AZ

Energetika naziri Astanada bir sıra görüşlər keçirib

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Energetika naziri Pərviz Şahbazov Astanada “Qazaxıstan Enerji Həftəsi” çərçivəsində bu ölkənin nəqliyyat naziri Nurlan Sauranbayev, energetika naziri Erlan Akkenjenov və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ilə görüşlər keçirib.

XQ xəbər verir ki, Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın həmsədri, nəqliyyat naziri Nurlan Sauranbayevlə görüşdə qardaşlıq, dostluq və strateji tərəfdaşlığa əsaslanan və müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərin inkişafından məmnunluq ifadə edilib. Bu ilin ilk yarısında ikitərəfli ticarət dövriyyəsinin 4.2 dəfə artaraq 500 milyon ABŞ dollarına çatdığı bildirilib. Birgə Hökumətlərarası Komissiyanın ticarət və iqtisadi əməkdaşlığımızın inkişafına təkan verən rolu qeyd olunub. Bu xüsusda Komissiyanın oktyabrda Bakıda keçirilməsi planlaşdırılan 21-ci iclasına hazırlıq məsələləri müzakirə edilib. Görüşdə, həmçinin Orta Dəhliz və onun mühüm seqmenti olacaq Zəngəzur dəhlizi üzərindən nəqliyyat əlaqələrinin gücləndirilməsi, yükdaşımaların artırılması istiqamətində perspektivli layihələr və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib. “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında əməkdaşlığın inkişafına dair Kompleks Proqram”ın icrası və növbəti mərhələdə davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 

Qazaxıstanın energetika naziri Erlan Akkenjenov ilə görüşdə isə energetika sahəsində əməkdaşlığın gündəliyindəki aktual məsələlər müzakirə edilib.  2023-cü ildən  indiyədək Bakı-Tbilisi-Ceyhan kəməri ilə 3,383 min ton qazax neftinin nəql olunduğu vurğulanıb.  Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə tranzitinin artırılması, SOCAR və “KazMunayGaz” arasında birgə layihələr üzrə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Həmçinin “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin icrasının cari vəziyyəti dəyərləndirilib. Layihənin texniki-iqtisadi əsaslandırmasını həyata keçirəcək məsləhətçi şirkətin tenderin nəticələri əsasında noyabrda müəyyənləşəcəyi bildirilib. Nazir Erlan Akkenjenov strateji əhəmiyyətli bu layihəyə ölkəsinin dəstəyini ifadə edib.

Energetika naziri Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ilə də görüşüb. IRENA Şurası və yaşıl enerji keçidi çərçivəsində Agentliklə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın regional əhəmiyyətli layihələri Agentliyin təşəbbüsləri müstəvisində dəyərləndirilib və bərpa olunan enerjinin inkişafının təşviqinə dəstək ifadə edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
9
xalqqazeti.az

10Mənbələr