Kamran Əsədov: “İlkin mərhələdə 1200 şagirdin faydalanacağı sistem təcrübə toplamaq, maliyyə və təhlükəsizlik modellərini sınamaq üçün baza yaradacaq”
Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində məktəbli avtobuslarının tətbiqi üzrə pilot layihəyə 1 oktyabr tarixindən start verilib.
İlkin mərhələdə layihə 1250-dən çox şagirdi əhatə edəcək. Əsas məqsəd valideynlərin gündəlik olaraq övladlarını məktəbə aparıb-gətirməsi ilə bağlı yaranan nəqliyyat sıxlığını azaltmaqdır. Bu məqsədlə "2 School" startap şirkəti vasitəsilə layihə çərçivəsində 100-dən çox avtobus fəaliyyət göstərəcək. Layihə 8 dövlət və 3 özəl məktəbi əhatə edəcək.
Qeyd edək ki, pilot layihənin tətbiq olunacağı məktəblər sırasına Bakı şəhərində yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziya, 6 nömrəli məktəb-lisey, general-leytenant K.A. Kərimov adına 8 nömrəli tam orta məktəb, A. Hüseynzadə adına 20 nömrəli məktəb-lisey, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb, Xətai rayonu 27 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi və 189-190 nömrəli tam orta məktəb daxildir.
Avtobus xidmətindən istifadəyə görə aylıq abunə haqqı məsafəyə əsasən müəyyən olunacaq. Qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub.
Bu təşəbbüs uzunmüddətli dövrdə bütün ölkə üzrə tətbiq edilə bilərmi?
“Məktəbli avtobuslarının tətbiqi həm bu qanunvericilik müddəalarının icrasını təmin edir, həm də sosial məsuliyyət yükünü dövlətin üzərinə götürməklə valideynlərin gündəlik qayğılarını azaldır”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində məktəbli avtobuslarının tətbiqi üzrə pilot layihəyə başlanılması təhsil və sosial həyat baxımından strateji addım hesab edilməlidir: “Təhlil göstərir ki, hazırda məktəbə gediş-gəliş valideynlərin şəxsi avtomobillərinə və ictimai nəqliyyata bağlı olduğuna görə həm yol sıxlığı, həm də təhlükəsizlik baxımından ciddi problemlər yaranır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Bakı şəhərində təxminən 500 minə yaxın məktəbli təhsil alır və onların böyük bir qismi hər gün valideynlərin şəxsi nəqliyyatı ilə məktəbə daşınır ki, bu da səhər və axşam pik saatlarında tıxacların əsas səbəblərindən birinə çevrilir. Azərbaycan Respublikasının Təhsil Qanununun 5-ci maddəsində göstərilir ki, dövlət hər bir vətəndaşın təhsil almaq hüququnu təmin etməli, təhsilin əlçatanlığı və bərabərliyi üçün zəruri şərait yaratmalıdır. Bununla yanaşı, “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə, uşaqların təhsil müəssisəsinə təhlükəsiz şəkildə çatdırılması dövlətin vəzifələrindən biri kimi müəyyən olunub. Məktəbli avtobuslarının tətbiqi həm bu qanunvericilik müddəalarının icrasını təmin edir, həm də sosial məsuliyyət yükünü dövlətin üzərinə götürməklə valideynlərin gündəlik qayğılarını azaldır.
Layihənin müsbət tərəfləri açıq görünür. Əvvəla, bu addım şagirdlərin yol təhlükəsizliyini təmin edir. Xüsusilə ibtidai sinif şagirdlərinin valideyn müşayiəti olmadan ictimai nəqliyyatdan istifadə etməsi ciddi risqlər yaradır. Avtobusların olması isə bu risqləri minimuma endirir. İkinci mühüm fayda tıxacların azalması ilə bağlıdır. Statistikaya görə, Bakıda səhər pik saatlarında hərəkət edən avtomobillərin təxminən 20 faizini valideynlərin uşaqlarını məktəbə aparmaq məqsədilə istifadə etdikləri maşınlar təşkil edir. Bu xidmətin genişlənməsi nəqliyyat yükünü azaldacaq, ekoloji cəhətdən də müsbət təsir göstərəcək. Üçüncü mühüm üstünlük sosial ədalət prinsipidir. Maddi imkanı zəif olan ailələr üçün övladlarını məktəbə təhlükəsiz şəkildə göndərmək imkanının dövlət tərəfindən təmin olunması bərabərlik baxımından mühüm addımdır.
Bununla yanaşı, mənfi tərəflər və çətinliklər də mövcuddur. Avtobus parkının yaradılması, texniki xidmət, sürücülərin peşəkar hazırlanması və yanacaq xərcləri dövlət büdcəsinə əlavə maliyyə yükü gətirəcək. Regionlarda yolların keyfiyyəti və kənd məktəblərinin yerləşməsi nəzərə alındıqda, bəzən avtobus marşrutlarının səmərəli planlaşdırılması çətin olacaq. Əlavə olaraq, valideyn-məktəb əməkdaşlığında yeni koordinasiya mexanizmlərinin yaradılması zərurəti meydana çıxacaq”.
Ekspert hesab edir ki, bu təşəbbüs strateji baxımdan ən səmərəli yollardan biridir. Türkiyədə illərdir tətbiq olunan “okul servisi” sistemi dövlət tərəfindən ciddi tənzimlənir və təhlükəsizlik qaydaları qanunla qorunur. Almaniya və Fransada isə məktəbli avtobusları dövlətin maliyyə dəstəyi ilə bütün regionlarda fəaliyyət göstərir və bu, həm sosial, həm də ekoloji üstünlüklər verir: “ ABŞ-da da “school bus” sistemi təhsilin ayrılmaz hissəsi kimi qəbul olunur və şagirdlərin 50 milyondan çoxu hər gün avtobuslarla məktəbə çatdırılır. Bu nümunələr Azərbaycanın da mərhələli şəkildə bu modeli genişləndirməsinə zəmin yaradır. Əgər bu layihə uğurlu nəticə versə, uzunmüddətli dövrdə bütün ölkə üzrə tətbiq olunması realdır. İlkin mərhələdə 1200 şagirdin faydalanacağı sistem təcrübə toplamaq, maliyyə və təhlükəsizlik modellərini sınamaq üçün baza yaradacaq. Nəticələr müsbət olarsa, mərhələli şəkildə rayonlara və kənd məktəblərinə də şamil edilə bilər. Bunun üçün isə dövlətin nəqliyyat və təhsil qurumları arasında koordinasiya gücləndirilməli, maliyyələşmə dayanıqlı mexanizmlərlə təmin edilməlidir. Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü sosial, pedaqoji və iqtisadi baxımdan müsbət addım kimi dəyərləndirilməlidir. Nazirlik illərdir müzakirə olunan bir məsələni reallığa çevirməklə, həm təhsilin əlçatanlığını artırır, həm də valideynlərin sosial yükünü azaldır. Bu, həm təhsil keyfiyyətinə, həm də cəmiyyətin sosial rifahına ciddi töhfədir. Nazirliyin innovativ və strateji yanaşmasını xüsusi olaraq təqdir etmək lazımdır, çünki bu təşəbbüs gələcəkdə ölkə üzrə təhsil sisteminin daha əlçatan və təhlükəsiz olmasına xidmət edəcək”
Günel CƏLİLOVA