AZ

Astanada Çanaqqala döyüşünün 110-cu ildönümünə həsr olunmuş kitab təqdimatı keçirilib

Astanadakı Qumilyov adına Avrasiya Milli Universitetində Türk Akademiyası tərəfindən “Tarixi Dəyişən Döyüş – Çanaqqala 1915” əsərinin qazax, qırğız və özbək dillərinə tərcüməsi təqdim olunub.

Tədbirdə universitetin prorektoru Ardak Beysenbay , Türk Akademiyasının vitse-prezidenti Asxat Kesikbayev; Türkiyənin Qazaxıstandakı səfirliyinin üçüncü katibi Fethi Şahin, Azərbaycan və Özbəkistanın Qazaxıstandakı səfirliklərinin diplomatları, elmi ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbirin açılışında Türk Akademiyasının vitse-prezidenti A.Kesikbayev Çanaqqala döyüşünün türk dünyası üçün tarixi əhəmiyyətini vurğulayaraq Akademiyanın prezidenti Şahin Mustafayevin  müraciətini iştirakçılara çatdırıb.

A.Kesikbayev deyib: "Çanaqqala təkcə hərbi zəfər deyil, həm də türk xalqlarının müstəqilliyə can atmasının simvolu, tarixi özünüdərkinin dirçəldilməsi nöqtəsidir. Çanaqqala döyüşü  xalqın tarixin çətin anında birlik və möhkəmlik nümayiş etdirdiyi bir dönüş nöqtəsi idi. Əgər müstəqil Türk Cümhuriyyəti olmasaydı, güclü Türk dünyası və ya Türk dünyasından danışa bilməzdik. Bu gün bu döyüşün xatirəsini gələcək nəsillərə ötürmək bizim ümumi borcumuzdur”.

Akademiyanın vitse-prezidenti daha sonra vurğulayıb ki, yeni tərcümə yalnız kitabın məzmununu çatdırmaq deyil, həm də Çanaqqala qəhrəmanlarının xatirəsini türk xalqlarının gənc nəslinə vəsiyyət etmək istəyidir.

Tədbirdə qeyd olunduğu kimi, kitabda Çanaqqala döyüşünün hərbi-strateji aspektləri, cəbhədə olanların taleyindən danışılır, göstərdikləri qəhrəmanlıq və fədakarlıqlardan geniş şəkildə bəhs olunur. İştirakçılar bu mövzuda məruzələrlə çıxış edib, fikir mübadiləsi aparıblar.

Deyilib ki, nəşr təkcə tarixi şüurun gücləndirilməsinə deyil, həm də türk xalqları arasında birlik və əməkdaşlığın inkişafına töhfə verəcək.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Astana 

 

 

 

 

Seçilən
7
1
xalqqazeti.az

2Mənbələr