AZ

Əcnəbilərin Gürcüstana gəlmə və ölkədə qalma qaydaları sərtləşib

Əcnəbilərin Gürcüstana gəlmə, ölkədə qalma qaydalarını pozması ilə bağlı qanun sərtləşdirilib.

Operativ Media xəbər verir ki, yeni qaydalara əsasən, ölkədən çıxarılma proseduru sadələşdirilir və cərimələrin məbləği də artırılır.

Bu gündən qüvvəyə minən qanuna əsasən ölkədə qalma müddətini pozan əcnəbilərə 1000 laridən 3000 lariyədək cərimə tətbiq ediləcək və müəyyən müddət ərzində Gürcüstana girişlərinə qadağa qoyulacaq.

Ölkənin “İnzibati Xətalar Məcəlləsi”nə edilən dəyişikliklərə görə, əcnəbilərin ölkədə qanuni qalma müddəti bitdikdən sonra 3 aya qədər ölkədə qalan əcnəbi 1000 lari cərimələnəcək və 6 ay müddətinə ölkəyə girişinə qadağa qoyulacaq.

Müddəti 1 ilə qədər aşan şəxslərə 2000 lari cərimə tətbiq olunacaq və 2 il müddətinə ölkəyə girişi qadağan ediləcək.

1 ildən çox qanunsuz olaraq Gürcüstanda qalan şəxslərə isə 3000 lari cərimə və 3 il müddətinə giriş qadağası tətbiq ediləcək.

Gürcüstan ərazisində tranzit qaydalarını pozan əcnəbilərə 500 lari cərimə tətbiq ediləcək. Həmçinin, əcnəbini qanunsuz əsaslarla dəvət edən və ya xidmət göstərən fiziki və hüquqi şəxslərə xəbərdarlıq və ya 2000 lari cərimə kəsiləcək (əvvəllər bu məbləğ 1000 lari idi).

Gürcüstan “Cinayət Məcəlləsi”nə görə isə oktyabrın 1-dən etibarən Gürcüstan ərazisində cinayət törədən əcnəbilərin ölkədən çıxarılması da sadələşdirilib.

Qanunla az ağır cinayətlər üçün 2 ildən 10 ilədək müddətə ölkəyə giriş qadağan edilə bilər.

Ağır və xüsusilə ağır cinayətlər üçün bu qadağa 5 ildən 20 ilədək və ya müddətsiz ola bilər.

Məhkəmə qərarı ilə əcnəbinin ölkədə qalmasının məqsədəuyğun olmadığı müəyyən edilərsə, deportasiya və giriş qadağası tətbiq ediləcək.

Ekstradisiya prosesi davam edən hallarda deportasiya həyata keçirilməyəcək. Yalnız həmin şəxsin ekstradisiyanı tələb edən dövlətə göndərilməsi istisna təşkil edir.

Xatırladaq ki, bu ilin iyulunda Gürcüstan Parlamenti Daxili İşlər Nazirliyinin hazırladığı “Beynəlxalq müdafiə haqqında” qanunu qəbul edib.

Qanun layihəsi ilə yanaşı, miqrasiya, sığınacaq prosedurları və beynəlxalq müdafiə ilə bağlı ümumilikdə 18 qanuna dəyişiklik edilib.

Məqsəd qeyri-leqal miqrasiyanın və sığınacaq prosedurlarından sui-istifadənin qarşısını almaqdır.

Seçilən
15
5
operativmedia.az

7Mənbələr