İran hakimiyyəti ölkənin milli təhlükəsizliyinə qarşı casusluqda ittiham edilən Bəhman Çubiaslın edam olunduğunu açıqlayıb.
Modern.az xəbər verir ki, onu “MOSSAD”ın “başlıca agenti” adlandıran rəsmi qurumlar Ali Məhkəmənin ölüm hökmünü qüvvədə saxladığını bildiriblər.
Məlumatlara görə, Bəhman telekommunikasiya sahəsində fəaliyyət göstərən və dövlətin gizli layihələrinə çıxış imkanına malik şirkətdə yüksək vəzifə tutub. Məhz bu peşəkar təcrübəsi İsrail kəşfiyyatının diqqətini cəlb edib. İddialara əsasən, Çubiasl ilk dəfə Fars körfəzi ölkələrindən birində keçirilən ixtisasartırma kursunda “MOSSAD” nümayəndələri ilə təmas qurub.
Məhkəmə sənədlərində yazılıb ki, ona xidməti noutbukla səfərlər tapşırılıb. İlk dayanacaq Ermənistan, sonra isə Hindistan olub. Bütün xərcləri “MOSSAD” agentləri qarşılayıb, ona maddi mükafatlar və yeni texniki kurslarda iştirak imkanları yaradılıb. Daha sonra İrlandiyada 45 günlük intensiv hazırlıqdan keçib.
Ümumilikdə, Çubiaslın 9 ölkədə - Ermənistan, BƏƏ, Hindistan, Tailand, Vyetnam, İrlandiya və Bolqarıstanda 63 dəfə “MOSSAD” nümayəndələri ilə görüşdüyü iddia olunur. Bu müddətdə ona casus avadanlıqları verilib və gizli tapşırıqlar ötürülüb.
İran məhkəməsi bildirir ki, əməliyyatların məqsədi dövlət məlumat mərkəzlərinə sızmaq və kritik sistemlərdən gizli məlumat toplamaq olub. Paralel olaraq, ölkənin strateji idxal marşrutlarını izləmək və İran şirkətlərinə İsraillə əlaqəli təchizatçılardan avadanlıq almağı tövsiyə etməklə sabotaj həyata keçirmək planlaşdırılıb.
Edam xəbəri BMT-nin və Avropa İttifaqının Tehrana qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra açıqlanıb. İran hakimiyyəti son aylarda İsrailə işlədiyi iddia olunan yüzlərlə şəxsin saxlandığını bəyan edir. Lakin hüquq müdafiəçiləri bəzi hallarda bu ittihamların siyasi opponentlərə qarşı istifadə edildiyini vurğulayır.