AZ

Məhkəmə istirahət mərkəzində sevgilisini döyən şəxslə bağlı qərarı açıqladı

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Şahmar Səfərzadənin (ad, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 03 iyul 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, “Şıxov” çimərliyinin sahilində yerləşən “Qağayı” istirahət mərkəzində qeydə alınıb.


Belə ki, Şahmar Səfərzadə orada onunla birlikdə istirahətə gələn sevgilisi, zərərçəkmiş Minayə Məmmədzadə (ad, soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb isə qadının həmin vaxt təqsirləndirilən şəxsin mobil telefonunda digər xanımla sevgi ismarıclarının olduğunu görməsi olub. Bu zaman zərərçəkmiş Şahmara irad bildirib. Nəticədə o, Minayənin bədəninin müxtəlif nahiyələrinə qəsdən əl və ayaqla zərbələr vuraraq, xəsarətlər yetirib.


Hadisədən sonra Şahmar Səfərzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Səbail Rayon Məhkəməsinin hökmü ilə əməli törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, protest və şikayəti qismən təmin edilib, Səbail Rayon Məhkəməsinin hökmü ləğv edilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməyib. Zərərçəkmiş şəxsin mülki iddiası mənəvi ziyana aid hissədə qismən təmin edilib və ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 500 yüz manat Şahmar Səfərzadən tutularaq zərərçəkmiş şəxsə ödənilməsi barədə qərar çıxarılıb. Zərərçəkmiş şəxs mülki iddiası maddi ziyanın tutulması hissəsində təmin edilməyib.

 

Kamal Məmmədov 

Tarix: 2 Oktyabr 2025, 08:19   
Seçilən
99
pravda.az

1Mənbələr