AZ

İtaliya Azərbaycanın Avropaya açılan qapısıdır

Prezident Sercio Mattarellanın ölkəmizə səfəri strateji tərəfdaşlıq münasibətlərinə yeni impuls verdi

Bütün zamanlarda beynəlxalq əməkdaşlığa böyük önəm verən Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi geosiyasi maraqlarının gerçəkləşdirilməsi istiqamətində uğurlu siyasət yürüdür və qurduğu bütün əlaqələr bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir. 

Müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşı hesab olunur. Bu dövlətlərdən biri də İtaliyadır. 

Son illərdə Azərbaycan-İtaliya strateji tərəfdaşlığı və çoxtərəfli münasibətləri getdikcə daha da şaxələnir. Prezident İlham Əliyevin dəvəti ilə ölkəmizə gələn İtaliya Prezidenti Sercio Mattarellanın səfəri, aparılan danışıqlar, keçirilən mühüm görüşlərdə səslənən fikirlər, Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı bir daha iki ölkə arasındakı münasibətlərin hansı səviyyəyə yüksəldiyinin əyani təzahürü oldu. 

Azərbaycan-İtaliya münasibətləri qədim dövrdən mövcud olub. Hələ Orta əsrlərdə indiki İtaliya ərazisindəki şəhər-dövlətlər Azərbaycandakı Səfəvi, Ağqoyunlu dövlətləri ilə davamlı əlaqələr saxlayıblar. XV əsrdə Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi-diplomatik əlaqələr qurulub, 1469-cu ildən 1478-ci ilə kimi Venesiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət göstərib. Həmin dövrdə Azərbaycan diplomatları Neapol Krallığında danışıqlar aparıblar. 

1918-1920-ci illərdə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti dövründə də İtaliya və Azərbaycan arasında diplomatik münasibətlər yaradılıb. Həmin vaxt İtaliyanın Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərib. Sovet hakimiyyəti dövründə - 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış elan ediliblər. Azərbaycan və İtaliya arasında mədəni əlaqələr həmin vaxtdan daha da sürətlənib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. 1997-ci ilin sentyabrında Ulu Öndər Heydər Əliyevin İtaliyaya rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. 

İtaliya Cənubi Qafqazda ilk səfirliyini 1997-ci ildə Azərbaycanda açıb. İtaliyada Azərbaycan səfirliyi 2003-cü ildən fəaliyyət göstərir.

2014-cü ildə İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə qəbul edilib. Bu sənəd iki ölkənin bir-birinə olan münasibətinin və gələcək əməkdaşlıq formatının göstəricisidir. 

İki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafı dövlət başçıları arasında olan səmimiyyətdən irəli gəlir. İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana, İlham Əliyevin İtaliyaya rəsmi səfərləri çərçivəsində aparılan danışıqlar, əldə olunan razılaşmalar, imzalanan sənədlər iki dost ölkəni bir-birinə bütün sahələr üzrə çox yaxınlaşdırıb. 

Qeyd edək ki, Sercio Mattarella İtaliyanın Azərbaycana səfər edən ilk prezidenti kimi adını iki ölkənin tarixinə yazdırıb. 2018-ci ildə reallaşan bu səfər münasibətlərin daha da inkişafına müsbət impuls verib. Eyni zamanda İlham Əliyevin sərəncamına əsasən, iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Sercio Mattarellanın Azərbaycanın ali dövlət mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edilməsi də əsl reallığı əks etdirir.   

Prezident  İlham Əliyev isə 2005-ci, 2008-ci, 2014-cü, 2015-ci, 2020-ci, 2022-ci və 2024-cü illərdə İtaliyaya rəsmi səfərlər edib. İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya reallaşan səfəri zamanı isə "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" imzalanıb. 

Azərbaycan-İtaliya münasibətləri çoxşaxəli xarakter daşıyır, hər iki ölkənin milli mənafeyinə, strateji maraqlarına cavab verir. İki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də sıx əməkdaşlıq etdiyi ölkədir. Sercio Mattarellanın ölkəmizə səfəri zamanı qarşılıqlı münasibətlərin inkişafına dair faydalı müzakirələr aparıldı.

Prezidentlərin mətbuata bəyanatları zamanı İlham Əliyev bir daha xatırlatdı ki, iki dost ölkə arasında iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə, ikinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanıb. Bu illər ərzində münasibətlər çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir: "İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik".

Prezident bir daha xatırlatma edərək, reallaşan layihələr barədə məlumat verərək bildirdi ki, hazırda TAP layihəsi uğurla icra edilir. Bu gün "Cənub qaz dəhlizi" vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazını ixrac edir. İldən-ilə əhatə dairəsi artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də ölkələrimiz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birini dəstəkləmişdir. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.

Prezident Sercio Mattarella isə dedi ki, iki ölkə arasında böyük dostluq, qarşılıqlı, tam şəkildə təşəkkül tapmış anlaşma var və İtaliya-Azərbaycan arasında münasibətlər inkişaf edir.  

7 il öncə Bakıda böyük sənaye obyektinin açılışında olduqlarını xatırladan İtaliya Prezidenti hesab edir ki, məhz bu obyekt iki ölkə arasında böyük rəmzi məna yaradıb: "Bu, artıq bizim enerji, sənaye əməkdaşlığımızdan sabaha açılan yeni bir yol oldu və İtaliya ilə Azərbaycan artıq mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığa başladılar. Bu, əslində, strateji tərəfdaşlığımızın və 10 il əvvəl imzalanmış sazişdə qeyd olunanların tam, səmərəli şəkildə həyata keçirilməsi deməkdir. Bu, bizim ölkələrimizin münasibətlərini inkişaf etdirir. Bu, nəinki sənaye və enerji sahələrində, həmçinin mədəniyyət sahəsində də əməkdaşlıqdan xəbər verir".

Sercio Mattarella oktyabrın 1-də açılışını etdikləri universitetdə təhsil alacaq çoxsaylı tələbələrin ölkələrimiz arasındakı dostluğu daha da gücləndirəcəklərini söylədi. 

Bir sözlə, iki ölkə arasında atılan addımlar qarşılıqlı anlaşmaya, dostluğa, əməkdaşlığa xidmət edən addım olacaq və əlaqələri daha da dərinləşdirəcək. Bu da yeni əməkdaşlıq imkanlarının formalaşmasına və münasibətlərin yeni mərhələyə keçməsinə impuls verəcək.

Rəşad  BAXŞƏLİYEV,

"Azərbaycan"

Seçilən
46
azerbaijan-news.az

1Mənbələr