AZ

Xəzərin İran sahillərində nə baş verir? - Xəbərdarlıq edildi

BAKI, 2 oktyabr. TELEQRAF

Xəzər dənizinin Gilan əyaləti (İran) sahillərində çoxlu sayda suiti cəsədləri aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Əyalətin Ətraf Mühitin Mühafizəsi İdarəsi cəsədlərin aşkarlanmasından sonra onlara toxunmamaq barədə sakinlərə xəbərdarlıq edib.

Yerli mətbuat yazıb ki, son günlər və həftələr ərzində yağışların başlaması və Xəzər dənizinin dalğalanması ilə əlaqədar Gilan sahillərində bir neçə suiti cəsədi müşahidə edilib. Cəsədlərin əksəriyyəti çürümə və parçalanma vəziyyətində olub. İlkin araşdırmalar göstərir ki, bəzi cəmdəklərin fiziki vəziyyətinin yaxşı olması təbii və ya qeyri-təbii faktorun səbəb ola biləcəyi qəfil kütləvi ölümü göstərir.

Gilan Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəsmi nümayəndəsi Abbas Aşuri deyib: “İndiyədək Xəzər dənizində digər dəniz canlılarının ölümünə dair hər hansı məlumat daxil olmadığı üçün əsas səbəb kimi virus mənşəli bir amilin olması ehtimal edilir. Bu kütləvi ölümlər əsasən dənizin orta hissələrində baş verib və dəniz dalğalandıqda, yağışlar zamanı cəsədlər sahilə atılıb”.

ISNA-nın mənbələrə istinadla verdiyi məlumata görə, distemper virusu son onilliklərdə Xəzər suitilərinin ölümünün əsas səbəblərindən biri olub və son zamanlar bu növün yüksək patogenli quş qripi virusuna yoluxması barədə informasiya yayılıb. Amma bu il Xəzər dənizi hövzəsində iki yaxşı qalmış cəsəd üzərində aparılan müayinələr zamanı belə bir virus aşkar edilməyib.

Seçilən
107
teleqraf.com

1Mənbələr