AZ

Rusiya XİN Qərbin "Qazaxıstan planından" narahatdır...


Əli Zülfüqaroğlu: “Rusiyanın Qazaxıstana hər hansı bir formada hərbi müdaxiləsi nəzəri cəhətdən mümkün olsa da, hazırkı geosiyasi şərtlər bunun əksini deyir”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Qazaxıstanla bağlı açıqlaması diqqət çəkib. Zaxarova Qərb ölkələrinin Moskva ilə Qazaxıstan arasındakı əlaqələri zəiflətmək və hətta tamamilə kəsmək istiqamətində fəal şəkildə çalışdıqlarını bildirib. Bu kontekstdə, Qazaxıstanda Ukrayna ssenarisinin təkrarlanması ehtimalı müzakirə mövzusuna çevrilib.

Maraqlıdır, Rusiyanın Qazaxıstanla bağlı planı nədir? Bu ölkə Ukraynanın taleyini yaşaya bilərmi?

“Rusiya bu addımı atarsa, ilk növbədə bu həmin ölkə üçün ciddi problemlərə səbəb olar, çünki Ukrayna müharibəsinin yaratdığı fəsadlar…

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son zamanlar Qazaxıstan milli məsələlərə önəm verməklə yanaşı, müstəqil siyasət yürüdür: “Eyni zamanda, Qərblə ikitərəfli münasibətləri inkişaf etdirməkdə də maraqlı görünür. Təbii ki, bu da Rusiya ilə bağlı münasibətlərə təsir baxımından müzakirə mövzusuna çevrilir. Ancaq Qazaxıstanla Rusiya arasında strateji fikir ayrılığı, ziddiyyətlər mövcud deyil. Qazaxıstan müstəqil dövlətdir və hazırkı geosiyasi şərtlərə uyğun olaraq, xarici siyasətini özü istədiyi kimi müəyyənləşdirə bilər. Hazırda Qazaxıstanın atdığı addımlara nəzər salsaq bunu müşahidə edə bilərik”.

Həmsöhbətimiz hesab edir ki, Rusiyanın Qazaxıstana hər hansı bir formada hərbi müdaxiləsi nəzəri cəhətdən mümkün olsa da, hazırki geosiyasi şərtlər bunun əksini deyir: “Rusiya bu addımı atarsa, ilk növbədə bu həmin ölkə üçün ciddi problemlərə səbəb olar. Çünki Ukrayna müharibəsinin yaratdığı fəsadlar daha ciddi problemə çevrilə bilər. Rusiyada əvvəlki dövrlərdən fərqli olaraq hazırda iqtisadi problemlər var və Moskva hazırkı məqamda maraqlarına zidd hesab etdiyi məsələni heç bir halda hərbi yolla həll etməyə çalışmaz. Qazaxıstanla hərbi toqquşma Rusiyanı çətin vəziyyətə sala bilər. Bu ölkədə, Çin və Türkiyə başda olmaqla, bir sıra güclü ölkələrin böyük yatırımları var. Ona görə də hesab edirəm ki, Rusiyanın Qazaxıstanla bağlı Ukrayna senarisini başlatması mümkün deyil”.

Günel CƏLİLOVA

Seçilən
41
baki-xeber.com

1Mənbələr