AZ

Qəzza zolağında aclıqdan ölən fələstinlilərin sayı 453-ə çatıb

BAKI, TurkicWorld, Nailə Babazadə

İsrailin hücumları və tətbiq etdiyi blokada səbəbilə aclıq yaşanan Qəzza zolağında indiyədək 453 fələstinlinin aclıqdan həyatını itirdiyi bildirilib.

TurkicWorld xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi tərəfindən yayılan yazılı açıqlamada, İsrail ordusunun bölgəyə tətbiq etdiyi aclıq siyasətinin səbəb olduğu insan tələfatı ilə bağlı son məlumatlar paylaşılıb.

Bəyanata əsasən, 7 oktyabr 2023-cü ildən bu günədək aclıq səbəbilə həyatını itirənlərin sayı 150-si uşaq olmaqla 453 nəfərə yüksəlib.

Açıqlamada həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi İnteqral Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) tərəfindən 22 avqust tarixində Qəzza şəhərində rəsmi olaraq aclıq elan edildiyi və həmin tarixdən bəri 35-i uşaq olmaqla 175 nəfərin aclıq və qidalanma çatışmazlığı səbəbilə vəfat etdiyi qeyd olunub.

İsrailin hücumları və insani yardım girişlərini məhdudlaşdıran blokadası altında olan Qəzza zolağında su, dərman, tibbi ləvazimat və gigiyena vasitələrinin çatışmazlığı səbəbilə humanitar fəlakət davam edir.

Aclıqdan ölüm hallarının əsasən uşaqlar arasında artdığı bildirilib. Yerli və beynəlxalq müşahidəçilər, İsrailin aclıq və susuzluğu silah kimi istifadə etdiyini vurğulayırlar.

Sivil infrastrukturu hədəf alan və Qəzzanın 88 faizini dağıtdığı bildirilən İsrail ordusu, sürgün əmrləri ilə yerindən etdiyi fələstinliləri tez-tez müvəqqəti məskunlaşdıqları ərazilərdə hədəf alır.

Əhalisi təxminən 2,3 milyon olan Qəzzada, İsrailin hücumları və zorakı köçürmələri nəticəsində təxminən 2 milyon nəfərin evlərindən didərgin düşdüyü, bir çoxunun isə dəfələrlə yerini dəyişməyə məcbur qaldığı vurğulanır.

Əsas ehtiyaclardan məhrum şəkildə didərgin düşən fələstinlilər, sadə çadırlarda və ya həddindən artıq sıxlıq olan, gigiyena vasitələrinin olmadığı, sanitar qovşaqların çatışmadığı və yoluxucu xəstəliklərin yayıldığı məktəblərdə sağ qalmağa çalışırlar.

İsrail ordusu isə gündəlik həyata keçirdiyi hücumlarla, didərginlərin yaşadığı çadırları və digər sivil obyektləri bombalamağa davam edir.

Seçilən
36
turkic.world

1Mənbələr