Azərbaycan 2030-cu ilədək şəbəkənin maksimum inkişaf imkanlarına uyğun olaraq 2,7 QVt gücündə külək-günəş elektrik stansiyalarının inşasını planlaşdırır.
Energetika Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, bunu nazir Pərviz Şahbazov Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu addım ölkədə bərpa olunan enerjinin quraşdırılmış gücünü üç dəfə artıraraq 4 QVt-a çatdırmaqla, 3,2 milyon ton istixana qazı emissiyasının qarşısını alacaq.
“Növbəti iki il ərzində şəbəkəyə 10 yeni stansiya və 2 QVt-lıq bərpa olunan enerji gücünün idarə olunması üçün 250 MVt gücündə və 500 MVt/saat saxlama həcminə malik batareya sistemləri inteqrasiya ediləcək. Bu stansiyalardan biri, 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası isə noyabr ayında istifadəyə veriləcək”, - nazir qeyd edib.
Həmçinin 2030-cu ilədək Qarabağ və Şərqi Zəngəzurda hidro, günəş, külək stansiyaları və damüstü panellər hesabına istehsal gücünün 1,6 QVt-a çatacağı, nəticədə 2 milyon tondan çox emissiyanın azaldılacağı bildirilib.
Çıxışda Azərbaycanın regional müstəvidə enerji keçidi və iqlim hədəflərinə töhfə verən, Cənubi Qafqazı, Mərkəzi Asiyanı, Türkiyə və Avropanı birləşdirən yaşıl enerji dəhlizləri layihələrindən də bəhs edilib. “2032-ci ilədək quruda və dənizdə yaradılacaq 6 QVt-dan çox gücün 4 QVt-nın “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi ilə mərhələli şəkildə ixracına başlanması planlaşdırılır ki, bu da təxminən 4,5 milyon ton emissiyanın azaldılmasına bərabərdir”,- nazir əlavə edib.