AZ

“Məsuliyyət olan yerdə uğur da olur”

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Bakıda Danimarkanın "Kopenhagen" klubuna qarşı oynayacaq "Qarabağ" bu görüşə tam hazırdır.

90deqiqe.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi təşkil edilən mətbuat konfransında danışıb.

Təcrübəli mütəxəssis matçın əhəmiyyətini vurğulayaraq bildirib: “Çox yaxşı və ciddi rəqibə qarşı oynayacağıq. İnanıram ki, futbolçularımız yaxşı oyunla azarkeşləri sevindirə biləcəklər. Belə böyük turnirin oyununun yenidən Bakıda keçirilməsi sevindirici haldır. Biz həm sevincli, həm həyəcanlı, həm də məsuliyyətliyik.”

Qurbanov qeyd edib ki, Azərbaycan futboluna beynəlxalq diqqətin artması önəmlidir: “Futbolda ciddi nəticələrimiz olmasa da, böyük rəqiblərə qarşı qələbələr xalqımızı sevindirir və futbola marağı artırır. Meydanda elə çıxış etməliyik ki, ölkəmizə və futbolumuza dəyər versinlər. Məsuliyyət olan yerdə uğur da olur.”

Baş məşqçi futbolçuların həyəcanlı, amma qorxusuz olduqlarını, mərkəzi arenada daha rahat çıxış etdiklərini bildirib. O, əsas heyəti formalaşdırdığını, lakin bəzi rotasiyaların ola biləcəyini də əlavə edib: “Rəqibin oyun üslubu əvvəlki illərlə müqayisədə təxminən eynidir, sadəcə, daha da inkişaf ediblər. Bu il daha sürətli və texnikalı futbolçulara sahibdirlər.”

Stadionun vəziyyətinə də toxunan Qurbanov, Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün normal səviyyədə olduğunu vurğulayıb: “Bəzən iqlimlə bağlı müəyyən problemlər olsa da, hər il yaxşıya doğru dəyişir.”

Sonda mütəxəssis qalibiyyətin əsas hədəf olduğunu bildirib: “Futbolda qələbənin düsturu olur. Biz də qalib gəlmək üçün çalışırıq. Amma ciddi rəqiblə qarşılaşacağıq və onların oyununa hazır olmalıyıq.”

Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Kopenhagen" qarşılaşması saat 20:45-də start götürəcək.

Seçilən
80
90deqiqe.az

1Mənbələr