İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) bölgələrdə innovasiya ekosisteminin inkişafı üzrə fəaliyyətini davam etdirir. Belə ki, 1 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin inzibati binasında Naxçıvan İnnovasiya Mərkəzinin açılışı baş tutub.
APA-nın yerli bürosu xəbər verir ki, mərasimdə Naxçıvan Dövlət Universitetinin rəhbərliyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və digər rəsmi qurumların nümayəndələri, o cümlədən Naxçıvandan olan startap qurucuları iştirak ediblər.
Tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan İRİA-nın sədri Fərid Osmanov Naxçıvan İnnovasiya Mərkəzinin yaradılmasını regional innovasiyaların genişlənməsində mühüm mərhələ olduğunu vurğulayıb: “Bakı və Sumqayıtdan sonra artıq Naxçıvanda da belə bir mərkəzin təsis edilməsi innovasiya infrastrukturunun əlçatanlığının təmin edilməsi baxımıdan bu bölgə üçün əhəmiyyətli hadisədir. Bu mərkəz sadəcə ofis məkanı deyil, burada startaplar müxtəlif inkişaf proqramlarında iştirak etmək, mentor dəstəyi almaq, investorlarla görüşlər keçirmək və tədbir təşkil etmək imkanından faydalana biləcəklər. Burada innovasiya mədəniyyəti formalaşıb genişlənəcək”.
Tədbirin salamlama hissəsində, həmçinin Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azər Məmmədrəhimov çıxış ediblər. Onlar İRİA-nın bölgələrdə ekosistem quruculuğu sahəsində gördüyü işləri yüksək qiymətləndiriblər və Naxçıvan İnnovasiya Mərkəzinin açılışını ətraf bölgələrdən olan innovativ düşüncəli gənclər üçün yeni perspektivlər yaradacağını diqqətə çatdırıblar.
Daha sonra İRİA-nın Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev Naxçıvan İnnovasiya Mərkəzi haqqında ətraflı məlumat verib. O bildirib ki, Mərkəzdə müasir texnoloji həllərin hazırlanması və sınaqdan keçirilməsini mümkün edən Aparat və Proqram Təminatı Laboratoriyası, ideyaların prototiplərə və praktik layihələrə çevrilməsi istiqamətində Texnologiya və Mühəndislik Laboratoriyası fəaliyyət göstərəcək. Bundan əlavə, innovatorlar, tələbələr və ümumiyyətlə innovasiya ilə maraqlanan hər kəs üçün əməkdaşlıq və ortaq fəaliyyət mühitini yaradan kovörkinq və tədbir məkanları istifadəyə veriləcək.
Tədbirin yekununda Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli Naxçıvan Dövlət Universitetinin innovasiya ekosisteminin quruculuğu fəaliyyətləri haqqında ətraflı təqdimatla çıxış edib.
***
10.32
Naxçıvan Dövlət Universitetində Naxçıvan İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilir.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, mərasimdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Azər Məmmədrəhimov, dövlət qurumlarının nümayəndələri, ziyalılar, universitetin rəhbər və müəllim heyəti iştirak edirlər.
Qeyd edək ki, Naxçıvan İnnovasiya Mərkəzi ölkəmizdə Bakı və Sumqayıtdan sonra açılan 3-cü regional mərkəzdir.













