BAKI,TurkicWorld, Fərid Mikayılov
İranın xarici işlər naziri Abbas Əraqçi Nyu-York səfərindən sonra verdiyi açıqlamada bildirib ki, ABŞ-la həm birbaşa, həm də dolayı mesaj mübadiləsi aparılsa da, proses danışıqların faydasız olduğunu ortaya qoyub.
TurkicWorld xəbər verir ki, nazir qeyd edib ki, nəticə İranın Ali Rəhbəri Əli Xameneinin mövqeyini bir daha təsdiqləyib.
Əraqçi Nyu-Yorkda keçirdiyi intensiv həftəni dəyərləndirərək bildirib ki, səfər zamanı 31-dən çox ikitərəfli görüş keçirib, yüksək səviyyəli çoxtərəfli toplantılarda iştirak edib və İranın mövqelərini müdafiə edib.
Onun sözlərinə görə, əsas müzakirə mövzularından biri Qərbin “snapback” mexanizmini işə salmaq cəhdi olub.
Nazir həmçinin Çin ev sahibliyində keçirilən qlobal inkişaf sammitinə, İslam Əməkdaşlıq Təşkilatında Həzrət Məhəmmədin (s.ə.s.) doğumunun 1500 illiyi münasibətilə təşkil olunan iclasa və Rusiya, Çin və Pakistanla birgə Əfqanıstan məsələsinə dair dördtərəfli görüşə qatıldığını bildirib.
Əraqçi BMT Baş katibi Antonio Quterreş, Avropa üçlüyü və MAQATE rəhbərliyi ilə görüşlərdə İranın mövqeyini izah etdiyini vurğulayıb.
“Biz tamamilə rasional təkliflər irəli sürdük, Avropalılar da bunların məntiqli olduğunu etiraf etdilər. Lakin ABŞ-ın həddindən artıq tələbləri səbəbindən anlaşma mümkün olmadı”- deyə o bildirib.
Nazir əlavə edib ki, “snapback mexanizmi” ilə bağlı təşəbbüs hüquqi əsasdan məhrumdur və Rusiya ilə Çin də bu mövqeyi dəstəkləyir. Əraqçi bildirib ki, məsələ Ali Milli Təhlükəsizlik Şurasının gündəmindədir və ölkənin maraqlarına uyğun qərarlar veriləcək.
“Amerikalılar elə güman edirdilər ki, ‘snapback mexanizmi’ adlı təhdidləri bizi güzəştə vadar edəcək. Bu, əsla doğru deyil. İran son ana qədər öz maraqlarını qorumaq üçün bütün lazımi addımları atıb”- deyə o ölkəsinin mövqeyini bir daha təsdiqləyib.