Orta yaş dövründə tez-tez ultraemal olunmuş qidalar istehlak edən qadınlar yaşlananda yaddaş və düşünmə problemləri ilə daha çox qarşılaşırlar.
Publika.az xəbər verir ki, bu nəticəyə Nyu-York Universitetinin alimləri gəliblər. Tədqiqatın nəticələri Preventive Medicine (PM) jurnalında dərc olunub.
Bildirilib ki, ultraemal olunmuş qidalar - şirniyyatlar, fastfud, qazlı içkilər və hazır yeməklər - əlavə yağlar, şəkər, duz və dadlandırıcılarla zəngindir.
"Women's Health Study" adlı uzunmüddətli araşdırmaya qatılan 5 mindən çox qadının məlumatları göstərib ki, 35–65 yaş aralığında bu cür qidaları daha çox istehlak edən qadınlar 25–35 il sonra yaddaş və diqqət problemləri ilə bağlı şikayətləri 20–24% daha çox bildiriblər.
Koqnitiv şikayətlər dedikdə yaddaşın və ya diqqət toplama qabiliyyətinin zəifləməsi ilə bağlı subyektiv hisslər nəzərdə tutulur. Əvvəlki araşdırmalar göstərir ki, bu cür şikayətlər demensiyanın inkişafından bir neçə il əvvəl meydana çıxa bilər.
Ən güclü əlaqə emal olunmuş süd məhsulları və ət məhsulları ilə müşahidə olunub. Şirniyyatlar və souslarla isə statistik cəhətdən əhəmiyyətli bir əlaqə tapılmayıb.