AZ

Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən vətəndaşların qəbuluna başlayır  

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

Bu barədə AZƏRTAC-a Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, ən azı ümumi orta təhsilli, idman sahəsi üzrə müvafiq nailiyyətlər əldə etmiş, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, boyu 1,85 santimetrdən aşağı olmayan mütənasib bədən quruluşlu 26 yaşınadək hərbi vəzifəlilər (qadınlar istisna olmaqla) oktyabr ayının 6-dan 17-dək (şənbə və bazar günləri istisna olmaqla digər günlərdə) saat 14:00-dan 18:00-dək Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq tibb müəssisəsinə göndərilirlər. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər agentliyə qəbul edilirlər.

Agentliyə qəbul edilən şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və müvafiq vəzifələrə təyin olunurlar.

Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim edilməlidir:

- şəxsiyyət vəsiqəsinin əsli və surəti;

- hərbi biletin əsli və hərbi biletin bütün vərəqlərinin surəti;

- bitirdiyi təhsil müəssisəsi haqqında sənəd və onun surəti.

Sənədlərin qəbulu Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsində (Sumqayıt şəhəri, 11-ci mikrorayon, Üzeyir Hacıbəyov küçəsi 1. Sumqayıt Dəmir yol vağzalının yanı) həyata keçiriləcək.

Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum edilmiş (ailə üzvləri daxil olmaqla) hərbi vəzifəlilərin qəbul üçün müraciət etməmələri xahiş olunur.

Seçilən
28
3
azerbaijan-news.az

5Mənbələr