə qəbul olundu ki, sonra hansısa bonuslar qazanmaq, sistemə daxil olmaq mümkün olsun", - müsahib BBC-yə bunu belə izah edir.
Bundan qısa müddət sonra Zarubin redaksiyaya girdi, o, ağlayırdı.
«Soruşdum:"Paşa, sənə nə olub?". O dedi: "Siz bunu necə edə bildiniz? Necə edə bildiniz bunu? Siz özünüzü məhv etdiniz. Bizim üçün müqəddəs olan hər şeyi məhv etdiniz". O, buna o qədər inanırdı", - BBC-nin müsahibi xatırlayır.
"Məni qınayırdı, deyirdi: "Necə edə bildin?" Mən də deyirdim: "Necə edə bildim? Bir gün sən də bacaracaqsan", - Zarubinin tanışı dialoqu belə xatırlayır.
O vaxt Zarubin cavab vermişdi: "Yox, hec vaxt. Mən heç vaxt bunu etməyəcəm".
"Bu onun gəldiyi peşə deyildi"
Yerli kanalların bolluğuna baxmayaraq, Yekaterinburq telejurnalistləri Moskvaya düşməyi arzulayırdılar:
"Regionda çox tez bir zamanda öz potensialını tükəndirirsən və o zaman ya xüsusi müxbir olursan, ya da səni kimsə görsün deyə gözləyirsən [Moskvaya getmək üçün]", - deyə Yekaterinburqun keçmiş teleaparıcısı izah edir.
Zarubin 2002-ci ildə, "TEFI-region" müsabiqəsində "Reportyor" nominasiyasında qalib gələndə diqqət çəkdi. Mükafatı aldıqdan dərhal sonra Zarubini VGTRK-ya dəvət etdilər. O, müsahibələrində danışırdı ki, ilk dəfə Moskvaya təcrübə keçməyə hələ 19 yaşında gedib (və gələcək həmkarları ilə söhbətdə bir az şişirdərək özünü "artıq 20 yaşım var" kimi göstərib).
BBC öyrənə bilmədi ki, jurnalisti işə dəvət edən konkret kim idi, lakin məhz "TEFI-region" səbəbindən onu işə çağırıblar, "Vesti"nin keçmiş baş redaktoru Dmitri Skorobutov (o, 2001–2016-cı illərdə VGTRK-da çalışıb, istehsalat münaqişəsinə görə işdən çıxarılıb, daha sonra məhkəmə onun işdən çıxarılmasını qanunsuz sayıb; Skorobutov İsveçrədə siyasi sığınacaq alıb və öz teleqram kanalını aparır - BBC) izah edir.
Zarubin "Dördlük"dən ("Çetvorka") federal kanala aparılan ikinci əməkdaş idi. Ondan bir il əvvəl "Dördüncü kanal"ın keçmiş xəbər xidməti rəhbəri Anna Titova artıq VGTRK-da "Vesti"nin gündüz buraxılışlarının aparıcısı olmuşdu.
"Əvvəlcə həmişə təcrübə keçirsən, məsələn, Titovanı bir il efirə buraxmadılar, çünki Urallara məxsus ləhcə çox güclü idi. Paşa ilə də bağlı belə oldu- onu təcrübəyə çağırdılar, təlim keçdilər", - Skorobutov xatırlayır.
Artıq ilk illərdə Zarubin paytaxt həmkarları arasında da Yekaterinburqda qazandığı eyni reputasiyanı qazanmışdı: mehriban, sadəlövh, çalışqan reportyor.
O illərdə VGTRK-da işləyən jurnalistlərdən biri etiraf edir ki, əvvəlcə Zarubinə "nənənin nəvəsi" deyirmiş:
"Elə bir balaca oğlan idi ki, adamın yazığı gəlirdi, - deyə o xatırlayır. - O, elə indicə əyalətdən gəlmişdi, hara gedəcəyini bilmirdi... Adam onu sığallamaq istəyirdi, çünki çox bədbəxt görünürdü".
Artıq o vaxt Zarubində gələcəkdə ona karyera pillələrində yüksəlməyə imkan verəcək xüsusiyyətlər nəzərə çarpırdı: rəhbərliyə hörmət və münaqişəyə girməmək.
"Amma bu, Moskvada hər hansı bir şəkildə özünə yer eləmək istəyən bütün əyalət jurnalistlərinin portretidir. [VGTRK direktoru Oleg] Dobrodeyev belə adamları sevi, əslində, onun ətrafında yalnız belə adamlar var", -BBC-nin həmsöhbəti deyir.
"İcraçı, intizamlı, sözə baxan. Bu xüsusiyyətlər müəyyən bir anda işə yaradı, — deyə "Vesti"nin keçmiş aparıcısı Farida Kurbanqalıyeva* Zarubini xatırlayır.
2014-cü ildə o, redaksiya siyasəti ilə razılaşmadığı üçün VGTRK-dan ayrıldı və sonradan Ukrayna ilə müharibəyə qarşı çıxış etdi.
VGTRK-də Zarubin demək olar ki, dərhal "protokol jurnalisti" kimi işləməyə başladı - belə jurnalistlər məmurların fəaliyyətini işıqlandırır.
Polittexnoloq Rostislav Murzagulovun* (o vaxt Birinci Kanal-ın aparıcısı idi, müharibədən sonra Mixail Xodorkovski* və Leonid Nevzlinin* mediasına keçdi) sözlərinə görə, o illərdə, televiziyanın nisbətən azad olduğu dövrdə belə, Zarubin "hakimiyyətə maksimum yaxın olmaq" istəyirdi və "mikrofon altlığı" kimi işləməyə qarşı deyildi.
Murzagulovun iddiasına görə, Zarubin Moskvadakı "hər bir məmurun xoşuna gəlmək" istəyirdi və sonda "buna nail oldu".
"Çatmaq istədiyim hədəfi görürəm, maneələri görmürəm, əgər yüksək vəzifəli şəxs müsahibdirsə, əlaqə yaratmaq lazımdır", - Zarubinin iş üsullarını həmkarları belə təsvir edirlər.
Ətrafdakılara aydın idi ki, Zarubin Moskvada möhkəmlənəcək. Onun keçmiş həmkarı danışır ki, jurnalist artıq o vaxt "digərlərinin görmədiyi detalları" tapa bilən istedadlı reportyor kimi özünü göstərirdi.
Bununla belə, heç kim təsəvvür etmirdi ki, Zarubin ulduza çevriləcək.
"Xüsusi seçilmirdi. "Çox çalışqandı" - bu, ona ən uyğun söz idi", - deyə telejurnalistin keçmiş həmkarlarından biri izah edir.
Zarubinin bir neçə tanışı xatırlayır ki, Moskvadakı ilk illərində o, işə həmişə kostyumda gəlirdi və həmkarlardan bir qədər aralı dururdu.
"Məncə, iş onun yeganə həvəsidir. Ona sonsuz sədaqətlidir. Hamı həmişə işlə və işdənkənar mövzularla bağlı kiçik söhbətlər edirdi, amma o bu söhbətlərə qarışmazdı", — VGTRK-də işləmiş başqa bir həmsöhbət BBC-yə danışır.
Zarubinin şəxsi həyatı barədə həqiqətən də az şey məlumdur. Hələ Yekaterinburqda o, kurs yoldaşı Mariya Kalaşnikova (indi Zarubina) ilə evlənmişdi. Mariya vaxtilə "Səhər ekspressi" proqramının aparıcısı olub və general Viktor Batmazovun - yaxın vaxtlara qədər Perm diyarının Ərazi Təhlükəsizliyi Nazirliyinin rəhbəri - qızıdır.
Cütlüyün bir oğlu, bir də qızı var. Zarubin ailəsi haqqında, Kreml reportajlarının əsas qəhrəmanı kimi, heç nə danışmamağı üstün tutur.
Putinin fəaliyyətini işıqlandırmağa Zarubin 2005-ci ildə başladı, o zaman "prezident hovuzu"na - Kreml tərəfindən dövlət başçısına yaxın buraxılan jurnalistlər qrupuna belə deyilir - daxil oldu.
Dmitri Skorobutovun sözlərinə görə, Zarubini "hovuz siyahısı"na Yuliya Rakçeva (indiki Bıstritskaya) salmış ola bilər.
Hazırda "TV-Mərkəz" kanalının rəhbəri olan Bıstritskaya 2000-ci illərin əvvəllərində "Vesti" proqramının direktoru idi və Zarubin ona öz çalışqanlığı və icraçılığı ilə xoş təsir bağışlamışdı.
Bıstritskaya BBC-nin suallarına cavab verməyib.
Reportyorun, keçmiş həmkarının xatırladığına görə, o vaxt "yarı uşaq cazibəsi" var idi və VGTRK bunu siyasi telejurnalistikada istifadə etməyə qərar verdi.
"O artıq böyük jurnalist olanda koridorlarda qarşılaşırdıq. Hələ də "günəş kimi parlayan oğlan" idi, gülümsəyirdi. Amma artıq aydın idi ki, o vaxta qədər o, təmizliyini itirmişdi", - Zarubinin Yekaterinburqdakı tanışı belə şərh edir.
Əgər əvvəllər reportyor hər şeyə "geniş açılmış gözlərlə" baxırdısa, "hovuz"da işləməyə başladıqdan sonra onda "qeyri-sabit xarakterik baxış" əmələ gəldi.
Zarubinlə o vaxt ünsiyyətdə olan bir rusiyalı məmur BBC-yə onu artıq sual verməyən, amma ağılsız da olmayan jurnalist kimi təsvir edir: "O, hansısa kitablar oxuyurdu, heç vaxt heç nə ilə mübahisə etmirdi, lazım olmayan yerə girmirdi və, belə deyək, ən seçilənlərdən deyildi".
Keçmiş "hovuz jurnalisti" xatırlayır ki, 2005–2006-cı illərdə Dövlət Dumasında Putinin iştirakı ilə keçirilən tədbirdə Zarubinlə birgə işləyirdi.
BBC həmsöhbətinin fikrincə , jurnalist Prezidentə "yaltanlıq dolu" sual verib. "Mən o vaxt onu ələ salmağa başladım, guya "tapdın nə soruşasan", dedim. Zarubin isə mənə cavab verdi: "Mənim heç bir utanacağ yerim yoxdur!"
"Hec cür başa düşə bilmirəm, onun başına nə gəldi, bu, onun seçdiyi peşə deyil", — Yekaterinburqdakı həmkarı təəccüblənir. O, hələ də Zarubini "öz mənəvi prinsiplərini pozmayan" "yaxşı oğlan" kimi xatırlayır.
"Gəldi -süjeti çəkdi - getdi"
2010-cu illərin əvvəlində "Vesti" proqramı bütün Rusiya televiziyası kimi dəyişməyə başladı.
2011-ci ildə Bolotnaya meydanındakı etirazların qızğın vaxtında doğum məzuniyyətindən işə qayıdan VGTRK əməkdaşı həmkarlarını tanımadı: "Başqa bir ab-hava var idi. Hamı dəyişmişdi. Elə Paşa da ".
Keçmiş "Vesti" aparıcısı Farida Kurbanqaleeva deyir ki, o, dəyişiklikləri həqiqətən 2012-ci ildə hiss etdi, o zaman Oleg Dobrodeyev VGTRK-nin informasiya proqramları idarəsinin rəhbəri vəzifəsinə jurnalist Yevgeni Revenkoyu təyin etdi - o, hazırda "Yedinaya Rossiya" funksioneri və Dövlət Dumasının deputatıdır və Ukrayna müharibəsini dəstəklədiyi üçün bir neçə ölkənin sanksiyaları altındadır.
Elə həmin il Vladimir Putin dörd illik baş nazirlikdən sonra yenidən Kremldə hakimiyyətə qayıtdı: mediaya təzyiq nəzərəçarpacaq dərəcədə artdı və sonrakı illərdə yalnız gücləndi.
VGTRK-də, Dmitri Skorobutovun xatırladığına görə, ilk "qadağa siyahıları" peyda oldu. "Mən şəxsən siyahılar alırdım - kim efirə çıxa bilər, kim yox. 2014-cü ildən sonra əsl sərtlik başladı", - Skorobutov danışır.
BBC-nin tanış olduğu bu qadağa siyahılarında etirazlar, mağazalarda qiymət artımı, Stokholm arbitrajında YUKOS işi və Rusiya tərəfindən vurulmuş Malayziya "Boinqi" barədə danışmaq qadağan olunurdu.
Səbəbsiz yerə bir dəfə İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin adını efirdə çəkmək də yasaqlanmışdı. Ukraynalı pilot Nadejda Savçenkonun məhkəməsi və siyasətçi Aleksey Navalnının da adı efirdə qadağan olunmuşdu.
Kurbanqaleeva deyir ki, kanalda "hərbçi ruhu" və Rusiya hakimiyyəti haqqında "xidmətkar süjetləri" artmağa başladı.
Proqramlarda getdikcə daha çox "məcburi" adlanan reportajlar çıxırdı - bunlar kadra düşmək istəyən məmurlar barədə idi.
Keçmiş "hovuz jurnalisti" xatırlayır ki, dövlət televiziyası əməkdaşlarından "vətəni müdafiə etməyi" gözləməyə başladılar.
O vaxt televiziyada işləyən BBC-nin bir neçə həmsöhbəti bu dəyişikliklərin əsas siması kimi aparıcı Olqa Skabeevanı adlandırır: o da, Zarubin kimi, karyerasına "Vesti"də başlamışdı.
Karyerasına Peterburq GTRK-də başlayan gənc jurnalist ilk növbədə özünəməxsus üslubu və hakimiyyətyönlü mövqeyi ilə federal səviyyədə tez bir zamanda nəzərə çarpdı.
BBC-yə danışan keçmiş VGTRK əməkdaşının sözlərinə görə, Skabeeva doğrudan da kanalda yeni bir trend yaratdı: "Hamı onun bu qıcıqlandırıcı dilini, hücumunu təkrarlamağa başladı. Ona sürü lideri kimi baxırdılar. Onun ardınca təkrarlayırdılar, necə ki, bir vaxtlar [NTV aparıcısı Leonid] Parfenovun ardınca təkrarlayırdılar".
O vaxtlar Zarubin sıravi müxbir idi, heç kim ona xüsusi diqqət yetirmirdi. "Boz siçan idi. Nə isə boş şeylər çəkirdi", – BBC-nin müsahiblərindən biri qısa şəkildə belə deyir.
Bu material üçün BBC "prezident hovuzu"nda (Putinin fəaliyyətini işıqlandıran jurnalistlər qrupu) müxtəlif illərdə Zarubinlə işləmiş on jurnalistlə danışıb.
Onların demək olar ki, hamısı deyir ki, o, Putinin fəaliyyətini işıqlandıran digər televiziya müxbirlərindən heç cür fərqlənmirdi: hamısı "gəldim – süjet hazırladım – getdim" prinsipi ilə işləyirdi.
Müsahiblərin çoxu etiraf edib ki, hətta xatırlamağa çalışsalar belə, bu jurnalist haqqında heç bir yaddaqalan hekayə xatırlaya bilməyiblər.
Keçmiş "hovuz jurnalisti" Zarubini "superulduzluq oynamayan" və "burnunu havaya qaldırmayan" insan kimi xatırlayır.
"O, işinə biganə deyildi ki, bu da, necə deyərlər, çox nadir hallarda rast gəlinən bir şeydir", – o əlavə edir.
Başqa bir müxbir isə xatırlayır ki, Zarubin "hovuz jurnalistləri" arasında ilk dəfə kiçik kamera ilə gəzirdi: "Yəni texniki baxımdan qeyri-standart addımlar atırdı və təşəbbüskarlığı ilə seçilirdi".
Jurnalistlərdən biri deyir ki, o illərdə Zarubin "Putini indiki kimi çox sevmirdi" və məsələn, Prezidentin məşhur gecikmələri ilə bağlı zarafat edə bilirdi – çünki hamı tez-tez saatlarla gözləməli olurdu.
Digəri isə qeyd edir ki, "hovuz"dakı əksər jurnalistlərin əksinə olaraq, Zarubin ezamiyyətlərdə içki içmirdi.
Kremlin 2010-cu illərə aid xəbərlərində Zarubinin adı indiki dövrlərdən fərqli olaraq, əsasən prezident tədbirlərinə akkreditə olunmuş jurnalistlərin siyahısında görünür. Onun o vaxtkı (hələ tərif dolu olmayan) reportajlarının çoxu Vladimir Putinin işgüzar gündəliklərinə həsr olunurdu.
"Güc və inam qazandım"
Zarubinin adı ilk dəfə mediada 2015-ci ildə, Ukraynadakı müharibənin sülh yolu ilə nizamlanmasının müzakirə olunduğu Minskdə keçirilən "Normand dördlüyü" sammitində gurultulu şəkildə çəkildi.
Belarus paytaxtındakı prezident sarayında o vaxt dünya mətbuatı toplaşmışdı – Zarubin də orada idi.
Bir anda jurnalistlərin yerləşdiyi zonada Ukrayna Prezidenti Pyotr Poroşenko göründü. "Niyə qoşunlarınız Donbasın dinc əhalisini bombalayır?" – Zarubin ona səsləndi. Poroşenko suala cavab vermədi. Belarus təşkilatçıları dərhal jurnalisti zaldan çıxardılar.
Minskdə işləyən müxbir xatırlayır ki, Zarubinin davranışı həmkarlarında "ispan utancı" hissi oyatdı. O, həmin epizodu VQTRK-də Skabeevanın başladığı "kobud, aqressiv üslubun" təzahürü hesab edir.
Skabeevanın özü də həmin danışıqlarda Poroşenkoya sual verməyə cəhd etmiş, amma onun mühafizəçiləri tərəfindən uzaqlaşdırılmışdı.
Minskdəki insidentdən bir il sonra Zarubin yenidən qalmaqalın mərkəzinə düşdü. 2016-cı ilin mart ayında onun çəkiliş qrupu Litvada ölkədən çıxarıldı, "milli təhlükəsizlik üçün mümkün təhdid" əsas gətirildi.
Ölkə hakimiyyəti bildirdi ki, Zarubin və həmkarları iki dəfə "Azad Rusiya Forumu"na – Rusiya müxalifətinin nümayəndələrinin iştirak etdiyi tədbirə gizli yolla daxil olmağa çalışıblar.
Forumun keçirildiyi Vilnüs otelində Zarubinin qrupu şahmatçı Harri Kasparov* və jurnalist Bojena Rynskaya ilə mübahisəyə girib (VQTRK əməkdaşlarının akkreditasiyası yox idi).
Daha sonra Rynskaya Facebook-da yazmışdı ki, "kameralı təbliğatçılar" demək olar ki, "Kasparovun boşqabına əl atırdılar".
Zarubin sonradan izah edirdi ki, müsahibə almağa çalışıb, amma qalmaqalın saxlanılan görüntülərində müxalifətlə təmasın mühafizəçilərlə qarşıdurma ilə nəticələndiyi görünür.
Zarubin Litvadan çıxarılmanı həm yerli məhkəmədə, həm də Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) uğursuz şəkildə mübahisələndirməyə çalışıb.
AİHM isə xüsusilə bildirib ki, Zarubin və həmkarlarının davranışı "məsuliyyətli jurnalistika anlayışına" uyğun deyildi. Lakin jurnalistləri Rusiya hakimiyyəti dəstəkləyib.
Vladimir Putinin üçüncü dövrünün sonuna doğru Zarubin tədricən Kremlin "hovuzu"nda ən diqqət çəkən jurnalistlərdən birinə çevrildi.
VQTRK-də onun keçmiş həmkarı xatırlayır ki, bu, 2018-ci ilin prezident kampaniyası zamanı xüsusilə nəzərə çarpıb: "Yalnız ona etibar olunurdu ki, həm səsvermə öncəsi, həm səsvermə günü, həm də səsvermədən sonra nələrin baş verdiyini izləyib məlumat versin. Daha əvvəl belə olmurdu – həmişə müxtəlif insanlar bu işlə məşğul olurdular".
Bir BBC müsahibi deyir ki, Zarubin görünüşünə daha çox diqqət yetirməyə başlayıb – hətta məşqçi ilə ciddi şəkildə idmanla məşğul olmağa başlayıb:
"O, həmişə bir az gülünc gənc idi, amma müəyyən anda özündə güc və inam hiss etdi. Öz üzərində işləməyə başladı, o cümlədən fiziki formasını inkişaf etdirdi ki, tam ekran qarşısında durmağı bacarsın: utanc hiss etmədən, ayaqlarını düzgün qoymağı öyrənsin, nəhayət kostyumları düzgün geyinməyi öyrənsin".
Görünür, Zarubin o dövrdə artıq müstəqil jurnalistikanın ideallarına inamını itirmişdi.
"Kreml hovuzu"nun keçmiş jurnalisti 2017-ci ildə Putinin rezidensiyası olan Novo-Oqarevoda baş verən bir səhnəni xatırlayır: jurnalistlər Rusiya Prezidentini gözləyərkən darıxırdılar.
Bir anda BBC müsahibi və digər bir müxbir özlərini "müstəqil mətbuat" nümayəndələri adlandıraraq (hər ikisi hakimiyyətlə bağlı olmayan KİV-də işləyirdi) bir-biri ilə zarafatlaşmağa başladı,
BBC müsahibi deyir ki, o anda yaxınlıqda oturan, adətən, sakit və gözə dəyməyən Zarubin qəfildən yerindən sıçradı və qəzəbdən qızarmış halda qışqırdı: "Əslində özünü müstəqil adlandıran bütün jurnalistlər, əksinə, ən çox asılı olanlardır!"
"Yalnız yaxşı xəbərlər"
2018-ci ilin payızında "Moskva. Kreml. Putin" proqramı ilk dəfə efirə çıxdıqda, Prezidentin mətbuat katibi Dmitri Peskov israr edirdi ki, bu "kremlevski layihə" deyil.
Peskovun dediyinə görə, şounun ideyası VQTRK rəhbəri Oleg Dobrodeevə məxsusdur.
"Başlanğıcdan bu tamamilə VQTRK rəhbərliyinin, o cümlədən Zarubinin təşəbbüsü, ideyası və novatorluğu idi. O, formatın hazırlanmasında iştirak edirdi", – Peskov BBC-yə bildirib.
Proqramın formatı "unikal" sayılıb və indi "bir sıra ölkələrdə təqlid olunur".
Kreml-ə görə, Zarubin "çox istedadlı jurnalistdir" və ən önəmlisi, "o, Prezidentin fəaliyyətini çox adekvat işıqlandırır".
VQTRK redaktorlarının və Kremlin "xalqı Prezidentin nə etdiyini və necə etdiyi barədə məlumatlandırmaq" maraqları tam üst-üstə düşür, – deyə Peskov əlavə edib.
BBC müsahiblərindən üçü iddia edir ki, proqramın əsl müəllifi Prezident Administrasiyasının birinci müavini Aleksey Qromov olub.
2000-2008-ci illərdə o, Putinin mətbuat katibi olub və indiki vəzifəsində artıq 10 ildən çoxdur ki, televiziyaya nəzarət edir.
Gromov şounu fikirləşib və konsepsiyanı Dobrodeevlə razılaşdırıb, – deyə keçmiş "Vesti" əməkdaşı Dmitri Skorobutov izah edir.
Onun sözlərinə görə, "Putin haqqında ayrıca proqram ideyasını" aktiv şəkildə Vladimir Solovyov da irəli sürüb.
Skorobutov iddia edir ki, layihənin müzakirəsi proqram efirə çıxmazdan iki il əvvəl başlayıb, çünki qapalı sorğular göstərirdi ki, tamaşaçıların Putinə marağı azalırdı.
"Tamaşaçının 'Birinci Şəxsə' marağını artırmaq, onu necə isə canlandırmaq lazım idi. Paşa - itaətkar və icraçı insandır,- deyirsən, edir. Heç bir sual, heç bir refleks yoxdur – və bu, "Əsas tamaşaçı"ya "xoş gəlir, bütün bunlar onun üçün edilir", - Skorobutov izah edir.
Zarubinin proqramı da oxşar prinsiplə qurulub. "'Moskva. Kreml. Putin proqramında əsas qəhrəman təkdir. O da Vladimir Putindir. Digərləri isə səhnənin dekorasiyasıdır və onun iştirakını vurğulamalıdır", - "Kremlin hovuzu"nun keçmiş jurnalisti deyir.
Proqramı M-production şirkəti hazırlayır, rəhbəri isə daha çox "Margo Krjijevskaya" təxəllüsü ilə tanınan Margarita Jitnitskayadır.
M-production 30 ildən çoxdur televiziya məzmunu yaradır: oyun şoularından və komik proqramlardan tutmuş Vladimir Solovyovun təbliğat proqramlarına qədər.
M-production Zarubinə maaşının böyük hissəsini ödəyir, - bunu məlumat bazalarına çıxışı olan mənbə verib, jurnalistin gəliri təxminən bir milyon rubl təşkil edir (onun yarısından çoxu M-production tərəfindən, qalanı isə VQTRK-dən ödənir).
"'Moskva. Kreml. Putin'" davamlı olaraq Rusiya tamaşaçıları arasında ən çox baxılan on proqram arasında yer alır. Mediascope məlumatına görə, yay fasiləsindən əvvəlki son proqram buraxılışı (20 iyul) həftə ərzində rus tamaşaçıları arasında ən populyar proqramlar siyahısında altıncı yeri tutub.
"Paşa, salam! Partizanlaşırsan?"
Proqram efirə çıxandan sonra Zarubin Vladimir Putinə əlçatımlılığı olan yeganə jurnalist oldu – bu, xüsusilə koronavirus pandemiyası dövründə nəzərə çarpdı.
O vaxt Putinə, o cümlədən yüksək vəzifəli məmurlara yoluxma riskini istisna etmək üçün izolyasiya tətbiq edilmişdi. Əlçatımlılıq imkanı əldə etmək üçün Zarubin "prezident hovuzu"nun iki jurnalistinin dediyinə görə, aylarla karantində qaldı.
Nəticədə aydın oldu ki, Putinə həqiqətən Kremlin içində yaşayan bir müxbir lazımdır. "Putin uzun müddətdir öz PR-ını özü edir və mikrofona dəstək hər an lazım ola bilər. Bunun üçün [müxbir] öz şəxsi həyatından tamamilə imtina etməli və təmiz zonada yaşamalıdır", - rus məmur izah edir.
Hazırda Zarubini hətta əvvəllər mətbuatın çağırılmadığı tədbirlərə də dəvət edirlər. Jurnalist Prezidentin kabinetinin qapısı altında durub onu Trumpla danışıqlar zamanı müşahidə edə bilir.
O, mütəmadi olaraq, Putinin "Aurus"la səyahətlərinə qatılır.
Putinin hakimiyyətə gəlməsinin 25 illiyi ilə bağlı filmdə Zarubin Kremlin prezident mənzilinə gedib - orada Prezident jurnalisti kefir və ballı yabanı xurma ilə qonaq edib.
Jurnalist beynəlxalq səfərlərə də çağırılır.
Keçən yay, demək olar ki, masanın altında əyilərək oturan Zarubin Pxenyan şəhərində Vladimir Putin ilə Şimali Koreya lideri Kim Çen In arasında başlanan danışıqları mikrafona pıçıldayaraq qeyd edirdi, adətən, belə tədbirlər qapalı keçirilir.
"Prezident hovuzu"nun bir jurnalistinin sözlərinə görə, bir çox həmkarları Zarubinə belə geniş imkanların verilməsindən narazıdır.
Bundan əlavə, indi Kremlin işini işıqlandıran müxbirlər jurnalistin Telegram kanalını daim izləməli olurlar: orada tez-tez xəbərdarlıq edilmədən Putinin və digər rus məmurlarının eksklüziv şərhləri yayımlanır.
"Əslində, o, mətbuat xidmətinin əməkdaşına çevrilib", - "hovuz"un keçmiş jurnalisti deyir.
BBC ilə söhbətdə bir neçə keçmiş və indiki "hovuz" müxbiri deyib ki, Zarubinin indiki mövqeyini əvvəllər "Kommersant"ın xüsusi müxbiri Andrey Kolesnikovun illərlə tutduğu yer ilə müqayisə edə bilərlər.
Kolesnikov illərlə Vladimir Putinlə başqalarına nisbətən bir az daha çox danışmaq imkanı olan jurnalist kimi qəbul olunurdu.
"Yox, təşəkkür edirəm", - Kolesnikov BBC-nin sorğusuna Zarubin haqqında danışmaqdan imtina edərək cavab verib.
Bununla yanaşı, bir neçə mənbə Zarubinin və Kolesnikovun stilinin çox fərqli olduğunu vurğulayır. Kolesnikov hakimiyyət haqqında yazarkən "gülməli və istehza ilə" yanaşırdı, üstəlik, alt-mətnlə "prezident yaxşıdır, ətrafındakı hamı isə axmaqdır" mənası olurdu; Zarubin isə heç bir ironiyaya və heç bir tənqidə yol vermir.
"O, əslində hər şeyə razıdır, buna onu nə inandırmaq, nə də hədələmək lazımdır", — rus məmuru izah edir.
"Hər hansı bir ədəb qaydaları əvvəllər qorunmalı idi. Amma son illərdə Putin üçün çox vacib oldu ki, gördüyü hər şeyi özü istədiyi kimi görsün, eşitdiyi hər şeyi isə istədiyi kimi eşitsin. Ona xoş gəlir ki, onu pərdələsinlər. Sadəcə, Zarubin bunu, əlbəttə ki, ən iyrənc şəkildə edir", - "hovuz"da olmuş keçmiş jurnalist deyir.
Putin və ətrafı Zarubindən görünür ki, razıdır.
"Xuliqan Zarubin Trampı tutdu və soruşdu: 'Putin haqqında nə düşünürsünüz?' [O isə cavab verdi: ] I think he's a great guy" - 2019-cu ildə Peskov Zarubinin jurnalist uğurunu G20 sammitində Putinə gülərək belə təqdim edib.
Daha sonra Zarubin bu şərhi öz Telegram kanalında səkkiz dəfə paylaşdı - sonuncu dəfə Tramp və Putinin Ankoridcdəki görüşündən əvvəl.
Eyni vaxtda Putinlə birlikdə Ankoridcə Lavrov gələn Lavrov VQTRK-nın digər jurnalistləri ilə danışmaqdan imtina etdi. "Əvəzləməni qəbul etmirik", - deyə nazir telejurnalistlərə bildirdi (sözsüz ki, Zarubin dərhal bunu kanalda yayımladı).
"Paşa, salam! Partizanlıq edirsən?" - 2023-cü ildə Kremlin dəhlizlərində Putin Zarubinə bu cür mehribanlıqla müraciət etmişdi.
Lavrov isə onu "şahin" adlandırırdı, çünki Zarubin məmurlara kamera və suallarla cəld yaxınlaşma tərzi ilə tanınırdı.
Lukaşenko isə zarafatla deyirdi ki, o, "casusluq edir".
2023-cü ildə Zarubin Dərbənddəki konyaq zavoduna baş çəkərkən yıxıldığında Putin gülərək "Hələ zavodun yanına çatmamısan, amma, yəqin ki, nəfəsin tükəndi!" - deyə onunla zarafat etdi.
"Sistem içindəki insanlar üçün bu, o deməkdir ki, rəhbər Zarubinə təkcə səbir etmir, həm də onunla ünsiyyət qurmağa hazırdır", - "hovuz"un keçmiş jurnalisti izah edir.
"Böyük başçıya söz demək imkanı"
Prezidentə eksklüziv və mütəmadi əlçatımlılıq yalnız həmkar-jurnalistlər üçün deyil, bir çox məmurlar üçün də lüksdür.
Bu, Zarubinə həm müxbir, həm də siyasi texnoloq funksiyasını birləşdirməyə imkan verir.
"Ufada əhval-ruhiyyə yaxşıdır", - deyə Zarubin Başqırdıstandan reportajında "ən yeni qılıncoynatma mərkəzi"ni tərifləyir və göstərir ki, gecə yarısı Putin limuzindən enib "birdən-birə" şəhər sakinləri ilə görüşüb.
Siyasət texnoloqu Rostislav Murzagulovun sözlərinə görə, əvvəllər Zarubinə Başqırdıstandan olduğunu etiraf etmək "narahatlıq" verirdi. O, tez-tez "Mən Yekaterinburqdandanam" deyirdi. Son illərdə vəziyyət dəyişməyə başlayıb.
2023-cü ilin qışında, prezident təyyarəsi qarşısında, Zarubin Putindən soruşdu ki, niyə Başqırdıstan "xüsusi region"dur.
Putinin respublikanın "Rusiya taleyindəki əhəmiyyətli rolu" haqqında cavabı yalnız Zarubinin Telegram kanalında deyil, həm də regional administrasiyanın sosial şəbəkələrində yayıldı.
Murzagulov BBC-yə bildirib ki, Zarubin doğma "xüsusi region" haqqında danışmağa Başqırstan rəhbəri Radiy Xabirovla qurduğu xüsusi münasibətlər səbəbindən başlayıb.
Xabirov 2018-ci ildən Başqırstanı idarə edir, bundan əvvəl isə uzun illər Prezident Administrasiyasında çalışıb.
Zarubin, faktiki olaraq, qubernatorun PR işlərini görür və daim "Xabirov əla, Başqırstan əla" kimi təqdim edir, - deyə Murzagulov vurğulayır (o özü də bir vaxtlar Xabirovun mətbuat siyasətinə cavabdeh olan PR işçisi olub).
Zarubinin Başqırstan rəhbəri ilə xüsusi münasibətlərindən VQTRK-da da danışılıb, - deyə Dmitriy Skorobutov qeyd edir (o, bunu keçmiş həmkarlarından eşitdiyini deyib).
Murzagulov əlavə edir ki, qubernator bir tədbirdə Zarubini Putinin yanında görmüş və belə qiymətləndirmişdir: "Xabirov - təcrübəli məmurdur və buna görə də daim o insanın yanında [Putin] dolaşır, bir şey soruşur, zəng edir, əhval-ruhiyyəni öyrənir. Paşka bunu bacarıqla idarə edir".
BBC ilə söhbət edən və Başqırstan administrasiyasında çalışan digər mənbə əlavə edir ki, Xabirov həmişə jurnalistlərlə dost olmağı bacarırdı.
Zarubinin açıq təriflərinin əhəmiyyəti bütün məmurlar üçün aydındır: jurnalist Putinin sevimlisidir. "Əgər o, Radiyi tərifləyirsə, demək Radiy ilə hər şey qaydasındadır. O, rəhbərliyin iradəsini çatdırır, başa düşürsünüz?" - deyə keçmiş məmur izah edir.
Sistem içində karyera qurmaq istəyənlər üçün insanın funksiyası heç bir əhəmiyyət daşımır, əsas odur ki, o, Putinə yaxındır, - deyə Kremlə yaxın olan bir siyasət texnoloqu bildirir: "Mühafizəçi, həkim, sürücü, referent, jurnalist , fərqi yoxdur", - BBC-yə müsahib əlavə edir.
"Böyük başçıya söz demək imkanı" və ya sadəcə "rəhbərin kabinetinə daxil olmaq" ciddi üstünlükdür, - deyə yüksək vəzifəli regional məmur razılaşır.
Pandemiya zamanı və Ukraynaya genişmiqyaslı müdaxilə başlanandan sonra Putinə çatmaq çətinləşdi və indi Zarubinin belə imkanları digər yüksək vəzifəli dövlət məmurlarından daha çoxdur.
Mürzagulov bildirir ki, "Moskva. Kreml. Putin" proqramı başladıqda məmurlar Zarubinə gülürdülər:
"Amma indi bu, tamamilə gülməli deyil, çünki o, həqiqətən Putinə [onlar haqqında] nəsə deyə bilər".
İndi isə, Mürzagulovun sözlərinə görə, məmurlar Zarubindən ehtiyat edirlər, bəlkə o, prezidentə onlar haqqında bir şey danışacaq.
***
26 fevral 2022-ci il, Rusiyanın Ukraynaya müdaxiləsindən iki gün sonra, keçmiş "Vesti" aparıcısı Tatyana Aleksandrova keçmiş həmkarlarını müharibə barədə efirdə açıq danışmağa çağırdı.
Zarubin öz şəxsi fikrini üç ildən çox davam edən müharibə müddətində ifadə etmədi.
"Fevral 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra, Zarubin, tanışlarının sözlərinə görə, bir müddət narahatlıq keçirdi. Amma bu, tez keçdi və indi jurnalist yenidən Prezidentin hansısa əşyanı əlində fırlatmaq bacarığına heyran qalır", — deyə jurnalistlər Roman Badanin* və Mixail Rubin* "Özünün şahı" kitabında yazırlar (Rubin bir neçə il "hovuz"da olub).
Zarubinin reportajlarında müharibədən narahatlıq hissi yoxdur. Prezidentdən götütrdüyü müsahibələrdə jurnalist "Avropanın aqressivliyi"ndən danışır, Ukrayna sakinlərini isə "rus xalqının ukraynalı hissəsi" adlandırır.
2023-cü ildə, Ukrayna sanksiyaları altında qalanda, Zarubin Teleqram kanalında Zelenski barədə video dərc edərək proqnoz verdi ki, "çox əziyyət çəkmiş ukraynalı xalq" hələ öz prezidentinə qarşı sanksiyalar tətbiq edəcək, çünki o "ölkəni fəlakətə aparıb".
"Başa düşürsünüz, Putin rejiminin xisləti nədədir? İnsanlar yaxşı icraçı ola bilərlər, uğur qazanmaq istəyirlər, hər insan kimi, - BBC-yə Zarubini tanıyan rus məmuru izah edir. - Paşa işini yaxşı görür və əmin olur ki, heç bir prinsipi pozmur. O, peşəsini sevirdi, indi də sevir. Sadəcə, o, belədir, trendlərə tabedir - əvvəllər söz azadlığına inanmaq dəb idi, indi isə vəziyyət belədir".
BBC tərəfindən WhatsApp nömrəsinə və VGTK-nın mətbuat xidmətinə göndərilən suallara Pavel Zarubin cavab vermədi.
BBC müxbiri ona telefonla zəng vuranda Zarubin dəstəyi atdı və bundan sonra zənglərə cavab vermədi.
Vladimir Solovyov, Oleg Dobrodeev və Radiy Xabirovun nümayəndəsi də BBC-nin suallarına cavab vermədilər.
Redaktor: Anastasiya Lotareva**
* — Rusiyanın hakimiyyəti bu mətndə adı çəkilən Roman Badanin, Farida Kurbanqaleeva, Harri Kasparov, Mixail Xodorkovski, Leonid Nevzlin, Rostislav Mürzagulov və Mixail Rubini "xarici agent" hesab edir. "Azad Rusiya" Fondu Rusiyada ekstremist təşkilat kimi tanınır və qadağan edilib.
** — Rusiya hakimiyyəti Yelizaveta Foxt və Anastasiya Lotarevanı "xarici agentlər" reyestrinə daxil edib. BBC bu qərara qəti etiraz edir və məhkəmədə onu mübahisələndirir.