AZ

Ana, oğlun elə hərəkət etməz...

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İlkinin ilki Nazlımı qucağında oxşayaraq "Böyüyərəm hərbçi olaram, atamı əvəz edərəm. Vətənə xidmət edərəm" - söyləyirdi Xanməmməd babası. Şəhid olan yeganə oğlunun qız övladı Nazlıma Vətən əsgəri kimi baxırdı böyük ürəkli ata. "Avqustda qızının ad günündə gəlmişdi. Demə, son gəlişi imiş. Tez-tez danışırdıq telefonla. Sentyabrın 26-da danışdıq, "Uşaqlardan muğayat ol" dedi. Demə, bu da son zəngiymiş..." Arada ata göz yaşını gizləyə bilmir: "Məktəb illərindən hərbçi olmağı arzulayırdı. Hamıya "Hərbçi olacağam, torpaqlarımızı azad edəcəyəm - deyərdi. Mən də "Allah xeyir versin" - deyirdim. Nə deyim? Arzusuydu. Həqiqi hərbi xidmətdən sonra yenidən getdi xidmətə. Gizir kursunu oxudu, hərbidə qaldı. Ondan soruşardım ki, axı sənin işin nədir, neynirsən? Elə cavab verərdi ki, bayrağa and içmişəm, işlərim haqda heç nə deyə bilmərəm. Bizə heç nə deməzdi. Müharibə başlayandan hücumda olub. Kənddə başqa yerdəydim, dedilər "evə get, İlkin gəlib"... O yol qurtarmadı mənim üçün, ölüm haqda düşünmək istəmirdim, amma havam çatmırdı. Bir də şəhid kimi döndü doğulduğu kəndə".

İlkin Xanməmməd oğlu Kazımov 1995-ci il avqustun 4-də Astaranın Artupa kəndində doğulub. Yaqub Ağayev adına Artupa kənd məktəbində təhsil alıb. Hələ şagird ikən hərbçi olmağa qərar verib. 18 yaşından Vətənə xidmət edib. 7 il ləyaqətli vətən keşikçisi - Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının giziri olub.

Anası Həlimə xanım deyir ki: "Hərbçiydi, narahat olurdum. Həmişə məni sakitləşdirərdi, deyirdi ki, ana, sən narahat olma, bu, torpaqdır, vətəndir, müharibə olsa, birinci gedəcəyəm. Mən getməyim, o getməsin, bəs necə olsun? Torpaqlarımız ermənidə qalsın? Mən burada rahat yaşaya bilmirəm onsuz da. Şəhid də ola bilərəm. Şəhid olsam, ağlama". Məni bu fikirə alışdırırdı balam... Müharibədən əvvəl 8 günlüyünə məzuniyyətə gəlmişdi. 3 gün qalandan sonra gedirəm dedi. Nə olduğunu soruşdum. Bir problemmi var? "Ana, oğlun elə bir hərəkət etməz ki, sən narahat olasan. Sən həmişə başı dik gəzəcəksən oğluna görə" - dedi. Həmişə deyərdi ki, mən hərbiyə torpaqları azad etməyə getmişəm. Məzuniyyətini axıra kimi qalmadı. Vətəni hamıdan çox sevirdi".

Son günəcən müharibə olacağını deməyib. Sentyabrın 27-də səhərə yaxın həyat yoldaşı Aysel xanımla danışıb: "Özündən, qızımdan muğayat ol. Əgər oğlum olsa, adını İlkin, qızım olsa, İlkinar qoyarsan" - dedi. Heç nə deyə bilmədim. Dilim söz tutmadı... Üstümə bir ağırlıq çökdü. Hiss etdim ki, vəsiyyət edir. Son arzusunu, vəsiyyətini yerinə yetirdim. İlkinin heç vaxt görməyəcəyi qızımızın adını İlkinar qoydum".

Vətən müharibəsinin ilk şəhidlərindəndir İlkin Kazımov.  Suqovuşan uğrunda Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırıqlarını yerinə yetirən zaman şəhid olub. "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

İlkinin ilki - hələ dil açmayan Nazlımın atasının şəklini görərkən işıq saçan gözlərini, şəkli balaca dodaqlarına aparmasını unuda bilmirəm. Üzündəki sevinci unuda bilmirəm...

Ürəyimdən bir arzu keçir: Kaş şəhid balalarının gözləri həmişə belə işıq saçsın. Üzlərindəki sevinc azalmasın. Kaş ki bu işığı, bu sevinci qoruya bilək.

Kamalə ABİYEVA

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
525.az

1Mənbələr