ain.az bildirir, Metbuat saytına əsaslanaraq.
Bu gündən etibarən ictimai nəqliyyatda minimum gediş haqqı 60 qəpik oldu. Ölkədə minimum əməkhaqqının 400 manat olduğunu nəzərə alsaq, bu artım gündəlik olaraq bir neçə nəqliyyat vasitəsindən istifadə edən vətəndaşlar üçün aylıq büdcədə nəzərəçarpacaq qədər əlavə xərc deməkdir.
İqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, hər ilin sonunda yaşayış minimumu təsdiqlənir. Yaşayış minimumunda ictimai nəqliyyatdan istifadə xərcləri də nəzərə alınır:
“Yaşayış minimumu artdıqca ona bağlı olan ünvanlı sosial yardımlar da artır. Pensiyaların artırılması isə xüsusi üsulla həyata keçirilir. Hökumət bunu muzdlu işdə çalışan işçilərin əməkhaqlarının artım tempinə uyğun aparır. Məsələn, bu il 7 aylıq statistikada artım təxminən 9,5 faiz olub. Yəni burada nə ictimai nəqliyyatın qiymətinin artımı, nə də ümumi inflyasiya birbaşa rol oynamır. Sadəcə dövlət və özəl sektorda maaşlar nə qədər artıbsa, pensiyalar da həmin göstəriciyə əsasən artırılır. Buna görə də ictimai nəqliyyatın bahalaşması pensiyaların artımına təsir etməyəcək”.

X.Kərimli pensiya kapitalının indeksasiyasından da bəhs edib. Onun sözlərinə görə, ictimai nəqliyyatın qiymətinin artırılması inflyasiyanı artırır:
“İnflyasiya artdıqca pensiya kapitalına toplanan vəsait də həmin göstəriciyə uyğun indeksasiya olunur. İctimai nəqliyyatın qiymətinin qalxması inflyasiyanı artırır və nəticədə bu, pensiya kapitalına təsir göstərə bilər. Minimum əmək haqqı və minimum pensiyayanın artırılması inflyasiya göstəricilərinə görə qiymətləndirilə bilər. Hazırda inflyasiya 5 faiz civarındadır. Nəqliyyat qiymətlərinin artması onu 5,3–5,5 faizə qədər yüksəldə bilər. Amma təkcə buna görə minimum əmək haqqı və ya pensiyanın artırılması gözlənilmir. Büdcə xərclərinin də artırılmadığını nəzərə alsaq, hökümətin bu istiqamətdə hələ bir planı yoxdur”.
İqtisadçı qeyd edib ki, yaşayış minimumunun hesablanmasında orta normativ götürülür:
“Məsələn, kiminsə gündə beş dəfə nəqliyyatdan istifadə etməsi ayrıca nəzərə alınmır. Orta istifadə əsasında hesab aparılır. Ona görə də çox ictimai nəqliyyatdan istifadə edənlər nisbətən ziyanlı çıxmış olur. Yekunda demək olar ki, hökumət hələlik nə pensiyaların, nə də maaşların artımını ictimai nəqliyyatın qiymət dəyişikliyi ilə əlaqələndirmir. Büdcə planında da belə bir məsələ nəzərdə tutulmayıb”.
Sevinc İbrahimzadə / Metbuat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.