UEFA Çempionlar Liqasının II turunda “Qarabağ” öz meydanında Danimarkanın “Kopenhagen” klubunu 2:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, görüşdən sonra rəqibin baş məşqçisi Yakob Neestrup mətbuat konfransında fikirlərini bölüşüb.
O, əvvəlcə oyunun çətin keçəcəyini öncədən bildiklərini deyib:
“Biz “Qarabağ”ın güclü komanda olduğunu əvvəldən bilirdik. Oyunun gedişatı da bunu göstərdi. İlk hissəyə zəif başladıq və hesabda geri düşdük. İkinci yarıda dəyişikliklər etdik, daha aktiv göründük, 2-3 real qol imkanımız oldu, amma istifadə edə bilmədik. Bütünlükdə 95 dəqiqə ərzində bərabərlik şansımız vardı, amma “Qarabağ” layiqli qələbə qazandı”.
Neestrup rəqibin gücünü xüsusi vurğulayıb:
“Qarabağ bizim tariximizdə qarşılaşdığımız ən güclü komandalar arasında yer alır. 2017-ci ildə də üz-üzə gəlmişdik, bu dəfə də meydanda üstün oyun nümayiş etdirdilər. Onların Avropa təcrübəsi, yüksək texnikalı futbolçuları və uzun illərdir komandanın sükanı arxasında olan Qurban Qurbanov kimi mükəmməl baş məşqçisi var. Buna hörmətlə yanaşıram. Qarabağ hazırda əla vəziyyətdədir və növbəti oyunlarında da uğur arzulayıram”.
Danimarkalı çalışdırıcı azarkeşlərin dəstəyinə də toxunub:
“Bu gün stadiondakı atmosfer mükəmməl idi. Azarkeşlərin sevgisini və “Qarabağ”la fəxr etdiklərini hiss etmək mümkün idi. Ancaq məğlubiyyətimiz sırf atmosferlə bağlı deyil, biz belə ab-havaya öyrəşmişik”.
Son olaraq Neestrup “Qarabağ”ın pley-off şanslarını da dəyərləndirib:
“Liqa mərhələsində hələ çox oyun var. Futbolda hər zaman sürprizlər mümkündür. “Qarabağ”ın bu nəticələri davam etdirərək mərhələ adlaması tamamilə realdır. Bizim üçün də hər şey bitməyib. Qarşıdakı oyunlarda sürprizlərə hazır olmalıyıq”.