AZ

Milanın “San-Siro” stadionu söküləcək

“İnter” və “Milan”ın ev oyunlarını keçirdiyi məşhur “San-Siro” stadionu söküləcək.

İdman.biz xəbər verir ki, bu barədə jurnalist Tankredi Palmeri X sosial şəbəkəsində yazıb.

Milan Şəhər Şurası stadionu hər iki kluba satmaq barədə qərar qəbul edib. Palmerinin bildirdiyinə görə, “İnter” və “Milan” mövcud arenanı sökərək, yerində yeni stadion tikməyi planlaşdırır. İtaliyanın “Il Messaggero” nəşrinin məlumatına görə, 2032-ci il Avropa çempionatına qədər daha funksional və müasir arena istifadəyə veriləcək.

Qeyd edək ki, “San-Siro” 1926-cı ildə inşa olunub və 1956-cı, həmçinin 1989-cu illərdə əsaslı yenidənqurma işlərindən keçib. Arenanın tutumu 80 mindən çox tamaşaçıya hesablanıb. Burada 1934 və 1990-cu illərdə dünya çempionatı, 1980-ci ildə Avropa çempionatı oyunları, həmçinin iki dəfə Avropa Çempionları Kubokunun və iki dəfə Çempionlar Liqasının finalı baş tutub.

Xatırladaq ki, 2026-cı il fevralın 6-da Qış Olimpiya Oyunlarının açılış mərasimi də məhz “San-Siro”da keçiriləcək.

İdman.biz

Seçilən
20
1
idman.biz

2Mənbələr